Rusiyadan Ermənistanı qıcıqlandıracaq qərar
27-09-2016, 10:58

“Rusiya vertolyotları” holdinqi Bakıda keçiriləcək ADEX-2016 hərbi sənaye sərgisinə özünün ən yeni modellərini göndərir; düşmənin “İsgəndər” təhdidinə Azərbaycandan tutarlı cavab; hərbi ekspertlər işğalçıya cavab imkanlarının yetərli olduğuna əmin edirlər...
Ermənistan paytaxtında nümayiş etdirilən “İskəndər” operativ-taktiki raket komplekslərinin üzərindəki sirr pərdəsi hələ də çəkilməyib. Nə Rusiya, nə də Ermənistan hakimiyyəti rəsmən bu dağıdıcı raketlərin hansı ölkəyə məxsus olduğu, keçirilən hərbi paradda nə məqsədlə nümayiş etdirildiyinə hələ ki aydınlıq gətirməyib. Amma qəribəsi budur ki, qarşı tərəf susduqca Azərbaycanın rəsmi qurumları da məsələ ilə bağlı izahat verilməsi zərurəti barədə mövqe bildirməyə tələsmir.
Ötən gün də Xarici İşlər və Müdafiə nazirliklərindən Azərbaycanın təhlükəsizliyinə birbaşa təhdid sayılan bu məsələyə münasibət öyrənmək cəhdlərimiz nəticə vermədi. Güman etmək olar ki, Bakı Ermənistanın Azərbaycanla Rusiyanın münasibətlərinə xələl gətirmək istiqamətində cəhdlərindən xəbərdar olduğu üçün bu məsələdə təmkinli davranmağa üstünlük verir.
*****
“Bizim ”İsgəndər" raketlərimiz olmasa da, ondan da daha müasir və güclü Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələrinə aid silah-sursatlarımız var və lazım olanı da alınır. Bir də, biz borclu deyilik ki, ordunun arsenalındakı bütün texnikamızı çıxarıb nümayiş etdirək. Sadə dillə desək, ciddi narahatçılıq üçün elə də əsas yoxdur". Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov “Yeni Müsavat”a açıqlamasında belə dedi.
Onun sözlərinə görə, sentyabrın 21-də İrəvanda keçirilən hərbi paraddan sonra sanki bədnam qonşularımızın “gözünə işıq gəlib”. “Sən demə, bunların Tanrıdan arzuladıqları ən böyük istəkləri ”İsgəndər" raketləri imiş və indi bunlar buna nail olduqdan sonra dünyanın ən xoşbəxt varlıqlarıdır. Bu binəvalar daha demirlər ki, onların bizə göstərdikləri silah və sursatdan çoxlarında var və Azərbaycan Silahlı Qüvvələri də öz müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün lazım olan hər şeyə malikdir",- deyə Ü.Cəfərov əlavə etdi. Ekspertə görə, ölkənin siyasi-hərbi rəhbərliyi Azərbaycanın güclü müdafiəsi üçün nə lazımdırsa edib və edir: “İndi bu raketlərin guya onlara məxsus olması ilə bağlı az qala gecə-gündüz danışan erməni-rus avantürüstləri bir şeyi unudurlar ki, dünyada dövlətlərin nüvə silahları var və onlar onilliklərdir ki, o silahı biri digərinə tuşlayıb və hələ də ondan istifadəyə ürək eləmir. İndi biz durub hansısa operativ-taktiki raketə görə öz əzəli torpaqlarımızdan imtina edəsi deyilik ki. İnşallah, bədbin fikirlər səsləndirən və az qala Qarabağın əldən getdiyini birmənalı söyləyən dostlara və səbirsiz vətəndaşlarımıza da tam səmimi olaraq demək istəyirəm ki, narahat olmasınlar! İki arqument deyəcəyəm və onunla mənə elə gəlir ki, hər şey aydın olacaq. Ermənilərin Bakını və ya digər strateji şəhər və rayonlarımızı vurmağa cəhd etməsi onlara ölümcül başa gələcək. Bir tərəfdən Türkiyə, Naxçıvan faktoru, digər tərəfdən hazırda bizdə olan silah-sursat kifayət edir ki, bir neçə saata İrəvan və ətraf şəhərlər xarabazarlığa çevrilsin. Ona görə də mən bəzi mətləbləri çox xırdalamaq istəməyərək deyirəm ki, əgər ölkəmiz Ermənistandan silah-sursat baxımından zəif olsaydı, bəlkə də, hamıdan çox mən həyəcan təbili çalardım. Amma insanı resurslar və maddi imkanlar baxımından gücümüz və qüvvəmiz yetərincədir”.
