Bakıda təmiz su fırıldağı - Qapı-qapı gəzən təhlükə

8-03-2019, 10:53           
Bakıda təmiz su fırıldağı - Qapı-qapı gəzən təhlükə
Uzun illərdir ki, Bakıda su filtri satışı ilə məşğul olan şirkətlər fəaliyyət göstərir.

Bu şirkətlərin sayı kifayət qədər çoxdur. Onların hər birinin keyfiyyət dərəcəsi, ümumiyyətlə yararlığı sual altındadır. Bu firmaların yeganə məqsədi əhaliyə su filtrlərini satmaqdır. Daha çox axşam saatlarında şirkət nümayəndələri qapı-qapı gəzərək sakinləri içdikləri suyun yararsız olmasına inandırır, filtri satmayana qədər əl çəkmirlər. Təxminən 17-22 yaş arası qızları irəli verən bu şirkətlər, məhsullarını elə reklam edirlər ki, insanlar içdikləri suyun keyfiyyəti ilə bağlı çaş-baş qalırlar. İlk baxışdan şirin dillərini işə salan şirkət xanımları dolayı yollarla ev sahibini yola gətirməyi də bacarırlar. Özləri ilə suyun tərkibini yoxlamaq üçün qurğu gətirən şirkət nümayəndələri içməli su üzərində müəyyən sınaqlar da aparırlar.

Maraqlısı isə odur ki, bu zaman onların apardığı sınaq işə yarayır. Həqiqətən də yoxlama zamanı suyun çirkli maddələrlə dolu və bulanıq hala gəlməsi baş verir. Beləliklə, suyun keyfiyyətsiz olduğunu və bu halın yalnız su filtri vasitəsilə aradan qalxacağını ev sahibinə inandırmağa çalışırlar. Ev sahibi isə çarəsiz qalıb filtri almağa razılaşır. Daha sonra ikinci mərhələ başlayır. Bu dəfə şirkət nümayəndələri məhsula qoyduqları kəlləçarx qiyməti ilə bazarlığa keçirlər. Bazarlıq isə əvvəlcə təklif olunan qiymətin yarı qiymətindən də aşağı dəyərdə razılaşdırılır.
Mütəxəssislərin dediyinə görə, əslində bu şirkətlərin özləri ilə gətirdikləri qurğu çox primitivdir və heç bir standarta cavab vermir. Yəni, suyun tərkibini yoxlamaq xüsusiyyətini daşımır. Bir sözlə bu cür şirkətlər öz fəaliyyətini yalnız fırıldaqçılıqla qurub.

Məlumat üçün bildirək ki, bu şirkətlərin əksəriyyəti rəsmi qeydiyyatdan keçməyib və qanunsuz fəaliyyət göstərirlər. İllərdir ki, analoji hal yaşanır. Bu məsələdə kifayət qədər aldanan istehlakçılar və şikayətçilər var. Amma bununla bağlı rəsmi qurumlar heç bir addım atmayıb və atmır. Nə sözügedən şirkətlərin fəaliyyətinə qadağa qoyulur, nə də aldadılmış istehlakçıların hüquqları bərpa edilir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Cebhe.info-ya açıqlamasında deyib ki, əhali bu cür su filtri şirkətlərinə inanmamalıdır:

“Mən Dünya Su Konqresinin iştirakçısı olmuşam. Orada suyun ilahi bir maddə olduğunu dərk etdim. Su barədə nə qədər tədqiqat aparılsa da, onun mahiyyətini anlamaq olmaz. Rəngi, qoxusu, dadı yoxdur və bir yerdə dayanmır. Yer üzündə yeganə maddədir ki, qalxır göyə təmizlənir. Bunun bu ilahiliyindən su filtrçiləri sui-istifadə edir və əhalini aldadırlar. Mən həmin Konqresdən gələndən sonra Azərbaycanda suyun təmizlənməsini müşahidə etdim. Hətta insanların daxil olmadığı yerə baxdım. Hesab edirəm ki, Azərbaycanda su normal şəkildə təmizlənir. Ölkədə 20-yə qədər su filtrçiləri var. Son 4 il ərzində internet üzərindən satışlar da həyata keçirirlər. Onlardan alınan malı geri qaytarmaq da mümkün olmur. Bizim quruma bununla bağlı çox şikayətlər gəlir. O şirkətlər su üzərində çox primitiv təcrübə həyata keçirirlər. Bir çox ölkələrdən su gətirmişəm, həmin suların üzərində filtr şirkətlərinin apardığı sınağı keçirmişəm. Bu, elmi-əsası olmayan bir təcrübədir. Sadəcə insanları təşvişə salmaq üçündür. Amma əhali buna inanmamalıdır”.

