“Hər an gözlənilən zəlzələ “Metsamor” AES-i tam dağıda bilər”

1-06-2016, 15:59           
“Hər an gözlənilən zəlzələ “Metsamor” AES-i tam dağıda bilər”
“1992-1997-ci illərdə GSHAP (Qlobal Seysmik Təhlükənin Qiymətləndirilməsi Proqramı) layihəsi çərçivəsində Qafqaz respublikaları, Türkiyə, İran, Rusiya, Türkmə­nistan əraziləri daxil olmaqla böyük bir ərazinin seysmik təhlükəliliyi yeni metodik yanaşma əsasında araşdırılıb və qiymətləndirilib. Tərtib olunmuş aktiv tektonik qırılmalar (lineamentlər) xəritəsindən sonra mə­lum olub ki, Ermənistan ərazisində İrəvan şəhərinin və “Metsamor” AES–in yaxınlığından böyük və aktiv tektonik qırılma zonası keçir”.

Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib. Q. Yetirmişli deyib ki, bu qırılma zo­nasının seysmik potensialı Rixter şkalası üzrə M=7,5 və ya 12 ballı MSK-64 şkalası üzrə 10 bal qiymətləndirilir. 1988-ci ildə baş vermiş zəlzələnin ölçüsü Rixter şkalası üzrə M=7,1 və 12 ballı MSK-64 şkalası üzrə 10 bal qiymətləndirilib: “Əslində isə “Metsamor” AES üçün ən böyük və qarşısı alınmaz təhlükə Ermənistan ərazisində baş verməsi ehti­mal olunan güclü zəlzələdir. Ermənistan Alp - Himalay qırışıqlıq sisteminin tərkib hissələrindən biri olub, Avrasiya və Ərəbistan tektonik plitələrinin kollizion təmas zonasında yerləşir və kifayət qədər yüksək seysmik aktivliklə səciyyələnir. Bu ərazidə 139-cu ildən sonra baş vermiş güclü zəlzələlər haqqında məlumatlar ayrı-ayrı kataloqlarda toplanıb. Qeyd olunan zəlzələ məlumatları əsasında Ermənistanda üç seysmik aktiv zona ayrılır:

Leninakan (Gümri), Ararat və Zəngəzur. Leninakan (Gümri) seysmik aktiv zonasında 1046-cı ildə (intensivliyi İ0 =8bal) və 1132-ci ildə (intensivliyi İ0 =7bal) Ani zəlzələləri, 1926-cı ildə (intensivli­yi İ0 =8-9 bal) üç seysmik təkandan ibarət Leninakan (Gümri), 1935-ci ildə (intensivliyi İ0 =8bal) Diqor güclü zəlzələləri baş verib. Ararat seysmik aktiv zonasında 139-cu il (intensivliyi İ0 =8bal) Ararat, 893-cü il (intensivliyi İ0 =8-9 bal) Dvin, 171-ci il (intensivliyi İ0 =7-8 bal) Aruç,1679-cu il (intensivliyi İ0 =8bal) Qarni və 1840-cı il (intensivliyi İ0 =8-9 bal) Ararat güclü zəlzələləri böyük dağıntılara və fəlakətlərə səbəb olub. Zəngəzur seysmik aktiv zonasında 1931-ci il (intensivliyi İ0 =8-9 bal) və 1968-ci il (intensivliyi İ0 =7-8 bal) dağıdıcı zəlzələləri məlumdur. Seysmik aktiv ərazilərin seysmikliyini şərtləndirən əsas amil orada aktiv tektonik qırılmaların mövcudluğudur. Bu qırılmalar daxilində baş verən təzadlı (kontrast) tektonik hərəkətlər bu və ya digər intensivlikli zəlzələlərlə müşayiət olunur. Ermə­nistan ərazisində yüksək aktivliklə səciyyələnən ümumqafqaz və ya endairəsinə yaxın istiqamətli və antiqafqaz və ya meridiana yaxın istiqamətli tektonik qırılma zonaları müəyyən edilib”.

