"MTN işi"ndə 6 ay əvvəl müəmmalı həbs - Putin deyib ki...
5-12-2015, 12:12
Bu ilin iyul ayında DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməliyyatı nəticəsində MTN-in adından dələduzluq edən dəstənin yaxalanması barədə məlumat yayılmışdı.
Həmin məlumatda deyilirdi ki, Bakı sakini olan vətəndaş (şəxsin adı naməlum səbəblərdən açıqlanmamışdı) DİN-ə müraciət edərək bildirib ki, özlərini MTN-in əməkdaşları kimi təqdim edən bir qrup şəxs onun 3 milyon 400 min ABŞ dolları məbləğində pulunu ələ keçirib. Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin həyata keçirdiyi əməliyyat nəticəsində dəstənin üzvləri Loğman Abdullayev, Elnur Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev və Fərhad Tağıyev həbs edilib. Dəstənin digər üzvlərinin də tutulması istiqamətində zəruri tədbirlər davam etdirilir.
İstiqlal.az-a bu məsələ ilə bağlı ilginc məlumat daxil olub. Məlumatda deyilir ki, dəstənin üzvü Loğman Abdullayev həqiqətən də MTN əməkdaşı olub və bu dəstə adıçəkilən nazirliyin nəzarəti altında fəaliyyət göstərib. İddialara görə, Loğman Abdullayev həbs edilən MTN generalı Akif Çovdarovun tabeliyində olan şəxs olub.
Məlumatda deyilir ki, dəstənin hədəfinə gələn şəxs pulu alınandan sonra Rusiyaya gedib. Bu ölkənin siyasi dairələrindəki tanışları vasitəsilə məsələni Vladimir Putinə çatdırıb. Məhz bundan sonra DİN-ə dəstəni zərərsizləşdirmək barədə göstəriş verilib. Polisin peşəkarlığı nəticəsində dəstə dərhal zərərsizləşdirilib. Eyni zamanda məsələ bütün çılpaqlığı ilə "yuxarılar"a məruzə edilib. Həmin vaxt Akif Çovdarov Loğman Abdullayevin həbsinə mane olmağa çalışsa da, bu mümkün olmayıb.