Eyyub Hüseynovun sözlərinə görə, eyni bir su ailənin 3 üzvünə müxtəlif cür təsir göstərə bilər:

“Burada fərqli orqanizm və rəsmi su məsələsi var. Təssüflər olsun ki, “Azərsu” ASC qarşısında dəfələrlə məsələ qaldırmışam ki, su filtrçiləri ilə bağlı birgə iş aparaq. Lakin baş vermir. Əgər aldadılan istehlakçılarımız olarsa, bizə müraciət edə bilərlər və biz təmənnasız onlara filtrlərini geri qaytarmaqda kömək edə bilərik”.

“Azərsu”ASC-nin mətbuat katibi Anar Cəbrayıllının sözlərinə görə, suyun keyfiyyəti ilə bağlı əhali ilk növbədə onlara və Səhiyyə Nazirliyinə inanmalıdır:

“Çünki əhaliyə verilən suyun keyfiyyət göstəricisinə biz və Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi cavabdehdir. Qurum suyun keyfiyyətinə nəzarət edir. Əgər biz əhaliyə pis su versək, o qurum buna imkan verməyəcək, gəlib xəttə müdaxilə edəcək və bağlayacaq. Su filtrinin satışı ilə məşğul olan o şirkətlər suyun tərkibini iki dəmir parçası ilə yoxlayırlar. Əgər bu dəmir parçaları ilə suyun tərkibini müəyyənləşdirmək mümkündürsə, o zaman ölkələr milyonlarla vəsait pul sərf edib laboratoriyalar niyə qururlar? Sadəcə onlar öz cihazlarını iki suya salır, bu zaman suyun tərkibindəki minerallar parçalanır, parçalananda isə su palçıq, bulanıq halına gəlir və suyun üzünə qalxır. Bundan istifadə edib camaatı aldadırlar ki, suda palçıq var. Bu özü də düzgün deyil. Fikir verirsinizsə, həkimlər uşaqlara çiy su içməyi məsləhət bilirlər. Onların filtri ilə suda olan minerallar parçalanır. Çünki suyun tərkibində kalium, kalsium, maqnezium və digər faydalı maddələr var. Filtrdən keçən sularda isə bu maddələr yoxdur. Bir maraqlı məqam da ondan ibarətdir ki, kimya və biologiyadan anlayışı olmayan, təhsil almayan 17-18 yaşında qızları qapı-qapı salıb, camaatı şirnikləşdirməyə çalışırlar. Bunun özü də dələduzluq faktıdır”.

Anar Cəbrayıllı “Azərsu” ASC olaraq suyun keyfiyyətinə tam zəmanət verdiklərini qeyd edib:

“Qurum olaraq buradan bəyan edirik ki, o, şirkətlərin su üzərində apardıqları sınaqların heç bir əsası yoxdur. İnsanların bu sahədəki məlumatsızlığından istifadə edib onlara kələk gəlirlər. Bundan əlavə bu gün Bakıda satılan filtrlərin çoxunun sertifikatı yoxdur. Onların bəziləri əks kosmos tiplidir. Bu tipli qurğuları suya yönləndirmək insafsızlıq və vicdansızlıqdır. Bu məsələ ilə bağlı tədbir görülməsinə gəlincə, bizim elə bir səlahiyyətimiz yoxdur. Amma Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət olunmalıdır və onlar tədbir görməlidirlər. Cihazların məişət texnikası yoxlanılmalıdır ki, standartlara cavab verir, vermir. Burada istehlakçıların aldadılmasından söhbət gedir. Ona görə də bu məsələ ilə istehlakçıların hüquqlarını qoruyan qurumlar məşğul olmalıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.