Ü.Cəfərov onu da qeyd etdi ki, artıq Azərbaycanın Türkiyə və İsraillə zəruri silah-sursatın alınması barədə anlaşmaları da uğurla başa çatdırılıb: “İnşallah, ilin axırına bununla bağlı BMT-yə hesabat veriləndə hər şey məlum olacaq. Ən azından bizim bu proseslərdən çox-çox əvvəldən İsraillə, qardaş Türkiyə Respublikası ilə bu və digər sahələr üzrə çox səmərəli danışıqlarımız və müsbət nəticələrlə yekunlaşan sazişlərimiz olub”.
Image result for isgəndər rocket armenia
Digər hərbi ekspertlər də işğalçı ölkənin hərbi cəhətdən Azərbaycandan önə keçməsi barədə iddiaları qətiyyətlə təkzib edib. Ekspert Azad İsazadə Azərbaycanın əvvəllər olduğu kimi bu gün də Ermənistanla müqayisədə hərbi üstünlüyə malik olduğunu söyləyib. Moderator.az-a açıqlamasında A.İsazadə deyib ki, Ermənistanın nümayiş etdirdiyi raket sistemləri Azərbaycan və Ermənistan arasındakı hərbi balans fərqinin azalması ilə bağlı, sadəcə, əsassız təəssürat yaradır. “Çünki Azərbaycan ordusu həm silahlarına, həm də döyüş hazırlığına görə Ermənistan ordusundan daha üstündür. Ermənistan indiki halda Azərbaycana çatmağa çalışır. Ermənistanın ”İsgəndər" raketlərinə sahib olması Azərbaycanla aradakı məsafəni bir qədər qısaldır. Lakin aprel döyüşlərindən sonra Azərbaycan ordusu da ciddi addımlar atıb. Təzə silah növləri əldə edib, İsraildən də yeni silahlar alıb. İki dövlət arasındakı silahlanma yarışı davam edir".
A.İsazadə deyib ki, “İsgəndər” raket kompleksi orta məsafəli raket hesab olunur: “Bu raketlər Azərbaycan üçün müəyyən təhlükə ehtiva edir. Ermənistanda bundan öncə köhnə sovet istehsalı olan ”Skat" raketləri də mövcud idi. Ermənilər Bakını bu raketlərlə vuracaqlarını da vaxtilə bildirmişdilər. Əgər ermənilər o raketləri Dağlıq Qarabağ ərazisində yerləşdirsələr, Azərbaycan ərazisinin bir hissəsinə zərbə endirmək imkanı əldə edə bilərlər. Ermənilər bütün hədələrə baxmayaraq, bu raketlərdən istifadə etməyiblər. Çünki bilirlər ki, belə bir addım atsalar, Azərbaycan daha ciddi zərbələr endirə bilər. Naxçıvandan İrəvan və digər əraziləri daha tez bir zamanda vurmaq mümkündür. İkincisi, bu cür raketlər qarşı antiraket sistemləri mövcuddur. Hər buraxılan raket o demək deyil ki, hədəfə çatacaq".
Image result for iskander rocket armenia
“Əgər ”İsgəndər" raketləri artıq Ermənistana məxsusdursa, təbii ki, hədəf ilk növbədə Azərbaycan və burada yerləşən obyektlər olacaq. Əgər onlar Ermənistanın yox, Rusiyanındırsa, o zaman həmin silahların Azərbaycandakı hansısa obyektə yönəlməsi ehtimalı çox azdır. Çünki Rusiyanın Ermənistandakı bazasının tapşırıqlarından biz də məlumatlıyıq". Bu fikirlər isə hərbi-siyasi məsələlər üzrə ekspert, ehtiyatda olan tanınmış polkovnik Şair Ramaldanova məxsusdur.
