“Müasirliyin 100 dahisi” siyahısında 14-cü dahi alim - Qaz lazerinin yaradıcısı Əli Cavan
8-04-2017, 08:53

teref.az dünya elminə öz töhfəsini vermiş məşhur fizik, “Müasirliyin 100 dahisi” siyahısında 14-cü dahi alim kimi yer almış Azərbaycanın böyük oğlu Cavan Əli barədə bu kiçik yazını təqdim edir!
“Müasirliyin 100 dahisi” siyahısında 14-cü dahi alim hesab edilən Əli Cavan bu gün peyk rabitəsindən tutmuş təbabətədək hər bir sahədə tətbiq olunan qaz lazerinin yaradıcısıdır. Rabitə, materialların emalı, informasiyanın ötürülməsi və saxlanılması, tibb və digər sahələrdə istifadə edilən hər bir texniki qurğu alimin kvant elektronikası sahəsindəki kəşfi əsasında işləyir. Əli Cavanı “Şərqin Eynşteyni”, “lazerin atası” adlandırırlar. O, dünya elminə verdiyi töhfələrinə görə “Albert Einstein World Medal of Science” beynəlxalq mükafatına layiq görülüb.
Əli Cavan 1926-cı il dekabrın 27-də Tehranda anadan olub. Onun əslən azərbaycanlı olan valideynləri övladları dünyaya gəlməmişdən bir qədər əvvəl Təbrizdən Tehrana köçmüşlər. Ə.Cavan 1948-ci ildə Tehran Universitetini bitirdikdən sonra ABŞ-a köçərək Kolumbiya Universitetində təhsilini davam etdirib. 1958-ci ildə onu məşhur «Bell-Telefon» şirkətində laboratoriyaya rəhbərlik etmək üçün dəvət ediblər. Burada o, qaz lazerinin yaradılması imkanını nəzəri cəhətdən əsaslandırır və öz ideyasını həyata keçirməyə başlayıb. 1960-cı ildə Massaçusets Texnologiya İnstitutuna keçərək burada öz kəşfinin praktik tətbiqi, o cümlədən yüksək həll spektroskopiyası əsaslarının və işıq titrəyişinin mütləq tezliyinin ölçülmə metodlarının hazırlanması sahəsində fundamental tədqiqatlar aparır. Bundan sonra o, optik tezliklərdə işləyən elektron cihazlarının hazırlanmasına yönələrək elektronikanı radiodalğalar sahəsindən işıq sahəsinə keçirməyi qarşısına məqsəd qoyur ki, bu da informasiyanın işlənməsini son dərəcə sürətləndirə bilərdi.
«Bell-Telefon» şirkətinin laboratoriyasında işlədiyi illərdə lazerin yaranmasının mümkünlüyü ideyası artıq gündəlikdə idi. İlk dəfə Amerika alimi Tauns və sovet fizikləri Proxorov və Basov bu ideyanı həyata keçirməyə müvəffəq olmuşdular. Onlar 1964-cü ildə Nobel mükafatına layiq görüldülər. Lakin onların yaratdıqları kvant generatoru (mazer) dalğaları radio tezliklərində (mikrodalğalarda) şüalandırırdı. Bu xüsusiyyətlərə malik cihazı lazer effektindən istifadə etmədən adi radiotexniki vasitələrin tətbiqi yolu ilə də hazırlamaq mümkün idi. İşıq dalğalarını şüalandıran və ya gücləndirən cihazın hazırlanması üçün heç bir analoq yox idi və belə bir cihazın ixtira olunması fizika və texnikada inqilab doğura bilərdi. İlk dəfə olaraq T.Mayman (rubin üzərində lazer) və Əli Cavan (helium-neon lazeri) bunun nəzəri cəhətdən mümkünlüyünü bildirmiş və 1960-cı ildə belə bir cihazı hazırlamağa müvəffəq olmuşdular.
Mazer yaradılmamışdan bir neçə il əvvəl, Əli Cavanın 1957-ci ildə «Physical Reviw» jurnalında dərc olunmuş üçsəviyyəli mazer sistemləri barədə nəzəri məqaləsi o zaman fiziklər arasında böyük əks-səda doğurmuşdu. Bu məqalədə göstərilmiş nəticələrdən indiyədək üçsəviyyəli mazer və lazer sistemlərinin hesablamalarında istifadə olunur, nəzəri müddəalar isə kvant elektronikası və lazer fizikası üzrə bütün dərsliklərə daxil olmuşdur.
Maymanın lazeri impuls rejimində işləyir, yəni onun verdiyi işıq vaxtaşırı yanıb-sönür. Bundan fərqli olaraq Əli Cavanın qaz lazeri fasiləsiz şüalanma verir. Əli Cavanın lazerinin bu böyük üstünlüyü ondan güclü istilik şüalanma mənbələrinin yaradılmasında, uzaq məsafəli rabitənin həyata keçirilməsində, qoloqrafik təsvirlərin alınmasında, yüksək və ifrat yüksək həll spektrometrlərin yaradılmasında, böyük dəqiqliyə malik hər cür ölçü aləti və sair kimi istifadə etməyiə imkan verir. Cavanın lazerin görünən, imfraqırmızı, ultrabənövşəyi diapazonlarda iş prinsipindən istifadə etməklə saysız-hesabsız güclü fasiləsiz şüalanmaya qadir müxtəlif lazerlər hazırlanmışdır. Artıq bir çox illərdir ki, bunlardan hərbi və mülki məqsədlərlə istifadə olunur.
Bəli u adam bizim həmyerlimizdir, lakin biz onu çox az tanıyırıq. Ona görədə teref.az olaraq biz dünya elmində tanınan şxslər barədə məlumat verməyi davam edəcəyik!
TANIYIN VƏ QÜRUR DUYUN!!
teref.az