İki ölkədə fiaskoya uğrayan ABŞ acığını Türkiyədən çıxır - iki fərqli baxış
4-11-2019, 09:35
Amerikanın son bir ildə Venesuela və İranla bağlı xarici siyasətində fiaskoya uğradığı barədə fikirlər durmadan artır. Dünyanın super gücünün hər iki ölkə ilə bağlı niyyətini həyata keçirə bilmədiyi vurğulanır. Venesuelada ABŞ hakimiyyət çevrilişinə nail ola bilmədi. İrana qarşı sanksiyalar tətbiq etdi, bu da hələ ki nəticəsiz qalır.
Bütün bunlardan çıxış edərək, rəsmi Vaşinqtonun Venesuela və İranın heyfini sanki qardaş Türkiyədən çıxarmaq istədiyi barədə düşüncələr meydana çıxıb. Son olaraq, ABŞ Nümayəndələr Palatasında “erməni soyqırımı” ilə bağlı qəbul edilən qətnamənin təsadüf olmadığı qeyd edilir.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da bu cür düşünür: “Belə baxanda Amerika tək Venesuela və İranda fiaskoya uğramayıb. Son illərdə mənfi nəticələrlə üzləşən siyasətləri göz qabağındadır. Əfqanıstana daxil oldular ki, guya Talibanı məhv edəcəklər. Amma Taliban hələ də ölkənin böyük hissəsinə nəzarət edir və terror bitməyib. İraqa müdaxilə etdilər ki, guya Səddam Hüseynin nüvə silahı var. Onu asdılar, bəli, o, diktator idi. Amma nə nüvə silahı tapdılar, nə də orada sabitlik yarada bildilər. Tam əksinə, İŞİD İraqda peyda oldu. Ölkə 3-4 yerə parçalandı. Digər siyasətlərində də belə hallarla üzləşdilər. Venesuelada guya hakimiyyəti dəyişmək istəyirdilər. Maduroya alternativ siyasətçi tapıb onu dəstəklədilər. Amma bu ölkədə hələ də məsələ həll olunmayıb. İrana qarşı sanksiyaları sərtləşdirdilər ki, bu ölkəni çökdürəcəyik. Amma hələ də İran dözür, müqavimət göstərir. Eləcə də Türkiyə ilə bağlı da bunları deyə bilərik. Haradasa Venesuela, İran, Əfqanıstan və İraqı başa düşmək olar. Çünki Amerika bu ölkələri özünə düşmən sayır. Amma axı Türkiyə illərdir Amerikanın strateji müttəfiqidir.
Elxan Şahinoğlu: “Strateji müttəfiqə qarşı sanksiyalar tətbiq olunursa...”
Əgər strateji müttəfiqə qarşı sanksiyalar tətbiq olunursa, bu müttəfiqi zəiflətmək üçün ”erməni kartı"ndan istifadə edilirsə, o biri dövlətlər baxıb deyirlər ki, Amerika ilə əməkdaşlıq etmək qorxuludur, təhlükəlidir. Təsadüfi deyil ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxınlarda bir söz deyib. O söyləyib ki, Suriya ilə Trampla danışanda vəd verilir, yerinə yetirilmir, amma Rusiya prezidenti ilə danışıram, vəd verilir və yerinə də yetirilir. Bunun özü çox şeydən xəbər verir. Amerikanın bu siyasəti gətirib ona çıxardı ki, keçmiş strateji müttəfiqini sürətlə itirdi və həmin müttəfiq Rusiya ilə Çinlə daha yaxın yaxınlaşır. Eləcə də, bizə qarşı bunlar baş verir. Amerika ilə münasibətlərdə Türkiyə qədər problemimiz yoxdur. Əməkdaşlıq, dəstək var. Amma ABŞ Konqresində əgər erməni separatçısı qəbul olunursa, üstəgəl, Dağlıq Qarabağ separatçılarına hər il Konqres maliyyə ayırırsa, bu çox mətləblərdən xəbər verir. Dünyanın heç bir parlamenti erməni separatçılarına qarşı maliyyə yardımı ayırmır. Düzdür, bu il Tramp Konqresin separatçılara ayırdığı maliyyənin bir az qarşısını aldı. Amma yenə də ayırırlar. Bu da əslində ABŞ-Azərbaycan münasibətlərinə mənfi təsir edir. Çox təəssüflər olsun ki, Amerikanın rəsmi qurumları bu cür təxribatların qarşısını almır".
Hikmət Hacızadə: “Hələ dalğanın ortasındayıq”
Politoloq Hikmət Hacızadə fərqli mövqeyə sahibdir: “Prinsipcə fiasko demək olmaz, amma uğur da adlandırmaq mümkün deyil. İranla bağlı proseslər hələ davam edir. Bilmək olmaz ki, bu proseslər nə ilə qurtaracaq. Hələ dalğanın ortasındayıq. Eyni sözləri Venesuela haqqında da söyləmək mümkündür. Bu iki ölkədən əl çəkməyəcəklər. Yenə sıxacaqlar”.
Politoloq burada Türkiyə ilə bağlı deyilənlərlə razılaşmır: “Bunun məsələyə heç bir dəxli yoxdur. Hamıya elə gəlir ki, dünya iş-gücünü buraxıb, Azərbaycan və Türkiyə ilə məşğul olur. Azərbaycanlılara elə gəlir ki, Venesueladakı proseslər Azərbaycanla bağlıdır. Bu axı belə deyil. Doğrudur, Amerika acığını ”erməni soyqırımı"nı qəbul etməklə Türkiyədən çıxa bilər. Bu sözsüz belədir. Qərbin “B planı” orada “Kürdüstan dövləti” yaratmaq və oradan forpost kimi istifadə edib, Yaxın Şərqə nəzarət etməkdir. Bu, artıq üçüncü belə bir dövlət olardı. Birincisi Ermənistan, ikincisi İsrail olub. Çalışırlar ki, yaratmaq niyyətləri olduğu “Kürdüstan”ı qurub, onunla müttəfiq olub, Yaxın Şərqə nəzarət etsinlər. Amma alınmadı. Çünki Türkiyə möhkəm durdu. İndi də acıqlarını şübhəsiz ki, bu formada çıxırlar".
“Yeni Müsavat”