Səudiyyə Ərəbistanının ən böyük bankları birləşir

12-10-2020, 10:11           
Səudiyyə Ərəbistanının ən böyük bankları birləşir
Səudiyyə Ərəbistanının “National Commercial Bank” (NCB) və “Samba Financial Group” bankları birləşmə haqqında müqavilə imzalayacaqlar.

Banker.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat verib.

Verilən məlumata görə, NCB hər səhm üçün 28,45 rial (7,58 dollar) ödəyəcək. Müqavilənin ümumi dəyərinin 55,7 milyard rial (təxminən 15 milyard dollar) olduğu bildirilir. Qeyd edildiyi kimi, NCB-nin səhmdarları yeni şirkətdə 67,4%, “Samba” isə 32,6% paya sahib olacaq.

Agentliyin məlumatına görə, bu birləşmə Səudiyyə Ərəbistanının “Vizyon 2030” milli proqramının əsas tərkib hissələrindən biridir. Onun çərçivəsində ölkə dünyada çox milyard dollarlıq sərmayə qoymaq, neftdən asılılığı azaltmaq, iqtisadiyyatı şaxələndirmək, həmçinin səhiyyə, infrastruktur, təhsil, turizm və digər bu kimi sahələri inkişaf etdirmək niyyətindədir.

Bankların birləşməsi 2020-ci ilin ən böyük müqaviləsidir. Yeni maliyyə qrupunun ümumi aktivləri 220 milyard dollar təşkil edəcək. Hesablamalara görə, yeni şirkət hər il təqribən 800 milyon rial (213 milyon dollardan çox) qazandıracaq. Müqavilə 2021-ci ilin birinci yarısında bağlanmalıdır. Təşkilatın idarəedici direktoru Əl Hamdi, rəhbəri isə Əmmər Əl Hudayri olacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.