Bəşər Əsəd üzə çıxdı və “kimyəvi silahım yoxdur” dedi
15-04-2017, 10:11

Elxan Şahinoğlu: “Əsəd Səddam Hüseynin aqibətini təkrarlamasa belə...”
Suriya prezidenti Bəşər Əsəd hakimiyyətinin əlində kimyəvi silahların olmadığını bəyan edib. Prezidentin sözlərinə görə, Suriya ordusu bütün kimyəvi silahları təhvil verib. O “France-Presse” Agentliyinə verdiyi müsahibədə bəyan edib ki, İdbildəki kimyəvi hücumun Dəməşqə heç bir aidiyyəti yoxdur. Əsəd iddiaların Amerikanın uydurması olduğunu bildirib. “Belə təsəvvür yaranır ki, terrorçuların ”silahdaşı" olan Birləşmiş Ştatlar bütün bu “tarixçə”ni ona görə uydurub ki, Suriyanın aviabazasına zərbə endirmək üçün əlində bəhanə olsun"deyə, Əsəd qeyd edib.
“Biz, kimyəvi silaha malik deyilik. Bir neçə il bundan əvvəl bütün ehtiyatlarımızdan imtina etmişik. Hətta belə silahımız olsaydı da biz, heç vaxt ondan istifadə etməzdik” - Əsəd bildirib.
Qeyd edək ki, Əsədin dedikləri Amerikanın Suriyanın aviabazasına zərbə endirdiyi ilk günlərdən dünya tərəfindən daha çox səsləndirilən iddialardan biridir. Azərbaycanda da tez-tez İdlibdə kimyəvi silahdan istifadə edilməsində rəsmi Vaşinqtonun əlinin olduğu barədə fikirlərə rast gəlirik. Hətta Amerikanın B.Əsədi Səddam Hüseynin gününə salmaq üçün bu varianta əl atdığı vurğulanır.
Suriya hökuməti tərəfindən Amerika prezidenti Donald Trampın Əsədi heyvan adlandırmasına da reaksiya verilib. Bununla bağlı Suriya XİN rəhbərinin köməkçisi Ayman Sussan danışıb.
Sussan deyib: “Əgər siz özünüz heyvansınızsa, hamının belə olduğunu düşünmək lazım deyil. Bəşər Əsəd suveren dövlətin prezidentidir. Onu xalq seçib. Əsədə xarakteristikanı Tramp yox, Suriya xalqı verə bilər”.
Politoloq Elxan Şahinoğlu Əsəd rejiminin kimyəvi silahlardan istifadə etdiyini iddia etmir: “Bəşər Əsəd kifayət qədər vətəndaşını qətl edib. Bu gün Suriyada nə baş verirsə, bunun əsas məsuliyyətini Bəşər Əsəd daşıyır. Çünki dövlətin başında o dayanır, baş verənlərə görə məsuliyyət daşıyır. Birinci dəfə kimyəvi silahdan da məhz onun ordusu bir neçə il əvvəl istifadə etmiş, minlərlə insan həlak olmuşdu. Bu dəfə kimyəvi silahdan məhz Əsəd ordusunun istifadə etdiyini iddia etmirəm. Məntiqlə bu Əsədə lazım deyildi. Ancaq kim zəmanət verə bilər ki, hansısa general Əsədin əmri olmadan kimyəvi silahdan istifadəyə təkbaşına qərar verməyib? İndi də deyirlər ki, guya Suriyanın hərbi təyyarələri terrorçuların anbarlarını partladarkən kimyəvi toz ətrafa yayılıb və insanlar buna görə həlak olub. Bu versiyalar öyrənilməlidir. Ona görə də beynəlxalq araşdırma qrupunun təsisinə ehtiyac var ki, onlar baş verən hadisəni yerində diqqətlə araşdırsınlar. ABŞ prezidenti Donald Tramp Suriyaya hava zərbəsi endirməyə ehtiyac duyurdu. Bu bombardmanla o bir neçə hədəfinə çatdı. Birincisi, raket zərbəsi ilə yerlərdə sürünən reytinqini artırdı. İkincisi, ”Rusiyanın adamı" olmadığını sübut etdi. Üçüncüsü, istənilən an cəsarətli qərarlara hazır olduğunu və bu mənada keçmiş prezident Barak Obamadan fərqləndiyini göstərdi. Ancaq bu o demək deyil ki, Əsədin dediyi doğrudur, yəni Tramp Suriyaya zərbə endirmək üçün bəhanə axtarırdı və kimyəvi silahdan istifadə hadisəsi baş verməyib. Televiziya kanallarında yayılan görüntülər var, insanlar qəlpələrdən deyil, zəhərdən ölüblər və bu görüntülər Trampa pis təsir edib və o bombardmanla bağlı emosional durumda qərar verib. Tramp bundan sonra daha bir doğru addım atdı. Amerika ən ağır bombasını Əfqanıstana ataraq terrorçuların yuvasını dağıtdı. Bununla Tramp göstərdi ki, o yalnız Əsədə qarşı deyil, Əfqanıstandakı terrorçulara qarşı da qəti addımlar atmağa hazırdır. Əgər Trampın Suriya ərazisini raket atəşinə tutmasını Kreml tənqid etdisə, Əfqanıstana atılan bombaya etiraz etmədi. Çünki hədəf terrorçular idi".
Politoloq bütün hallarda Əsədin hakimiyyətinin süqut edəcəyini düşünür: “Bütün hallarda Əsəd hakimiyyətini qoruya bilməyəcək. Suriya 4-5 yerə bölünüb, yüz minlərlə insan həlak olub və buna görə Əsəd bir dəfə də olsun başsağlığı verməyib. Məsələn, son kimyəvi silahdan istifadəni götürün. Əsəd deyir ki, bunu mən etməmişəm, tutaq ki, bu belədir. Axı kimyəvi silahdan istifadə zamanı yüzlərlə mülki insan həlak olub, hamısı Suriya vətəndaşıdır, heç olmazsa onların ölümündən təəssüf hissi keçirdiyini bildirərdi. Əsəd Səddam Hüseynin aqibətini təkrarlamasa belə, hər halda indiki şərtlər daxilində onun uzun müddət hakimiyyətdə qalacağını da düşünmürəm. Onun yeganə alternativi ya İranda, ya da Rusiyada siyasi sığınacaq istəməsidir və hadisələr buna doğru gedir. Üçüncü variant da var. Ona qarşı sui-qəsd də həyata keçirilə bilər”.
E.Şahinoğlu Trampın Əsədə heyvan deməsinə bu cür münasibət sərgilədi: “Donald Tramp ənənəvi siyasətçi deyil, düşündüyünü deyir, impulsiv qərarlar verir. Elə bu xasiyyətinin nəticəsidir ki, Əsədi heyvan adlandırıb. Bu ifadənin işlədilməsi həm də o deməkdir ki, Tramp prezidentik müddəti bitənə qədər istənilən yolla Əsədi bitirməyə çalışacaq. Əks halda seçiciləri ondan soruşacaqlar ki, birinə heyvan dediyin şəxsin şıltaqlıqlarına nə çox dözdün?”