ABŞ prezidenti şirkətləri təcili ağciyər aparatları istehsal etməyə çağırdı
28-03-2020, 00:00

Prezident Donald Tramp ABŞ avtomobil nəhəngi olan “General Motors”u kəskin tənqid edib.
Musavat.com xəbər verir ki, Tramp özünün Twitter hesabında konserni təcili olaraq ağciyərlərin süni ventilyasiya aparatlarının istehsalını təşkil etməyə çağırıb: “Həmişə olduğu kimi, bu “General Motors”da heç vaxt heç nə alınmır. Onlar dedilər ki, “çox tezliklə” bizə 40 min ədəd belə aparat verəcəklər. İndi isə deyirlər ki, aparatların sayı 6 min olacaq, özü də hələ aprelin sonunda. Həm də istəyirlər ki, biz buna görə həddən artıq çox pul ödəyək”.
Prezident xatırladıb ki, Koreya müharibəsi(1950-53-cü illər) dövründə qəbul olunmuş hərbi təyinatlı məhsulların istehsalına dair qanunu işə sala bilər. Bu qanun prezidentə imkan verir ki, milli təhlükəsizliyi təmin etmək üçün konkret məhsulların istehsalını genişləndirsin: "”General Motors” təcili şəkildə özünün axmaqlıq üzündən bağlanan Ohayodakı Lordstaun fabrikini, yaxud hər hansı digər fabrikini açmalı və ağciyər aparatlarının istehsalına başlamalıdır”!
D.Tramp həmçinin “Ford” şirkətinə də müraciət edərək, bu istiqamətdə öz fəaliyyətini sürətləndirməyə çağırıb: “Ford, cəld ağciyərlərin süni ventilyasiya aparatları hazırlayın”!