İsrail qoşunları atəşkəs razılaşmasına əsasən Livanın cənubundan geri çəkilib

13-12-2024, 16:34           
İsrail qoşunları atəşkəs razılaşmasına əsasən Livanın cənubundan geri çəkilib
İsrail qüvvələri çərşənbə günü İsrail və Hizbullah militant qruplaşması arasında atəşkəs razılaşmasının bir hissəsi olaraq, Livanın cənubundakı strateji şəhərdən geri çəkilib və onlar Livan qoşunları ilə əvəz olunub.

Əl-Xiamdan geri çəkilmə ABŞ və Fransanın vasitəçiliyi ilə əldə olunan atəşkəsin başlamasından iki həftə sonraya təsadüf edib.

"Bu, hərbi əməliyyatların davamlı dayandırılmasının həyata keçirilməsində mühüm ilk addımdır və davamlı irəliləyişin əsasını qoyur," ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Erik Kurilla açıqlamasında deyib.

Livanın Baş naziri Nəcib Mikati bunu "atəşkəs qərarının həyata keçirilməsində ordunun cənuba yerləşdirilməsinin gücləndirilməsi istiqamətində fundamental addım" adlandırıb.

Atəşkəs nəticəsində İsrail və Hizbullah arasında aylardır davam edən intensiv döyüşlər dayandırılıb. Buna İsrailin Livan daxilində apardığı quru əməliyyatları və Hizbullahın bir neçə liderinin ölümünə səbəb olan hava hücumları daxildir. Hizbullah 2023-cü ilin oktyabrında HƏMAS-ın İsrailin cənubuna hücumundan sonra Qəzza zolağında HƏMAS militantları ilə həmrəylik nümayişi olaraq İsrailə qarşı hücumlara başlayıb.

Pentaqon bildirib ki, ABŞ Müdafiə naziri Lloyd Austin çərşənbə günü İsrailin müdafiə naziri İsrael Katz ilə telefon danışığı zamanı atəşkəs rejimini müzakirə edib və deyib ki, bu, davamlı sakitlik gətirə və İsrail-Livan sərhədinin hər iki tərəfindəki insanların evlərinə qayıtmasına imkan verə bilər.

"Katib ABŞ-ın Qəzzadakı bütün girovların, o cümlədən ABŞ vətəndaşlarının azad edilməsini təmin etmək öhdəliyini vurğuladı və İsrail hökumətini Qəzzadakı ağır humanitar şəraitin yaxşılaşdırılması üçün addımlar atmağa davam etməyə çağırdı," Pentaqonun mətbuat karibi general-mayor Pat Rayder açıqlamasında bildirib.

BMT Baş Assambleyası çərşənbə günü Qəzza zolağında dərhal və daimi atəşkəsin təmin olunmasını, habelə fələstinli militantlar tərəfindən saxlanılan bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edib.

"Onun göndərdiyi mesaj odur ki, biz sizinləyik, " fələstinli nümayəndə Riyad Mənsur səsvermədən sonra deyib. O, əlavə edib ki, bu, İsrail və onun əsas dəstəkçisi olan ABŞ-ın beynəlxalq miqyasda bu müharibə səbəbilə daha çox təcrid olunduğunu göstərir.

85 sponsoru olan atəşkəs qətnaməsi 158 lehinə və, ABŞ və İsrail daxil olmaqla, 9 əleyhinə səslə qəbul edilib.

"Bugünkü səsvermə mərhəmət üçün səsvermə deyil," İsrailin səfiri Denni Danon deyib. "Bu, əlbir olmaq üçün səsvermədir." O, qətnamənin HƏMAS-ın saxladığı qalan 100 girovun azad edilməsini birbaşa atəşkəslə əlaqələndirə bilmədiyini və bunun “sakitləşdirmə siyasəti” olduğunu deyib.

Qəzzada müharibə HƏMAS-ın 2023-cü ilin oktyarbın 7-də İsrailin cənubuna hücum edərək, 1200 nəfəri öldürüb, 250 nəfəri girov götürməsindən sonra başlayıb. Qəzza səhiyyə nazirliyinin məlumatına görə, İsrailin əks-hücumu nəticəsində Qəzzada 44 800-dən çox insan ölüb.

HƏMAS ABŞ, Birləşmiş Krallıq və bir neçə başqa Qərb ölkəsi tərəfindən terror qruplaşması kimi tanınıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.