Q. Yetirmişli qeyd edib ki, seysmik aktiv ərazilərdə yerləşən dövlətlərin dayanıqlı inkişafını təmin etmək məqsədilə həmin ərazilərin seysmik rayonlaşdırılması - ərazinin seysmik təh­lükə səviyyəsinə görə xəritələnməsi işləri aparılır. Seysmik rayonlaşdırma xəritə­sinin düzgün tərtib olunması və ya dəqiqləşdirilməsinin ən mühüm şərtlərindən biri potensial güclü zəlzələ ocağı ola bilən seysmiklik törədən zonaların yerinin və seysmik potensialının real qiymətləndirilməsidir. Bu problemin həlli sahəsində aparılan tədqiqatlar əsasən Yer qabığının dərinlik quruluşunun, müasir geodinami­kanın, regional seysmikliyin, seysmotektonikanın kompleks və müfəssəl öyrə­nil­məsi məsələlərini əhatə edir. Nəticədə seysmik təhlükə mənbələri olan seysmik cəhətdən aktiv strukturlar, onların əmələ gətirdiyi seysmik effekt və onun məsa­fədən asılı olaraq sönmə xüsusiyyətləri, həmin aktiv strukturların seysmik reji­minin parametrləri təyin edilir və tədqiq olunan ərazinin hər bir yerində müəyyən zaman intervalında mümkün olan seysmik təsirin maksimal səviyyəsi (balla) qiy­mətləndirilir: “1980-ci ildə tərtib olunmuş Ermənistan SSR ərazisinin seysmik rayonlaşdırma xəritəsində burada ehtimal olu­nan güclü zəlzələlərin əmələ gətirəcəyi seysmik təhlükə səviyyəsinə görə iki-12 ballı MSK-64 şkalası üzrə 7 ballı və 8 ballı zona ayrılıb.

“Metsamor” AES-sının in­şasına bu xəritə tərtib olunandan çox öncə-1973-cü ildə başlanıb. Xəritə təsdiqlənəndən öncə 1979-cu ildə istifadəyə verilib. Bu isə onu göstərir ki, stansiya inşa olunarkən onun seysmik təhlükəyə dayanıqlığı ən yaxşı halda 12 ballı MSK-64 şkalası üzrə 8 bala hesablanıb. 1988-ci ildə Ermənistan SSR-nin 1980-ci il seysmik rayonlaşdırma xəritəsində 7 bal seysmik təhlükə ilə səciyyələnən Spitak bölgəsində daha güclü 9-10 bal inten­sivlikli zəlzələ baş verdi. Spitak zəlzələləsi zamanı Yer səthində uzun məsafəyə uza­nan, enli qırılma çatları əmələ gəlmiş, 25000-ə qədər insan həlak olub. Sonrakı dövrlərdə SSR-nin seysmik rayonlaşdırma xəritəsinin bir sıra başqa bölgələrində də göstərilən seysmik təhlükə səviyyəsinə adekvat olmayan daha güclü zəlzələlər baş verdi. 12 ballı MSK-64 şkalası üzrə 7-8 bal intensivlikli seysmik təhlükə səviyyəsilə səciyyələnən Zaysanda (Qazaxstan,1990), Raça-Cavada (Gürcüstan,1991), Suusamırda (Qırğızıstan,1992) və Nefteqorskda (Ru­siya,1995) daha güclü (9-10 bal) seysmik təkanlar oldu. 1995-ci ildə Rusiyanın seysmik rayonlaşdırma xəritəsində müəyyən edilmiş seysmik təhlükə səviyyəsindən 2-3 bal yüksək intensivlikli zəlzələnin baş verməsi Nefteqorsk şəhərini tamamilə yerlə yeksan edib, çoxsaylı insan tələfatı olub.”.

Q. Yetirmişli bildirib ki, bütün bunlar “Metsamor” AES-nın seysmiklik səviyyəsi cəhətdən çox təhlükəli ərazidə yerləşməsini və ehtimal olunan təhlükənin qaçılmaz oldu­ğu­nu göstərir. Bundan əlavə, burada ehtimal olunan 10 ballı zəlzələnin baş verməsi (belə zəlzələni hər an gözləmək olar) nəinki AES-da “Çernobıl”dakı kimi bir blo­kun güclü partlamasına səbəb ola bilər, hətta zəlzələ zamanı Yer səthinə qədər gəlib çıxan qırılma çatlarının təsirindən “Met­samor” AES tamamilə dağıla bilər: “Bu hal­da mümkün ola biləcək fəlakətin miqyasını ifadə etmək belə çox çətindir. Güman edirik ki, qeyd olunanlar “Metsamor” AES–sının təcili olaraq, heç bir müzakirəsiz və mübahisəsiz bağlanmasına əsas verir. Bu əsasdan istifadə edərək biz, Gürcüstan, Türkiyə və digər qonşu dövlətlərin mü­təxəs­sisləri ilk növbədə MAQATE-nin bu problemə ciddi yanaşmasına çalışma­lıyıq. Bu öz növbəsində regionda yaşayan əhalini böyük fəlakətdən qurtara bilər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.