Ermənilər Azərbaycanın Müdafiə Nazirliyini təəccübləndirib - AÇIQLAMA
9-12-2015, 21:51
"Cəbhədə Azərbaycan tərəfinin tanklardan istifadə etməsinə dair Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat növbəti ermənisayağı variantdır. Çünki bunu demək düzgün deyil ki, atəşkəs əldə olunandan bəri cəbhədə tanklardan istifadə olunmayıb. Axı bunu necə demək olar?! 1994-cü ildən bəri 20 ildən çox vaxt keçib. Məgər bu vaxt ərzində tanklardan atəş açılmayıb? Axı belə şey ola bilməz. Digər tərəfdən, biz həmişə demişik ki, əgər düşmən bizə atəş açacaqsa, ona daha üstün silahlarla cavab verəcəyik və onların atəş nöqtələrini, mövqelərini, hərbi obyektlərini məhv edəcəyik".
Trend-in məlumatına görə, bunu Milli.Az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı açıqlayıb.
V.Dərgahlının sözlərinə görə, Silahlı Qüvvələrimiz düşmənə qarşı istifadə edəcəyi silahın vəziyyətə uyğun olaraq tətbiq olunmasını həyata keçirir: "Bunlar müxtəlif təyinatlı və çaplı silahlar ola bilər. Silahlı Qüvvələrimizin ön xətdə yerləşən bölmələri vəziyyətə uyğun olaraq müvafiq qərar qəbul edib düşmənə qarşı lazım gələn silahları tətbiq edirlər".
Müdafiə Nazirliyinin sözçüsü ermənilərin ATƏT sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikə şikayət etməsinə də münasibət bildirib: "Kaspşikin elə özünün iştirakı ilə keçirilən monitorinqlərdə erməni tərəfi dəfələrlə ATƏT-in missiyasını atəşə tutub və bu barədə biz dəfələrlə rəsmi məlumat yaymışıq. İndi təcavüzkarın özünü belə həyasızcasına aparması açığı bizi yenə də təəccübləndirir. Ermənistanın müdafiə naziri Seyran Ohanyanın şəxsən Kaspşikə telefonla şikayət etməsi və Azərbaycanın guya vəziyyəti destabilizasiya etməsini bildirməsi heç bir əndazəyə sığmır. Əksinə, erməni tərəfi həmişə hadisələri gərginləşdirir. Bunun da səbəbi diqqəti Ermənistanda olan gərginlikdən və silahı qüvvələrində olan özbaşınalıqdan yayındırmaqdır".
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycanın Silahlı Qüvvələri atəşkəs rejimi bərqərar olandan bəri ilk dəfə tanklardan istifadə ediblər. Ermənilərin iddialarına görə, Azərbaycan ordusu TR-107 zenit-raket kompleksindən 17 dəfə, tanklardan isə 5 dəfə atəş açıb. Atəş nəticəsində Ermənistan ordusunda müqavilə əsasında xidmət edən 24 yaşlı Qarik Havanesyan həlak olub.