İranın Milli Təhlükəsizlik Şurası İsrailə hərbi cavab vermək qərarına gəlib

3-11-2024, 00:17           
İranın Milli Təhlükəsizlik Şurası İsrailə hərbi cavab vermək qərarına gəlib
İranın Ali Milli Təhlükəsizlik Şurası oktyabrın 26-da ölkəyə qarşı olan hücuma görə İsrailə hərbi cavab vermək qərarına gəlib.

TEREF xəbər verir ki, bu barədə İran Məclisinin (birpalatalı parlament) Milli Təhlükəsizlik Komitəsinin üzvü Esmail Kosari bildirib.

“Bəzi dövlət rəsmiləri və digər şəxslər deyə bilər ki, biz İsrailə cavab verməyəcəyik, lakin hökumətin daxilində və xaricində olan bu insanlar qərar qəbul etmirlər. Sionist rejimə (İsrailə - red.) hərbi cavab qərarı artıq Ali Milli Təhlükəsizlik Şurası tərəfindən verilib”, - o deyib.

O həmçinin qeyd edib ki, İranın İsrailin zərbəsinə hərbi cavabı bütün əvvəlkilərdən qat-qat güclü olacaq və “Müqavimət Oxu” qüvvələrinin iştirakı ilə həyata keçiriləcək.

Parlamentari qeyd edib ki, İslam Respublikasının yeni əməliyyatı qarşı tərəf üçün dərs olacaq və onlar bir daha İrana zərbə endirmək səhvinə yol verməyəcəklər. “Cavabın necə həyata keçiriləcəyi plandan asılıdır, vaxt və məqsədlər isə planlaşdırıcıların ixtiyarındadır”, - Kosari əlavə edib.

Qeyd edək ki, “Müqavimət Oxu”na Livanın “Hizbullah” hərəkatı, Fələstinin HƏMAS hərəkatı və onun Qəzza sektorundakı müttəfiqləri, “İraq İslami Müqavimət” hərəkatı və Yəmənin üsyançı husilərdən ibarət “Ənsar Allah” hərəkatı daxildir. (Report)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.