Pakistan yenidən qarışdı - İmran Xanın həbsinə order verildi, tərəfdarları küçələrə töküldü – “...İslamabadı ələ keçirəcəyik”

22-08-2022, 11:18           
Pakistan yenidən qarışdı -
Pakistanın keçmiş baş naziri İmran Xanın həbsinə order verilib. Ona qarşı Terrorla Mübarizə Qanununa əsasən, "polisi və hakimi hədələdiyi" səbəbi ilə cinayət işi açılıb.

Xanın İslamabadda keçirilən aksiyadakı çıxışında “Hakim Zeba Çaudri, İslamabadın polis rəisi və onun müavinini hədələdiyi və terror etdiyi” bildirilir. Qeyd edilir ki, Xanın çıxışı “xalq arasında iğtişaş və terror yaymaq” məqsədi daşıyıb.

İmran Xanın həbsinə order verilib. Polisin Xanı tutmaq üçün evinə gedəcəyi xəbərlərinin ardından onun minlərlə tərəfdarı küçələrə çıxıb.

Pakistanın keçmiş nazirlərindən Əli Amin Xan Qandapur isə sosial media hesabında "Əgər İmran Xan idxal hökumət tərəfindən həbs olunarsa, İslamabadı ələ keçirəcəyik. (Polisə) Artıq bu siyasi müharibənin bir hissəsi olmayın. Əks halda sizi polis deyil, Pakistan Demokratik Hərəkatının işçiləri kimi görəcəyik” deyib.

Hanın həbs edilib-edilməyəcəyi hələlik bəlli deyil. Bununla belə, Pakistan Ədalət Hərəkatı (PTI) partiyasının lideri Xan bundan əvvəl onun “saxta işlərlə” həbs edilməsi ilə bağlı planların hazırlandığını irəli sürmüşdü.

“Seçkilərə qanuni və konstitusiya yolu ilə getməyimizə icazə verib-verməyəcəklərini görəcəyik, əks halda bu ölkə vətəndaş müharibəsinə sürüklənəcək”, - deyə Xan iki gün əvvəl İslamabadda keçirilən aksiyada bildirib.

Xan iki gün əvvəl paytaxt İslamabadda partiyasının baş qərargah rəisi Şahbaz Gillin işgəncələrə məruz qalması səbəbilə etiraz aksiyası keçirib. Xan aksiyada İslamabad polis rəisi və müavinini bağışlamayacağını və onlara qarşı iddia qaldıracağını açıqlayıb. Xan Şahbaz Gillin bir müddət polis nəzarətində qalmasına icazə verən qadın hakim Zeba Çaudriyə qarşı tədbir görəcəyini bildirib.

Pakistan Elektron Media Tənzimləmə Təşkilatı (PEMRA) isə keçmiş baş nazir İmran Xanın "dövlət qurumlarını və məmurlarını təhdid etdiyini" əsas gətirərək onun çıxışlarının canlı yayımını qadağan edib.

Qeyd edək ki, Pakistanda aprelin 10-da parlamentin etimad səsverməsində 174 "yox" səsi toplayan İmran Xan hökuməti yıxılıb. Aprelin 11-də parlamentdə keçirilən seçkidə ölkədə üç müddət baş nazir olmuş Nəvaz Şərifin qardaşı Şahbaz Şərif 174 səslə mütləq əksəriyyətin dəstəyi ilə baş nazir seçilib.

Tahir TAĞIYEV












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru