Avstriyada erməni tərəfindən qurulmuş sosial fırıldaq şəbəkəsi ifşa olunub

4-10-2020, 06:24           
Avstriyada erməni tərəfindən qurulmuş sosial fırıldaq şəbəkəsi ifşa olunub
Avstriya Daxili İşlər Nazirliyinin Federal Cinayətkarlıqla Mübarizə İdarəsi ölkədə genişmiqyaslı sosial fırıldaqçılıq şəbəkəsini ifşa edib.

AZƏRTAC xəbər verir ki, bir avstriyalının və bir erməninin qurduğu şəbəkə real fəaliyyəti olmayan və yalnız kağız üzərində mövcud 39 şirkətdən ibarət olub. Fırıldaqçılar müxtəlif ölkələrdən olan 120-dən çox şəxsi bu firmaların əməkdaşı kimi qeydiyyata alaraq, onların adına sosial sığorta kartları açıblar. Mütəşəkkil dəstə bu yolla həmin şəxslər üçün Avstriya səhiyyə sistemi daxilində tibbi təminat təşkil ediblər. Avstriyada “çalışan” şəxslər ölkədə tibbi xidmətlərlə yanaşı, müxtəlif cərrahi əməliyyat imkanlarından ödənişsiz yararlanmaq hüququ əldə ediblər.

Avstriyanın Daxili İşlər naziri Karl Nehammer bu məsələ ilə bağlı Avstriya Teleradiosuna (ORF) verdiyi açıqlamada qeyd edib ki, hazırda araşdırma aparılır və əhalidən bu kimi hallarla bağlı məlumatların verilməsi xahiş olunur.

“Xəstəxana turistləri”nin Avstriyaya “səfər”lərini təşkil edən cinayətkar dəstənin başında duran hər iki şəxs artıq hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. İndiyədək aşkarlanan hallar üzrə cinayətkar dəstənin Avstriya sosial təminat sisteminə 2,6 milyon avro zərər vurduğu müəyyən edilib.

Eyni zamanda, müəyyən edilib ki, 2011-ci ildən fəaliyyət göstərən şəbəkənin müalicə üçün Avstriyaya gətirdiyi şəxslərin mütləq əksəriyyəti 65 yaşlı erməninin həmvətənləri olublar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.