Hafiz Məmmədovdan iddialı açıqlama: - “Hamısını geri qaytaracağam”
4-12-2015, 13:55
“Bakı” futbol klubunun sahibi, tanınmış iş adamı Hafiz Məmmədov düşdüyü çətin durumdan və komandası ilə bağlı gələcək planlarından danışıb. Dia.az xəbər verir ki, qol.az-a müsahibə verən H.Məmmədov yaxın gələcəkdə komandadan gedən oyunçuları geri qaytaracağını deyib: “Namiq Ələsgərovun getməsi mənə çox pis təsir etdi. O klubun öz yetirməsi, çox bacarıqlı futbolçu idi. 5 minə görə komandadan oyunçu gedər? Defolt ola-ola, 12 biznesim fəaliyyətini davam etdirirdi. Ordan gələn gündəlik pulla Namiqin problemini həll etmək olardı. Bir nəfər qayıtdı ki, “Bakı” heç su pulunu ödəyə bilmir. Bu, artıq təxribat idi. Yaxın adamlarımdan bəziləri belə düşünürdü ki, Hafiz Məmmədovun nəsə problemi var. Ürəyim partlayırdı. Ancaq baş verənlər bizim üçün məktəb idi. Yaşananlar insanı dəyişir. 20 ay pulsuz oturduq. Bu müddətdə nə xaricilər bizdən üz döndərdi, nə də yaxın dostlarımız. Biznes strukturlarında da dəstəkləyənlər oldu. Biz sadəcə alacaqlarımızın arxasınca düşmüşdük. Heç kimdən borc almadıq. Bu mənim xarakterimdə yoxdur. Söhbət tək klubda deyil. Ətrafımızda 4 mindən artıq adam işləyir”.
H.Məmmədov bəzi oyunçuları komandaya qaytarmaq fikrinin olduğunu da əlavə edib: “Klubdan bir adam gəlib mənə desəydi ki, Namiq Ələsgərov gedir, 5 min ver. Verməyəcəkdim? Digər klublardan da oyunçularımıza qarmaq atırdılar. Ayıbdır. Hamısını geri qaytaracağam. Kim halallıqla gedibsə, mütləq “Bakı”ya qayıdacaq. Özü də elə-belə yox. Ən yaxşı şəraiti yaradacağıq və özləri də geri dönməkdə maraqlı olacaqlar”.