ADDA sədrinin müəmmalı keçmişi
7-12-2015, 12:30
Və ya 7 kq narkotiklə həbs olunan adam necə «siyasi mühacir» oldu?
Son illər Azərbaycandan Avropaya daşınan və ya qaçan xeyli sayda insan var. Onların bir qismi həqiqətən də siyasi təqiblərə məruz qalsa da, bəzilərinin siyasətlə yaxından və uzaqdan heç bir bağlılığı olmayıb. Elə zaman keçdikcə bəzilərinin qaçma sirlərinin də üzər açılmaqdadır.
teref.az Liderinfo.az-a istinadən xəbər verir ki, belə «siyasi mühacir»lərdən biri də Elgiz Sadıqovdur. Sayt yazır ki, Avropa Demokratiyaya Dəstək Alyansının (ADDA) bir müddət əvvəl yayıdığı bəyanatda bildirib ki, Elgiz Sadıqov narkotik vasitələrin satışı maddəsi ilə şərlənərək həbs olunub. Və buna səbəb də onun ADDA-nın sədriTural Sadıqlının qardaşı olmasıymış.
Qeyd edilir ki, Azərbaycan prezidenti Almaniyaya səfər edərkən ADDA Alyansının üzvləri ona qarşı etiraz aksiyası keçiriblərmiş. «Əslində, bu nə birinci, nə də sonuncu aksiyadır. Amma nə bu aksiyaya qədər, nə də bu aksiyadan sonra iştirakçıların özlərinin və ya qohumlarının Azərbaycanda təqib edilməsi haqda hər hansı bir fakt var».
Liderinfo.az yazır ki, bu, Elgizin həyatında üçüncü məhkumluğudur. «Elgiz ilk dəfə 1998-ci ildə, hələ qardaşına görə “siyasi əzabkeş” olmaq ağlının ucundan keçmədiyi zamanlarda məhkum edilmişdi. O zaman Bakı qarnizonunun hərbi tribunalı Elgizi fərariliyə görə iki il azadlıqdan məhrum etmişdi. İkinci dəfə isə o, həqiqətən qardaşına görə həbsdə yatıb. Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin (hakim Nüşabə Ağayeva) 29 iyun 2007-ci il tarixli hökmündən çıxarış: “Sadıqov Elgiz Əlövsət oğlu Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla beş il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli 26 fevral 2007-ci il tarixdən hesablanılmışdır”.
Bu gün Sadıqovları şərləməkdə ittiham olunan Azərbaycan ədliyyəsi belə ağır cinayətdən sonra humanistlik göstərərək Elgizi bağışlamışdı. Xatırladaq ki, həmin maddə adam oğurluğundan bəhs edir, konkret halda isə adını yazmaq istəmədiyimiz bir qızın zorla qaçırılmasından söz gedirdi».
Daha sonra vurğulanır: «Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri üzrə məhkəmə kollegiyasının 26 may 2009-cu il tarixli 1(102)-266/09 qərarında deyilirdi: “Onun əməli CM-nin 29, 144.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Həmin maddə ilə məhkəmə E.Ə.Sadıqova cəza təyin edərkən barəsində CM-nin 62-ci maddəsini tətbiq edib maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də aşağı cəza təyin edilmişdir”. Amma Sadıqovların məcburi köçkün ailəsi olması, bu cinayət işi üzrə Elgizin doğma qardaşı Turalın da eyni maddə ilə məhkum edilməsi, ailəsinin olduqca ağır vəziyyətdə yaşaması müstəsna hal kimi qiymətləndirilmiş və onun barəsində azadlıqdan məhrumetmə cəzası beş ildən üç ilə endirilmişdi».
Məlumatda deyilir ki, Tural Sadıqlı yarımçıq qalmış təhsilini Naxçıvan Dövlət Universitetinin magistaturasında davam etdirib. «Hələ magistaturada təhsil ala-ala işə də götürülür. Bu dəfə NDU-da təhsil alan Mona Zeydan adlı misirli qıza evlənəcəyini vəd edir. Hətta NDU-nun yardımı ilə Misirə elmi ezamiyyəyə gedərkən Mona ilə dini nikah kəsdirir. Amma bu “nikah” Azərbaycanda rəsmiləşdirilmir. Çünki Çikatilo və Kazanovanın xəlitəsi sayılacaq qəhrəmanımızın qəlbi yeni “eşqlər”lə çırpınırdı. Nəhayət, onun pozğunluğundan bezən tələbə qızların və universitetin gənc xanım əməkdaşlarının şikayətlərinə əsasən Tural Sadıqlı NDU-dan uzaqlaşdırılır. Amma yenə də gəncliyini nəzər alıb ona qarşı mərhəmətlə davranırlar. Baş verənlər əmək kitabçasına qeyd edilmir, ictimailəşdirilmir, ona öz ərizəsi ilə işdən getmək təklif olnur».
Sayt bildirir ki, Tural “macəralar”ını davam etdirmək üçün yenidən Bakıya üz tutur. Burda AMEA-nın Şərqşünaslıq İnstitutuna elmi işçi götürülür. «Əvvəl kazanovalıq portreti tamamlansın deyə sifətində kosmetik əməliyyat etdirir. Sonra isə siyasət meydanına baş vurur, Müsavat partiyası “perspektivli şərqşünas ailm”i öz sıralarına qəbul edir. Tural partiyanın gənc və iddialı bir üzvü kimi meydanlarda, mitinqlərdə, sosial şəbəkələrdə fəallıq edir. Amma bu dəfə də Müsavatın fəaliyyət meydanı ona dar gəlir. Tural əvvəl ona humanistlik etmiş Şərqşünaslıq İnstitutunun rəhbərliyini ittiham edib işdən uzaqlaşır, sonra da Müsavatı opportunizmdə, hakimiyyətə satılmaqda ittiham edib “yeni müxalifət” yaratmaq qərarına gəlir. “Yeni müxalifət” dediyi isə mühacirət etdiyi Almaniyada qurduğu Avropa Demokratiyaya Dəstək Alyansı (ADDA) adlı təşkilat və “Azad söz” adlı internet resursudur».
Qarşı tərəfi də dinləməyə hazırıq.