Ermənistan vətəndaş müharibəsi ərəfəsində: - Sərkisyana alternativ yeni siyasi qüvvə meydana çıxır

27-03-2017, 19:51           
Ermənistan vətəndaş müharibəsi ərəfəsində: - Sərkisyana alternativ yeni siyasi qüvvə meydana çıxır
Ermənistanda vəziyyət vətəndaş müharibəsi həddindədir. 2 aprel seçkisi mübarizənin Ermənistan və Qarabağ klanı arasında gedir. Hazırkı prezident Sərkisyan yenə də “Qarabağ kartı” ilə oynamaq istəyir.
Sərkisyan Xankəndi yaxınlığındakı Ermənistan ordusuna aid hərbi hissədə Azərbaycanı təhdid edib: “Lazım gələrsə, Ermənistan Silahlı Qüvvələri tərəddüd etmədən “İsgəndər” raket kompleksindən istifadəyə icazə verəcək”.
Ötən ilin aprel savaşındakı ağır məğlubiyyəti kompensasiya etmək üçün uğursuz cəhd edən Sərkisyan vurğulayıb ki, “Azərbaycanın planını pozmağı və informasiya müharibəsində qalib gəlməyi” bacarıb”.
Qeyd edək ki, seçkiyə aprel savaşının ağır nəticələri ilə gedən Ermənistan lideri Serj Sərkisyanın hazırkı Qarabağ səfəri məğlubiyyətin acısını unutdurmağa və seçicilərin inamını qaytarmağa hesablanıb. Sərkisyan Xankəndindən erməni seçicilərinə mesaj verib: yalnız onun sayəsində Rusiya “İsgəndər” raketini Ermənistana bağışlayıb, o olmasa, Qarabağ işğaldan azad edilə bilər.
Görünən budur ki, Rusiya Qarabağ klanını dəstəkləyir. Ermənistan klanı Rusiya ilə yanaşı, Qərblə də yaxınlaşma tərəfdarıdır. Bu faktor isə Kremlinarazı salır. Ona görə Moskva Levon Ter-Petrosyan, Vardan Oskanyan və digər fiqurlardansa, Serj Sərkisyan-Karen Karapetyan cütlüyünə üstünlük verir. Öz növbəsində Qarabağ klanı da Rusiyanın dəstəyinə arxayındır. Bu dəfəki parlament seçkiləri əvvəlkilərdən prinsipial və mahiyyət etibarilə fərqlənir. Çünki məhz bu seçkilərdən sonra Ermənistan parlamentli üsul-idarəyə keçəcək. Yəni ölkənin ictimai-siyasi həyatında yeni parlamentin rolu önə keçəcək. Odur ki, əsas siyasi qüvvələr, həmçinin terroru rəqabət vasitəsi sayan qüvvələr nəyin bahasına olur-olsun, növbəti qanunverici orqanda təmsil olunmağa çalışır. Seçkiöncəsi atmosferin kəskinləşməsinin mühüm bir motivi sözsüz ki, budur.
Digər tərəfdən, 20 ilə yaxındır Ermənistanda hakimiyyəti zəbt eləmiş və Rusiyapərəst mövqeyi ilə tanınan Qarabağ klanı ilə mötədil qərbyönlü kursu da mümkün sayan yerli Ermənistan klanı arasında rəqabətin pik həddə çatması ilə əlaqədardır. Sirr deyil ki, Qarabağ konfliktinin bu günədək həll olunmamış qalmasının əsas səbəbi Qarabağdan olan “səhra komandirləri”nin 20 ildir Ermənistanda hakimiyyəti öz nəzarətində saxlamasıdır.
Onu da vurğulamaq lazım gəlir ki, baş verənlər sosial partlayışın təzahürüdür. Burada heç bir çevriliş izi yoxdur. Əksinə, sosial partlayışın təzahürüdür. Hökumət vətəndaş cəmiyyətinin görkəmli nümayəndələrinə repressiya tətbiq edərək, bu partlayışın qarşısını almaq istəyir. Son vaxtlar Ermənistanın siyasi sistemində yeni qüvvə peyda olub və bu qüvvə geniş kütləni öz ətrafında toplaya bilib.
Son illər Ermənistanın siyasi sistemində 3-cü qüvvə meydana gəlib ki, bunun da mövcud hakimiyyətlə heç bir bağı yoxdur. Yəni ənənəvi müxalif partiyalardan fərqli olaraq “Yeni Ermənistan” adlı qurum olduqca böyük bir kütləni ətrafına toplaya bilib. Bu gün Ermənistanda yaşananlar xaricdən heç bir köməyi olmayan, hakim zümrə daxilindən yardım edilməyən kiçik bir dəstənin, romantik millətçinin əl atdığı üsuldur. Ehtimal etmək olar ki, baş verənlərin heç bir nəticəsi olmayacaq. Rusiya Serj Sarkisyanı hakimiyyətdə saxlamaq niyyətindədir və ehtimal ki, öz planını reallaşdıra biləcək.
Qeyd edək ki, “Yeni Ermənistan” İctimai Xilas Fondunun silahlı üzvlərinin Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını ələ keçirən zaman 1 polis əməkdaşı öldürülüb, 2 polis əməkdaşı yaralanıb. Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb. Silahlı şəxslər polis əməkdaşlarını girov götürüblər. Aparılan əməliyyat zamanı 2 girov azad edilib. Əməliyyatın detalları barədə hələ ki, geniş məlumat verilmir.
Ermənistan parlamentinin deputatı Nikol Paşinyan isə deyib ki, hazırda silahlı şəxslər Ermənistan Polisinin rəis müavini, general-mayor Vartan Eqizaryan daxil olmaqla, 7 polis əməkdaşını girov saxlayır. Beləliklə, Erməniistanda vəziyyət qəlizləşir. Sərkisyan Rusiyaya arxalanaraq, etirazları yatırır. Əks tərəfin daha hansı addımları atacağını söyləmək çətindiir…
Avropa.info-nun ekspert qrupu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.