ABŞ çıxılmaz durumda:Rusiya və Türkiyə onu Suriyada təkləyib
2-10-2016, 13:04

Rusiya Vaşiqntona xəbərdarlıq edib ki, ABŞ Suriyada Əsəd qüvvələri üzərinə hücum etsə, bu, təkcə Suriyada yox, bütün regionda "dəhşətli, tektonik nəticələrə" səbəb olacaq.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, Suriyada rejim dəyişdirilməsi nəticəsində yaranacaq hakimiyyət boşluğunu "ən müxtəlif terrorçular" doldura bilər.
Qərb mətbuatı yazır ki, Moskvanın həddən ziyadə açıq və lovğa bəyanatları Rusiya və Suriya hökumət qüvvələrinin Hələbdəki müxalif qiyamçıların mövqelərinə ağır zərbələr endirdiyi bir vaxta təsadüf edir.
ABŞ və Rusiya arasında münasibətlər Suriyada atəşkəs rejimi pozulduqdan sonra son dərəcə gərginləşib. ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrovun aramsız telefon danışıqları vəziyyətə təsir etmir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın dəstək verdiyi mötədil müxalifətlə terrorçu qruplaşmaları bir-birindən ayırmamaqda ittiham edib.
ABŞ isə bildirir ki, Rusiyanın Hələb və onun ətrafında apardığı dağıdıcı hava kampaniyası müxalifəti "əl-Qaidə" və "ən-Nüsra" kimi terrorçuların ağuşuna itələyir.
Qərb mediasının xəbərlərinə görə, oktyabrın 1-də Rusiya və Suriya təyyarələri Hələb ətrafında əsasən ABŞ-ın dəstəklədiyi qiyamçıların mövqelərinə ağır zərbələr endirib.
Bu arada "The New York Times" qəzeti iddia edib ki, dövlət katibi Con Kerri Suriya müxalifətinin nümayəndələri ilə söhbətində Obama administrasiyası ilə ixtilafından söz açıb. Qəzetin yazdığına görə, onun əldə etdiyi audioda Kerri Suriya məsələsində fikir ayrılığı yarandığını dilə gətirib. Dövlət katibi Suriyada fəal hərbi hərəkətlərin tərəfdarı olsa da, Ağ Evdə Vaşinqtonun Suriya münaqişəsinin çözümündə yalnız diplomatik rol oynamasını istəyirlər.
40 dəqiqlik audioda Kerri bildirir ki, Birləşmiş Ştatlar Suriyada çətin duruma düşüb.
"The New York Times" qəzetinin məlumatına görə, Kerri deyib ki, Rusiya hərbçilərini Suriyaya hökumət dəvət edib, ABŞ qüvvələrinin isə Suriya rejiminə qarşı hərbi əməliyyatlar aparması üçün hüquqi əsas yoxdur.
Bu arada Türkiyə Suriyanın şimalında hərbi əməliyyatlarının miqyasını genişləndirir. Bəzi qəzetlərin yazdığına görə, Türkiyənin 1000 əsgərlik qüvvəsi ABŞ-ın dəstəklədiyi kürdlərə qarşı hücum əməliyyatları həyata keçirərək, Suriyanın şimalında "bufer zona" yaradır.
Prezident Rəcəp Tayyip Ərdoğan deyib ki, "biz ABŞ-a İslam Dövləti təşkilatının istehkamı Raqqaya birlikdə daxil olmağı təklif etmişik, amma ABŞ Raqqaya kürd qüvvələri ilə hücum etsə, biz bu əməliyyatda iştirak etməyəcəyik". Türkiyə Raqqanın fəth edilməsində kürd qüvvələrinin iştirakını istəmir.
Beləliklə, Rusiya Hələb ətrafında, Türkiyə isə Suriyanın şimalında ABŞ-ın dəstəklədiyi qüvvələrə hücum etməklə məşğuldurlar.
Təhlilçilər bildirirlər ki, texniki baxımdan ABŞ Suriyada Türkiyə və Rusiya tərəfindən təklənmiş vəziyyətdədir.