İsrail Rəfahda daha da irəliləyir; ABŞ mülki insanları qorumaq planının olmadığını deyir

14-05-2024, 12:58           
İsrail Rəfahda daha da irəliləyir;
Bazar ertəsi İsrail qüvvələri Qəzzanın şimalında və cənubunda HƏMAS militantları ilə döyüşdüyü bir vaxt, Qəzza Səhiyyə Nazirliyi xəstəxana generatorlarının və təcili yardım maşınlarının çalışması üçün lazım olan yanacaq çatışmazlığının tibb sistemini sıradan çıxarmaq həddinə çatdığını bildirir.

Şahidlərin İsrail əsgərlərinin Qəzzanın şimalındakı Cəbəliya qaçqın düşərgəsində döyüşə qayıtdığı deyir. Bildirilir ki, bu ərazidə HƏMAS döyüşçülərinin yenidən qruplaşma cəhdi müşahidə edilir.

Bununla bərabər, sakinlər Qəzza-Misir sərhədi yaxınlığındakı Rəfahda havadan və qurudan hücumların intensivləşdiyini bildirirlər.

ABŞ Dövlət Departamentinin məlumatında deyilir ki, bazar günü axşam dövlət katibi Antoni Blinken İsrailin müdafiə naziri Yoav Gallant ilə telefonla “ABŞ-ın Rəfahda quru əməliyyatlarına qarşı olmasını” müzakirə ediblər.

Bəyanata əsasən, Blinken ABŞ-ın “HƏMAS-ı məğlub edilməsi ilə bağlı ortaq məqsədinə” sadiq olduğunu, amma bununla yanaşı mülki əhalinin qorunması ehtiyacının olduğunu və humanitar yardımın çatdırılmasında yaranan çətinliklərin həll edilməsində kömək edilməsinin əhəmiyyətini vurğulayıb.

Bir neçə ay əvvəl Qəzzanın şimalında HƏMAS militantlarına qarşı hücumlardan qaçmaq üçün İsrail qüvvələrinin əmri ilə Qəzzanın cənubuna sığınan 1,3 milyon fələstinlidən 300 mini bu dəfə yenidən Rəfahın şimal-qərbinə, Qəzza zolağında Aralıq dənizi sahili boyunca yerləşən ərazilərə köçmək əmri alıb.

Bazar günü BMT-nin insan haqları üzrə komissarı Volker Turk davam edən döyüşlərin və təxliyə əmrlərinin “onsuz da ağır travma almış əhalinin kütləvi şəkildə köçürülməsinə” səbəb olduğunu deyib.

Türk insanların Qəzzada hara getməli olduğunu sorğulayaraq əlavə edib ki, “təhlükəsiz yer yoxdur”.

Blinken bazar günü NBC telekanalının “Meet the Press” proqramında deyib ki, İsrailin fələstinliləri qorumaq və ya onlara kifayət qədər humanitar yardım göstərmək üçün konkret planı yoxdur.

“Başqa bir vacib məsələ var”, Blinken deyib. “Biz həm də Qəzzada müharibənin bitməsindən bir gün sonra nələrin baş verəcəyi ilə bağlı plan görməmişik. Çünki İsrailin indi getdiyi trayektoriya ondan ibarətdir ki, oraya girib Rəfahda ağır əməliyyat aparsa belə, orada hələ də HƏMAS-ın minlərlə silahlısı olacaq”.

ABŞ-ın yüksək səviyyəli diplomatı deyib: “Biz İsrailin şimalda təmizlədiyi ərazilərdə, hətta Xan Yunisdə də HƏMAS-ın geri qayıtdığını gördük”.

“Beləliklə, indiki trayektoriya ondan ibarətdir ki, [İsrail] hətta bu qalan [dörd] batalyonla məşğul olmaq üçün xüsusilə də mülki şəxslərə dair bir plan olmadığı halda Rəfaha getsə, mülki şəxslərə dəhşətli zərər vurmaq və problemi həll etməmək riski var. Hər ikimizin də həll etmək istədiyi problem HƏMAS-ın Qəzzanı bir daha idarə edə bilməyəcəyinə əmin olmaqdır”, Blinken deyib.

İsrailin əsas silah tədarükçüsü olan ABŞ dəfələrlə İsrailə Rəfaha quruda genişmiqyaslı hücuma qarşı xəbərdarlıq edib, lakin İsrail Müdafiə Qüvvələri havadan bombardmanları və daha məhdud quru hücumlarını davam etdirib.

