Nardaran xəyanətinin memarları kimdir? - Yeni həbslər olacaq

3-12-2015, 11:21           
Nardaran xəyanətinin memarları kimdir? - Yeni həbslər olacaq
İqtidar Nardaran olaylarını öz xeyrinə çevirməyi və yekunlaşdırmağı bacardı. İlk baxışdan uğursuz görünən bir əməliyyat siyasi hakimiyyətin əl-qolunu açdı, illərlə paytaxtın 15 kilometrliyində ona problem olan bir kənd problem olmaqdan çıxdı.

Etiraf etmək lazımdır ki, Azərbaycan hakimiyyəti bu kəndə tam nəzarəti həyata keçirə bilmirdi - bunu təmin etmək də ancaq güc yolu ilə mümkün görünürdü. Güc işlətmək üçünsə əsaslar, ya da heç olmasa bəhanə lazım idi.

Hacı Tale və onun radikal çevrəsi hakimiyyətə belə bir əsası verdi. Həbsdən çıxandan bəri daim kəskin, hətta provokasiya xarakterli açıqlamalarla çıxış edən, bununla da iqtidardan narazı olan hər kəsin cazibə obyekti olmağa çalışan Hacı Tale, göstərdiyi bütün cəhdlərə baxmayaraq, yalnız iki istiqamətdən dəstək və himayə ala bildi. Onlardan biri vaxtilə Rusiyanın dəstəyi və ssenarisi ilə yaradılan Milli Şura, onun əsasını təşkil edən AXCP-dir.

Bu qruplaşmanın, əsasən də AXCP-nin lider və fəalları eyni ilə Tale Bağırzadə kimi, reaksioner psixologiya daşıyan, avantürist və dağıdıcı xislətli insanlardan təşkil olunub. Onlar demokratiyanın İŞİD-çiləri hesab olunurlar; özləri kimi olmayanları bir qələmdə silməyə hazırdırlar. Və onlar üçün iqtidarı pafosla tənqid edən, təhqir edib söyən səfir Arif Məmmədov da dərhal idola çevrilir; dini ekstremizmin bariz nümunəsi olan Tale Bağırzadə də...

Hacı Taleyə dəstək verən digər istiqamət Nardaran kəndindəki İrana bağlı kiçik bir qrup idi. Dini mühiti yaxşı bilən “Yeni Müsavat” qəzetinə məlum olub ki, Azərbaycanda fəaliyyət göstərən əksər şiə-cəfəri icmaların rəhbərləri Hacı Talenin kənddəki məlum qrupla yaxınlaşmasında böyük təhlükə gördüklərini, bu gəncə üz verməyə ehtiyac olmadığını dəfələrlə kənd ağsaqqallarına çatdırıblar. Lakin Hacı Taleyə biət edən kiçik qrup kimsəni dinləmək niyyətində deyildi.

Hacı Talenin Milli Şura vasitəsilə siyasi dəstəyi, İranın müəyyən çevrələrindən maddi dəstəyi, Azərbaycanın fərqli bölgələrindəki tərəfdarları sayəsində, insani dəstəyi təmin edilmişdi. Nardaran kəndini özünə sığınacaq elan edən Hacı Tale bölgələrdəki tərəfdarlarını da gizli şəkildə kəndə toplamağa başladı. Kənddəki qaynaqlar qəzetimizə deyiblər ki, Nardaranda 26 noyabrda 6 nəfərin ölümü ilə nəticələnən əməliyyat əslində bu məxfi konsolidasiyanı dayandırmaq məqsədilə edilib.

Lakin məhz kənardan kəndə gələnlərin müdaxiləsi ilə atışma düşüb, faciə baş verib. Təsadüfi deyil ki, Nardaranda atışma olur, lakin oradaca həlak olan 4 mülki vətəndaşdan ikisi (daha bir nəfər sonradan aldığı yaradan dünyasını dəyişdi) kənar bölgədən gələnlərdəndir. Sərvan Səfərov-Yevlaxdan, Abbas Hüseyn-Masallıdan. Daha sonra aparılan danışıqlar sayəsində, kəndə kənardan gələn Hacı Tale tərəfdarları 30 noyabr tarixində, gecə saatlarında yerli hakimiyyət qüvvələrinin ayırdığı 7 avtobusla kənddən çıxarılıb. Təxminən 250 nəfər! Kənd ağsaqqallarının yaxından dəstəyi ilə baş tutan və qan axmasının qarşısını alan bu prosesdən sonra 1 dekabr, səhər saatlarında kənddə xüsusi əməliyyat başlayıb.

Beləliklə, Hacı Tale Bağırzadə Nardaran düyününü həll etmək üçün bilərəkdən, ya da bilməyərəkdən, hakimiyyət üçün əsas yaratdı; proses müəyyən itkilərlə, demək olar ki, həll edildi.

