Bakı-Ankara müttəfiqliyi yeni mərhələdə - dostlar məmnun, düşmənlər məyus...

5-12-2015, 09:48           
Bakı-Ankara müttəfiqliyi yeni mərhələdə - dostlar məmnun, düşmənlər məyus...
Əhməd Davudoğlunun səfəri iki ölkə arasında əlaqələri daha yüksək səviyyəyə qaldıracaq; Bakı mesajlarından Türkiyə-Azərbaycan tandeminə qarşı olanların hamısına, o cümlədən Rusiya və Ermənistana məxsusi pay düşür...
Türkiyə baş naziri Əhməd Davudoğlunun Bakı səfəri gözlənildiyindən də effektli və əhəmiyyətli oldu. Söhbət qardaş ölkə hökumət başçısının verdiyi olduqca mühüm açıqlamalar və mesajlarla yanaşı, Azərbaycan prezidenti İlham Əliyevin də Türkiyəyə münasibətdə sərgilədiyi adekvat, hətta Moskvada qıcıq yaradacaq qədər cəsarətli mövqeyindən gedir.

Əhməd Davudoğlu və İlham Əliyevin görüşdən sonrakı mətbuat konfransında səsləndirdikləri bəyanatlar göstərdi ki, iki ölkə münasibətlərinə “Su-24" insidentinə görə gərginləşmiş Ankara-Moskva əlaqələrinin neqativ təsiri olmayıb və gözlənilmir. Əksinə, rəsmi Bakı aydın şəkildə işarə vurdu ki, əsas strateji müttəfiqini nəinki bu məsələdə, digər aktual məsələlərdə də tək buraxmaq niyyətində deyil və müdafiə eləməkdə davam edəcək.

İlham Əliyevin söylədiyi “Azərbaycanla Türkiyə bütün məsələlərdə bir yerdədir” sözləri bu mənada Türkiyənin köhnə-yeni rəqiblərinə açıq xəbərdarlıq mesajı sayıla bilər. Bu mesaj özündə incə şəkildə “Su-24" olayından dolayı situasiyanı da ehtiva edir və Ankaraya qarşı rəsmi Moskvanın 24 noyabrdan sonra səsləndirdiyi ittihamları Bakının rədd eləməsi anlamına gəlir.

Üstəlik, Bakı təkcə sözlə kifayətlənməyəcək, Türkiyənin Rusiyadan enerji asılılığını azaltmaq üçün Ankaranın bütün qayğılarını bölüşəcək, onun yeni planlarında yer alacaq və ya ən azından, bu planlara dəstəkçi olacaq, bu məqsədlə həmçinin TANAP-in inşası sürətləndiriləcək, habelə Rusiyada yasaqlanan Türkiyə malları üçün yeni bazarlar tapılmasına kömək edəcək və s.



Diqqətçəkicidir ki, Davudoğlu Türkiyənin də istənilən məsələdə qeyd-şərtsiz Azərbaycanın yanında, onun düşmənlərinin isə önündə olduğunu bəyan elədi. Bura öncəliklə Dağlıq Qarabağ məsələsinin ədalətli həlli və ölkəmizin təhlükəsizliyinin, müdafiə qabiliyyətinin gücləndirilməsi və hərbi sənayesinin inkişaf etdirilməsi daxildir.

Beləcə, tərəflər gündəmdəki bütün aktual və kəskin mövzular üzrə “qırmızı xətləri” cızdılar ki, bu da səfərin digər mühüm nəticəsi hesab oluna bilər. Əslində “Siam əkizləri” kimi yaxın olan Azərbaycan-Türkiyə tandemi üçün son gəlişmələr təbiidir, normaldır. Ən önəmlisi, yeni situasiyada artıq Moskva da anladı ki, Türkiyə-Azərbaycan müttəfiqliyi quru bəyanatlardan ibarət deyil, uzun müddətədir.

Şübhəsiz ki, o üzdən səfərdən Azərbaycanla yanaşı, Türkiyə tərəfi də məmnun qalacaq. Hər halda, bir daha yəqinlik hasil oldu ki, iki qardaş ölkənin dostluğu, qardaşlığı və strateji müttəfiqliyi regionda və dünyada gedən neqativ proseslərin hamısının, habelə iki ölkə hökumətlərinin maraqlarının fövqündədir, sarsılmazdır, əbədidir.



Bu xüsusda böyük regional güc kimi Türkiyə baş nazirinin “İşğal altındakı torpaqlarının son qarşı qaytarılanadək Azərbaycanın yanındayıq”, “Dünyada heç bir dövlət Türkiyə və Azərbaycan qədər yaxın deyil”, “Azərbaycan bayrağı haradadırsa, Türkiyə də orada olacaq” kimi açıqlamaları indiki qəliz regional durumda və Kremlin təhdidləri fonunda ölkəmiz üçün son dərəcə mühüm əhəmiyyət daşıyır.

Bakı açıqlamaları və mesajları həmçinin Rusiyanın Qarabağa dair hərbi xarakterli müdaxilə planlarına qarşı çəkindirici gücdədir və sərhədlərin qeyd-şərtsiz açılmayacağı barədə Ermənistana açıq mesajdır, paralel surətdə Moskvaya Qarabağ kartından sonsuzadək öz bildiyi kimi istifadəyə imkan verilməyəcəyinə, yeni Qarabağ savaşı başlarsa, Ankaranın tərəddüdsüz Bakının yanında yer alacağı barədə xatırlatma-xəbərdarlıqdır.



***
Əhməd Davudoğlunun Putinə göndərdiyi açıq və sərt mesajlar da Bakıda səslənməsi baxımından ikiqat sanbala malikdir. Baş nazirin Putini ciddi olmağa səsləməsi, onun İŞİD-lə neft alveri mövzusunda ittihamları qətiyyətlə rədd eləməsi, Putini üzbəüz dialoqa çağırması özlüyündə çox şey deyir və qardaş dövlətin heç bir güc qarşısında əyilməyəcəyi, öz nüfuzu ilə siyasi bazarlıq yapmayacağı barədə Kreml də daxil, dünya güclərinə xəbərdarlıqdır.
Sitat: “15 gün əvvəl ortada olmayan, ”Su-24"ün vurulmasından sonra üzə çıxan “Türkiyə İŞİD-dən neft alır” yalanlarından istifadə eləməyin. Əgər belə bir şey var idisə, 15 gün əvvəldən deyərdiniz. Soyuq müharibə dövrünün təbliğatından əl çəkin. Türk və rus xalqları arasında heç bir problem yoxdur və olmayacaq. Buradan Moskvaya və bütün rus xalqına səslənirəm. Rus xalqına qarşı heç bir kin və nifrətimiz yoxdur. Türklər və ruslar Avropa ilə Asiya tarixini birlikdə formalaşdırmış iki böyük xalqdır. Rus xalqı şərəfli xalqdır, biz onlara hörmət edirik. Lakin bilməlidirlər ki, türk xalqı da şərəfli xalqdır və hörmət etdiyi xalqlardan hörmət gözləyir. Putinə çağırış edirəm. Gəlin, məsələləri üz-üzə danışaq...»

***
Rezüme yerinə qeyd edək ki, baş nazir Əhməd Davudoğlunun səfəri iki ölkə arasında əlaqələrin daha yüksək səviyyəyə keçməkdə olduğunu nümayiş etdirdi. Bu kontekstdə Bakıda verilən mesajlardan Türkiyə-Azərbaycan tandeminə və qardaşlığına qarşı olanların hamısına, ələlxüsus Rusiya və Ermənistana mühüm pay düşür...
musavat/com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.