ABŞ İranın məxfi sınaqlarına icazə verdi – RƏSMİ
18-05-2016, 08:33
ABŞ ballistik raketlərin məxfi sınaqlarının keçirilməsində İranı dəstəkləyir.
Publika.az “The Washington Free Beacon” nəşrinə istinadən xəbər verir ki, bu haqda İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) Hava və Kosmik Qüvvələrinin komandanı Əmirəli Hacızadə deyib.
Onun sözlərinə görə, ABŞ prezidenti Barak Obamanın administrasiyası raket sınaqları haqqında informasiyanın elan edilməsini istəmir. İranlı general qeyd edib ki, Vaşinqton raket sınarlarının regionda narahatlıq yaratdığını bildirir.
Hacızadənin versiyasına görə, əgər Tehran bu çağırışlara qulaq asmağa razılaşsa, o halda ABŞ İranın regiondakı davranışlarını diktə edəcək. O, həmçinin narahatlığını ifadə edib ki, Birləşmiş Ştatlar raket texnikasının yaradılması fikrindən İranı daşındırmağa çalışacaq. Hacızadənin fikrincə, ABŞ-a etibar etmək olmaz və İran Vaşinqtonun bu cür nəzarət cəhdlərini kəsməlidir.
Qeyd edək ki, 2016-cı il martında Tehran şəxsi istehsalı olan ballistik raketlərin sınaqlarını keçirib. İran prezidenti Həsən Ruhani bildirib ki, Tehran nüvə döyüş başlıqları ilə təchizat üçün nəzərdə tutulmayan raketləri hazırlamaq və sınaqlarını həyata keçirmək hüququna malikdir.