“İran Azərbaycanda düşmənlərin ifrat tələbləri ilə üzləşdi...” - Xamneyinin müşavirindən şok açıqlama
6-08-2015, 13:00
İranın dini lideri ayətullah Əli Xamneyinin beynəlxalq məsələlər üzrə baş müşaviri və keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti Tehranda keçirilən konfransda suriyalıların “ABŞ-ın və regiondakı reaksion rejimlərin” tələsinə düşmədiyini deyib.
Virtualaz.org saytı İranın yarırəsmi “Mehr” agentliyinə istinadən xəbər verir ki, II Beynəlxalq Konstitusiya İnqilabı Konfransında çıxış edən Vilayəti “İranın xüsusən Azərbaycanda düşmənlərin hədsiz tələbləri ilə üzləşdiyini” və indi “İslam Respublikasının müdrik rəhbərliyinin başçılığı altında inkişaf yolunda olduğunu” deyib.
Əli Əkbər Vilayətinin İranın Azərbaycanda hansı düşmənlərin hansı ifrat tələbləri ilə qarşılaşdığı barədə danışarkən nə demək istədiyi məlum deyil. Ən azından “Mehr” agentliyinin xəbərində bu haqda şərh yoxdur.
Ə.Ə.Vilayəti əlavə edib ki, İran regiondakı digər ölkələrin taleyinə biganə qalmayacaq. Onun sözlərinə görə, region ölkələri ilə həmrəylik zərurətindən başqa İran özünün milli təhlükəsizlik maraqlarının tələb etdiyi hallarda bu ölkələrə “hər hansı şərt qoymadan” kömək etməlidir.
İran dini liderinin müşaviri Suriya böhranına görə ABŞ-ı və onun regiondakı “əlaltısı” olan Qətəri günahlandırıb. Bununla belə deyib ki, Əsəd 4 il əvvəl olduğundan daha güclüdür, İŞİD-ə və keçmiş “Bəəs”çilərə qarşı öz ordusu ilə mübarizə aparır.
“İran Yəmən, İraq və Suriya ictimaiyyətlərini dəstəkləyir”- deyə Vilayəti Tehranın bölgədəki şiələrə dəstək siyasətina işarə ilə bildirib.