Ekspert onu da vurğulayıb ki, həmin komplekslərin Rusiyaya və ya Ermənistana məxsus olması hələ ki mübahisəlidir, tam dəqiqləşməyib. “Ermənistanın bugünkü iqtisadi vəziyyətini nəzərə alsaq, onların belə bir silah sistemləri almağa imkanının olmasına inanmıram”-ekspert deyib (milli.az). “Hazırda Azərbaycan Silahlı Qüvvələrinin arsenalında istər ”İsgəndər" olsun, istərsə də digər silahlar olsun, onlara qarşı dura biləcək yetəri qədər müvafiq silah və texnika var, bunun üçün lazımi tədbirlər görülüb. Təbii ki, qarşı tərəf də ilk növbədə düşmənin ata biləcəyi addımların qarşısını almaq üçün silahlanır. Digər tərəfdən, bizim tapşırığımız yalnız onlara qarşı hansısa tədbir görməkdən ibarət deyil. Bizim qarşımızda duran əsas vəzifə və tapşırıq Azərbaycan torpaqlarını işğalçıdan azad etməkdir. Yəni biz nəinki onlara cavab vermək, hətta torpaqlarımızı azad etmək, düşməni tam məhv etmək gücündəyik. Mən buna tam əminəm və qəti şübhəm yoxdur".
Ehtiyatda olan general-leytenant, Azərbaycanın Çindəki keçmiş hərbi attaşesi Yaşar Aydəmirov isə deyib ki, Ermənistandakı “İsgəndər” raketləri içi boş olan korpuslardır və bu, Azərbaycanı qorxuda bilməz: “Digər tərəfdən, bu gün Azərbaycan Silahlı Qüvvələrinin hava hücumundan müdafiə qoşunlarının ”İsgəndər" raketinə qarşı cavab verə biləcək çox güclü müdafiə sistemləri və arsenalı var. Qəti şəkildə bunun Azərbaycana qarşı heç bir hərbi təhdidi, riski və qorxusu ola bilməz. Ermənilər hansı addımı atsa, biz hər zaman buna adekvat, qabaqlayıcı və irəliləyici addımlar atırıq"- Y.Aydəmirov əlavə edib.
*****
Bu arada Rusiya Azərbaycana növbəti jestini edib. Məlum olub ki, Rusiyanın vertolyot istehsalı ilə məşğul olan “Rusiya vertolyotları” holdinqi Bakıda keçiriləcək «ADEX-2016» hərbi sənaye sərgisində özünün ən yeni modellərini nümayiş etdirəcək. Virtualaz.org Rusiya vertolyotları" holdinqindən yayılan açıqlamaya istinadən xəbər verir ki, 27 sentyabrda işə başlayacaq sərgidə “Rusiya vertolyotları” mülki və hərbi təyinatlı bir sıra aktual modelləri göstərəcək, habelə «Mi-38» nəqliyyat vertolyotunu, «Mi-28HE» və “Ka-52" (Alligator”) döyüş modellərini sərgiyə çıxaracaq.
Image result for putin srkisyan
Holdinqin baş direktoru İqor Çeçikov deyib ki, Azərbaycan “Rusiya vertolyotları”nın ənənəvi tərəfdaşlarından biridir. Bu ölkənin hakimiyyəti silahlı qüvvələrin hava parkının modernləşdirilməsinə böyük diqqət ayırır və mərhələli şəkildə yeni vertolyot texnikası ilə yeniləyir. Çeçikovun sözlərinə görə, holdinq öz partnyorlarına ən qabaqcıl modelləri və ən yeni vertolyotları təqdim edəcək. Habelə holdinq vertolyotların satışından sonra onlara texniki qulluq göstərilməsini və artıq mövcud olan texnikanın modernləşdirilməsini də həyata keçirməyə hazırdır. Sərgi zamanı holdinq Azərbaycanın müxtəlif strukturları ilə əməkdaşlığı genişləndirməyə imkan verəcək razılaşmalar imzalayacaq.
*****
Əslində bu, Rusiyanın ənənəvi siyasətinin məntiqi davamı da sayıla bilər. Çünki Ermənistan Rusiyanın Azərbaycana silah satmasından narahatlığını ifadə edəndə, bununla bağlı İrəvan küçələrindəki aksiyalarda qəzəbli şüarlar səslənəndə belə Moskvadan Bakı ilə silah alverinin davam etdiriləcəyi barədə rəsmi münasibət açıqlanmışdı. Hətta o zaman açıq şəkildə bildirilmişdi ki, Azərbaycana silah satışı dayandırılsa, Bakı yeni bazar axtarışına çıxacaq.
Təbii ki, söhbət silah bazarındakı böyük vəsaitlərdən gedir və Rusiya Azərbaycanla 4 milyardlıq razılaşmanın ardınca öz müştərisindən yeni gəlirlər əldə etməyə çalışacaq. Üstəlik də Ermənistanda nümayiş etdirilən “İsgəndər” kompleksindən narahat olan Azərbaycana “buyurun, istədiyiniz silahları sizə satmağa hazırıq” cavabı da verilə bilər.