Yaponiya hökuməti zərərçəkən vətəndaşlara 2750 dollar verəcək
8-04-2020, 00:00
Yaponiya hökuməti koronavirus pandemiyasına görə yaranmış böhrandan əziyyət çəkən ev təsərrüfatları və kiçik biznesə yardım üçün rekord həcmdə vəsait ayırıb.
Musavat.com Bloombergə istinadən xəbər verir ki, paket 108,2 trilyon yen və ya 994 milyard dolları əhatə etməklə Yaponiyanın Ümumi Daxili Məhsulunun 20 faizinə bərabərdir. Yardım proqramı gəlirləri kəskin azalan vətəndaşlara adambaşına 2750 dollar(300 min yen) verilməsini nəzərdə tutur. Bütövlükdə bu istiqamətə 4 trilyon yen ayrılıb.
Yaponiya Nazirlər Kabinetinin təsdiq etdiyi proqrama əsasən 2,3 trilyon yen kiçik biznesə dəstək üçün xərclənəcək. Onlara həm də vergilərin azaldılması ilə dəstək göstəriləcək. Hökumət daha 45 tirlyon yen həcmində vəsaiti yapon şirkətlərinin böhran dövründə dəstəklənməsi üçün korporativ maliyyələşməyə sərf edəcək.
Qeyd edək ki, bu gün baş nazir Sindzo Abe Yaponiyanın Tokio da daxil olmaqla 7 perifekturasında fövqəladə vəziyyət rejimini mayın 6-dək uzadıb.