BƏƏ-nin İsrailin cəbhəsinə keçməsi İslam dünyasında çox ciddi bölünməyə səbəb olacaq - Ekspert

3-09-2020, 11:51           
BƏƏ-nin İsrailin cəbhəsinə keçməsi İslam dünyasında çox ciddi bölünməyə səbəb olacaq - Ekspert
13 avqustda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrail arasında diplomatik əlaqələrin qurulması barədə razılıq əldə olundu. Mövzu ilə əlaqədar türk siyasi ekspert Engin Özer Eurasia Diary-yə müsahibə verib.

BƏƏ ilə İsrail arasında əlaqələr 2010-cu ildən bəri mövcuddur. Bu münasibətləri indi rəsmiləşdirməkdə məqsəd nədir?

- Hazırda Aralıq dənizinin Şərqində çox ciddi bir qütbləşmə var. Bu qütbləşmə İngiltərə və Türkiyə birliyinə qarşı yaranıb. Bu ölkələrə Fransadan başlayaraq Misir, BƏƏ və Suriyaya kimi ölkələr daxildir. Münasibətlərin bügün rəsmiləşdirilməsinə səbəb Yəmənə aid Sokotra adası ilə bağlı İsraillə bağlanmış müqavilədir. İsrail bura öz kəşfiyyat qruplarını, müxtəlif radarlar və dinləmə avadanlıqlarını yerləşdirməyi düşünür. Doğrudur, Sokotra adasında çox böyük bir İsrail birliyi olmayacaq, amma məkan olaraq Sokotra çox strateji bir ərazidə yerləşir. İsrailin bunu etməsi üçün adaya nəzarət edən BƏƏ hökuməti ilə İsrailin diplomatik əlaqə qurması lazım idi. Bəzi hərbi müqavilələr imzalanacaq, BƏƏ, İsrail və Fransa bir sıra təlimlər keçirəcək. Buna görə onlar arasında diplomatik əlaqə qurulması lazımdır. Bu qərarın indi verilməsinin səbəbi budur.

Sazişin BƏƏ və İsrailin hər biri üçün hansı faydaları var?

- BƏƏ hökuməti nə kəşfiyyat, nə də hərbi texnika baxımdan bir çox ölkələrlə rəqabətə girə bilmək qabiliyyətində deyil. İsrail isə istər hava müdafiə sistemləri, istərsə də hava qüvvətləri və kəşfiyyat baxımdan BƏƏ üçün çox faydalı tərəfdaş ola bilər. Bu səbəbdən BƏƏ-nin zəifliklərini İsrail tamamlaya bilər. Bu saziş müsəlman ölkəsinin İsrailin cəbhəsinə keçməsi ilə İslam dünyasında çox ciddi bölünməyə səbəb olacaq. Buna görə İsrail üçün həm təbliğat, həm də daha rahat hərəkət edə bilmək üçün xüsusilə, Şərqi Afrikada çox böyük üstünlüklər qazandıracaq. Konordan Seyşel adalarına, xüsusilə müsəlman əhalisinin çox olduğu Zənzibara kimi adalarda İsraillə bərabər işləyə bilən bir sistemdir. Yəni həyata keçirəcəyi hərbi əməliyyatları BƏƏ ilə birgə edəcək. Əslində bu saziş Səudiyyə-İsrail sazişidir. BƏƏ Səudiyyə Ərəbistanının təmsilçisidir. Çünki, BƏƏ-nin özünün bu işləri görə biləcək nə hərbi, nə də maliyyə imkanları yoxdur.

Bu razılaşma Ərəb-İsrail koalisiyasının yaranmasına səbəb ola bilərmi? Çünki İsrail ilə imzalanan bu saziş başda Bəhreyn və Oman olmaqla digər ərəb dövlətləri tərəfindən də imzalana bilər.

- Bu sazişi hərbi razılaşma kimi başa düşmək olar. BƏƏ İsrailin həm Orta Şərqdəki təsirini artırır, həm də İstlam dünyasında təsirinin artırmasına səbəb olur. Başqa ölkələrdən Bəhreyn də qoşula bilər. Omanın bura qoşulacağını düşünmürəm. Çünki, BƏƏ ilə münasibətləri yaxşı deyil. İsraillə çox soyuq münasibətləri olmasa da, ABŞ ilə çox keçmişdən münasibətlər qurmasına rəğmən, tərəfsiz qalmağı üstün tutan ölkədir. Türkiyə ilə də yaxşı əlaqələr qurmağa çalışır. Onun İsraillə bugün bu cür dərin münasibət quracağını düşünmürəm, amma Bəhreyndən bu addım gözlənilir.

Gülnar Səlimova












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.