ABŞ prezidenti Co Bayden 3500 ədəd 227 və 907 kiloqramlıq bombaların Rəfaha hücumda istifadə oluna biləcəyindən ehiyat edərək, onların İsrailə göndərilməsini dayandırıb.

Bundan əlavə, Bayden keçən həftə İsrailin Rəfahda genişmiqyaslı hücuma başlayacağı təqdirdə İsrailə bəzi hücum silahları göndərməyi dayandıracağını bildirib.

İsrailin HƏMAS ilə atəşkəs və HƏMAS-ın hələ də saxladığı 100-ə yaxın girovun azad edilməsi məqsədilə keçirilən danışıqlar dalana dirənib. İsrailin baş naziri Benyamin Netanyahu isə dəfələrlə ölkəsinin Rəfahda qalan HƏMAS militantlarının kökünü kəsənə qədər müharibəni dayandırmayacağını bildirib.

Blinken davam edən xaos barədə xəbərdarlıq edib.

“İsrail potensial olaraq, çox sayda silahlı HƏMAS-ın qaldığı üsyançı hərəkatın və çıxıb getsə, anarxiya ilə dolu, xaosla dolu və ehtimal ki, HƏMAS tərəfindən doldurulacaq bir boşluğun miras qalacağı bir yoldadır” - deyə Blinken bildirib.

“Biz onlarla həm Qəzza zolağının özündə, həm də daha geniş mənada regionda uzunmüddətli nəticələrə və davamlı təhlükəsizliyə nail olmaq üçün daha yaxşı yol haqqında danışmışıq”, o qeyd edib.

Blinken deyib: “Bunun sona çatmasının ən qısa yolu HƏMAS-ın girovları təhvil verməsidir. Biz atəşkəs əldə edəcəyik ki, onun üzərində daha güclü və daha davamlı nəsə qura bilərik. Fərqli komandalar danışıqlara davam edir”.

“Bu, həm də həqiqətən humanitar yardımı artıra biləcəyimizə və Qəzzada mülki insanları daha yaxşı qoruya biləcəyimizə əmin olmaq üçün ən yaxşı yol olardı", Blinken deyib. “HƏMAS bunda maraqlı olduğunu iddia edir. Onun hərəkətləri şübhəsiz ki, bunun əksini göstərir”, o qeyd edib.

Bazar günü ABŞ siyasətçilərinin müsahibələri Birləşmiş Ştatlarda Amerikanın Qəzza zolağına dair siyasəti ilə bağlı siyasi fikir ayrılığını üzə çıxarıb.

İsrailin müharibəni aparmasına qarşı Demokratik müxalifətlə həmrəy olan müstəqil proqressiv senator Berni Sanders NBC kanalına deyib ki, İsrail “ABŞ-dan bir qəpik də hərbi yardım almamalıdır. İsrail...bütün Fələstin xalqına qarşı müharibəyə başladı və nəticələr tamamilə fəlakətli oldu”.

Respublikaçı senator Lindsi Qraham İsrail-HƏMAS müharibəsini İkinci Dünya Müharibəsi ilə müqayisə edərək NBC kanalına deyib: “Biz Hiroşima və Naqasakiyə niyə iki ... nüvə bombası atdıq? Məğlub olmağı gözə ala bilmədiyimiz müharibəyə son qoymaq üçün .... Bu, düzgün qərar idi. ...İsrail, bir yəhudi dövləti olaraq ayaqda qalmaq üçün nə etməlisənsə et”.

Rəfaha hücumlardan əlavə, İsrail Qəzzanın şimalında Cəbəliyə qaçqın düşərgəsini və digər əraziləri bombalayıb. Bölgə geniş dağıntılara məruz qalıb və aylardır İsrail qüvvələri tərəfindən əsasən təcrid olunub. BMT rəsmiləri bölgədə “tam mənada aclıq” yaşandığını deyirlər.

Sakinlərin bildirdiyinə görə, İsrailin döyüş təyyarələri və artilleriyası Qəzza şəhərinin şərqindəki düşərgəyə və əsgərlərin bir həftədən artıqdır militantlarla mübarizə apardığı Zeytun məhəlləsinə zərbələr endirib.

Müharibə HƏMAS-ın oktyabrın 7-də 1200 nəfərin ölümü və 250-yə yaxın insanın girov götürülməsi ilə İsrailə hücumu ilə başlayıb. İsrailin buna cavab olaraq Qəzza zolağında əks-hücumunda mülki şəxslər və döyüşçülər də daxil olmaqla, 35 mindən çox fələstinli həlak olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.