Azərbaycan iqtidarı siyasi güc və tərəf olaraq, ölkənin siyasi müstəvisində rəqiblərindən xeyli üstün, çevik və hazırlıqlıdır. Ona müxalifəti təşkil edənlər, nə ayrı-ayrılıqda, nə də hamısı bir yerdə, onunla yarışa biləcək gücdə deyillər. Söhbət fiziki güclərin müqayisəsindən getmir - çeviklik, proseslərə adekvat münasibət, təkliflər paketi hazırlamaq, müəyyən kritik qərarlar qəbul etmək qabiliyyətlərindən gedir.

Nardaran hadisələri də ortaya heç də xoş olmayan bir səhnə çıxartdı - Azərbaycanın siyasi müxalifəti hər hansı bir prosesə adekvat reaksiya , hətta bəyanat da verə bilmir. Bu baxımdan, iqtidarın siyasi səhnədən narahatçılığı yoxdur; lakin Azərbaycana daxildən və xaricdən yönələn təhdid və təhlükələr mövcuddur və bütün ciddiyyətini qoruyur.

Hakimiyyətin öz içərisindəki güc mərkəzlərinin birinin ifşası ortaya ciddi və vahiməli bir mənzərə çıxartdı: bu iqtidarın öz daxilində onun özünə və bütövlükdə ölkəmizə qarşı ciddi təhdid təşkil edən qruplar varmış! Və onlar fərqli xarici qüvvələrə bağlıdırlar. Etiraf etmək lazımdır ki, prezident Əliyev risk alaraq, bu təhdidi qətiyyət və ardıcıllıqla aradan qaldırmaq prosesinə start verdi. MTN naziri Mahmudovun və onun dəstəsinin deşifrəsindən sonra iqtidara qarşı iç təhdid azaldıldı; digər güc mərkəzlərinə gözdağı verildi; ardınca isə “Nardaran olayları” şərti adı ilə kodlaşdırıla bilinəcək prosesə start verildi. Eksport ideologiyalar və qurumlara qarşı savaş başladıldı.

“Yeni Müsavat”a çatan bilgilərə görə, dini əsaslarla təşkilatlanmış və ölkə üçün təhdid təşkil edən digər icma və camaatlara qarşı da eyni proses başlayacaq. Azərbaycan iqtidarı Hacı Tale Bağırzadənin timsalında həyata keçirdiyi əməliyyatla uzun illər kontroluna ala bilmədiyi bir bölgəni nəzarətə götürdü; lakin bu sürəc heç də ölkədəki şiələrə qarşı əks münasibət hesab edilmədi. Hətta İran belə bir bəyanat vermədi; Hacı Talenin və Nardaranın arxasında durmadı, məsuliyyəti bölüşmədi; digər dini icmalar da heç bir həmrəylik nümayiş etdirmədilər; insan ölümlərindən başqa, əməliyyatda xüsusi pislədikləri məqam da olmadı. Yalnız Əli Kərimliyə bağlı olan media və siyasi təşkilatlar, fərdlər fərqləndilər. Lakin onların artıq hər hansı prosesə təsir gücü qalmayıb.

Bundan sonra nə olacaq? Azərbaycan iqtidarı cəmiyyət, dini icmalar və siyasi müxalifətlə necə rəftar edəcək?

“Yeni Müsavat”ın təhlilinə görə, iqtidar “hücumda oynamaqda” davam edəcək. Buna baxmayaraq, onsuz da zəifləmiş siyasi müxalifətə qarşı heç cəza tədbiri gözlənilmir. Lakin Milli Şura və AXCP istisnadır. Hacı Tale Bağırzadəyə yaxın olan bu qurum və onun rəhbərləri istintaqa cəlb oluna bilərlər.

Dini icmalarla bağlı, xüsusi ilə Azərbaycanda ənənəvi təriqətlərdən olan sünni və şiə icmalarına qarşı xüsusi əməliyyatlar gözlənilmir. Lakin Tale Bağırzadənin kənardan aldığı maddi dəstəklə qurduğu “Müsəlman Birliyi” hörgütü tamamilə deşifrə edilərək, sıradan çıxarılacaq. Həyata keçirilən intensiv həbslər də bunu təsdiq edir.

İqtidar öz içindəki təmizləmələri isə davam etdirəcək. Qeyd etmək lazımdır ki, hazırda Azərbaycan hakimiyyətini və onun gələcəyini təhdid edən ən böyük təhlükə məhz daxili dönüklər və mənfəət qruplarıdır. Prezident Əliyevin özünün də anons etdiyi kimi, bütün dövlət strukturlarını ASAN modelinə keçirmək prosesinə start verilib; buna ciddi müqavimət var, lakin iş də gedir. Bu baxımdan, qarşıdakı həftələrdə, aylarda Azərbaycanı yeni məmur həbsləri və işdən çıxarılmalar gözləyir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.