Gil istehsal edən Ukrayna şirkəti İspaniyada istehsal xəttini işə salır
5-07-2022, 18:34

Rusiya ilə hərbi münaqişənin qızmar vaxtında Ukraynanın “Vesco” mədənçıxarma şirkəti keramika sənayesində ən iri gil istehsalçısı olan İspaniyada öz istehsalat xəttini işə salır.
AZƏRTAC xəbər verir ki, Ukraynanın “Vesco” şirkəti dünyada ikinci ən böyük gil istehsalçısıdır. Şirkət Teruel şəhərinə 7 milyon avro sərmayə qoymağı və 100 iş yeri açmağı planlaşdırır. Mədənçıxarma sahəsində böyük təcrübəsi olan bu şirkət Ukraynadan ən azı iki torpaqqazan kompleks və yardımçı maşınlar almağı planlaşdırır.
Araqona hökumətinin vitse-prezidenti, regional sənaye, rəqabət qabiliyyəti və biznesin inkişafı naziri Arturo Aliaqa obyektlərə səfəri zamanı dünyada aparıcı gil şirkətinin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu şirkət Terueldə 100 yeni iş yeri açacaq, nəticədə bu region dünyamiqyaslı gil ixracatçısına çevriləcək.
Ukraynanın “Vesco” şirkəti ağ rəngli plastik gil bazarlarının dünya üzrə reytinqində ikinci yeri tutur. 17 karxanada ildə 3,5 milyon ton gil istehsal edən, 20-dən çox ölkəyə gil ixrac edən şirkətin illik mənfəəti 200 milyon avrodan çoxdur. “Vesco” həm də dünyada ən iri gil ehtiyatlarının (400 milyon tondan çox) sahibidir. Bu gil unikal mineraloji xassələrinə və yüksək plastikliyinə görə dünyada ən yüksək keyfiyyətli hesab edilir.