Eynulla Fətullayev axırıncı qalamqallı məmur arvadı haqqında danışdı - Məlumat Türkiyədən ötürülüb

26-01-2016, 09:52           
Eynulla Fətullayev axırıncı qalamqallı məmur arvadı haqqında danışdı - Məlumat Türkiyədən ötürülüb
Eynulla Fətullayev ANS-ə dəstək verməsindən və SOCAR məmurunun adına çıxılan villalarla bağlı xəbəri yaymasından danışdı
Son günlərdə virtualaz.org və haqqın.az saytlarının rəhbəri Eynulla Fətullayev əsas gündəmə gələn şəxslərdən biridir. Buna səbəb ANS telekanalı ətrafında cərəyan edən hadisələr və azərbaycanlı məmurun həyat yoldaşının Türkiyədə 20 milyona 16 villa alması ilə bağlı üzə çıxan məlumatlardır.

İlk olaraq, Fətullayev ANS-in “Hesabat” verilişinin bağlanması ilə bağlı Mirşahin Ağayevin keçirdiyi mətbuat konfransında iştirak etməsi, kanala açıq dəstək verməsi ilə gündəmə gəldi. Ardınca isə SOCAR məmurunun arvadının 20 milyon dollara aldığı villaları ilk dəfə rəhbəri olduğu mətbuat orqanında dərc etdirməsi ilə ictimai diqqət mərkəzində oldu.

İctimaiyyət arasında E.Fətullayevin son günlərdəki addımları ona müəyyən təhlükə yaratdığı və yenidən həbs edilmə ehtimallarının yüksək ola biləcəyi barədə söz-söhbətlər gəzir. Sosial şəbəkələrdə müxtəlif iddialar səsləndirilir. SOCAR məmurunun arvadı ilə bağlı məlumatın da məhz müəyyən dairələr tərəfindən mətbuata ötürüldüyü, sayt olaraq da virtualaz.org-ın seçilməsinin pərdəarxası məqamlarının olduğu deyilir.

Bütün iddialara aydınlıq gətirmək üçün Eynulla Fətullayevlə əlaqə saxladıq. O, musavat.com-a açıqlamasında məlum proseslərdə ANS-in yanında olmasına belə cavab verdi: “Bu, söz azadlığı və demokratiya məsələsi idi. Ədalətsiz bir qərar verilmişdi. Bununla bağlı dəfələrlə mövqeyimi bildirmişəm. Nəinki ANS, səhəri gün ”Yeni Müsavat", “Azadlıq” və digər mətbuat orqanlara qarşı da bu cür qanunsuzluqlar edilsə, eyni münasibəti sərgiləyərəm. Azərbaycan cəmiyyətində ANS-ə qarşı verilmiş qərar söz azadlığına basqı kimi qiymətləndirildi. Mirşahin Ağayevin mətbuat konfransında iştirak etdim. Bunu haqqın.az saytı vasitəsilə də yaydıq. Mən jurnalist, həmkar kimi iştirak etdim. ANS-in özü məlum basqının səbəblərini izah etdi. Nuşirəvan Məhərrəmlinin qanunsuz qərarı olub. Məsələyə ölkə prezidenti müdaxilə edib. Nəticədə qanunsuz qərar ləğv olunub. Bununla da söz azadlığı bərqərar olunub. Baş verən hadisələr cəmiyyətimizə detalları ilə bəllidir".

E.Fətullayev azərbaycanlı məmurun arvadının villaları ilə bağlı məlumatı əldə etməsinə, dərc etdirməsinə, həyatına yaranacaq təhlükələrə bu cür aydınlıq gətirdi: “Məlumatı Türkiyədəki mənbələrdən əldə etmişik. Bakıya həmin şirkətin nümayəndələri gəldilər. Məsələ burasındadır ki, SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılov onun nəzarətində olan şəxs qiymət deyir. Bunlar Türkiyə şirkətinə sifariş verirlər. Amma müqavilə şərtlərini pozublar. Nəticədə qarşı tərəf qəzəbli olub. Onlar mənimlə görüşdülər və bildirdilər ki, əlimizdə ciddi sənədlər var. Onu Türkiyə mətbuatında yaymaq istədiklərini söylədilər. Onlara dedim ki, sənədləri Türkiyədə yaysanız, bəhrəsi olmayacaq, amma Azərbaycanda dərc olunsa, böyük əks-səda doğuracaq. Onlar mənə sənədləri göstərdilər. Açığı, şoka düşdüm. Söhbət 120 sot torpağın və içindəki villaların alınmasından gedirdi. Sosial şəbəkələrdə bəzi insanlar elə versiyalar irəli sürürlər ki, guya bunun qiyməti 200 min türk lirəsidir. Bu da 100 min dollar edir. Bir sual meydana çıxır ki, azərbaycanlı məmurun, idarə rəisinin müavininin 100 min dolları haradandır? Onun maaşı 1000 manata yaxındır. Gərək 10 il həmin məbləği heç yerə xərcləməsin ki, 100 min dollara nəsə etsin. Bu, gülməlidir. Sənəddə açıq şəkildə 120 sot torpaq və 16 villa göstərilib. Bodrum Türkiyənin ən bahalı kurort şəhərlərindəndir. Orada əmlakın da qiyməti çox yüksəkdir. Sual vermək lazımdır ki, 12 min kvadrat metrin qiyməti neçəyədir. Bu, 10 milyonlarla dollar edir. Bəlkə hələ biz az yazmışıq. Çünki türkiyəli inşaatçılar bildirdilər ki, onların əllərində başqa sənədlər də var. SOCAR-ın məmurları ilə bağlı. Onlar həmin məlumatları da bizə göndərəcəklər. Təbii ki, pullarını ala bilməsələr. Yəni ki, SOCAR sifariş verib, türk şirkətləri onu icra ediblər, amma sonda onları aldadıblar. Nəticədə onlar da bu cür addım atıblar”.

“Fikrimcə, hazırda jurnalistlərin fəaliyyət göstərmələri üçün ən təhlükəsiz dönəmdir. Çünki jurnalistlərin müdafiəsində dövlət başçısı şəxsən iştirak edir”


Tanınmış jurnalist SOCAR-la bağlı yaydığı məlumatda başqa səbəblər axtarmağın düzgün olmadığını da qeyd etdi: “Burada söhbət hansısa nazirliyin idarə rəisinin müavinindən gedir. Bu məmur hansı hakimiyyətdaxili münaqişələrdə iştirak edə bilər? Bu baxımdan səslənən fikirlər tamamilə əsassızdır. ANS ətrafında gedən söhbətlər sübut etdi ki, ölkə başçısının mediaya münasibəti həssasdır. Prezident bütün çıxışlarında bildirir ki, ölkədə ictimai nəzarət gücləndirilməlidir. Mətbuatın da xüsusilə rolunu qeyd edir. Jurnalistlərə təklif edir ki, məmur özbaşınalığı və korrupsiya ilə bağlı məlumatları dərhal yaymaq, dövlət orqanlarına bu barədə məlumat vermək lazımdır. Fikrimcə, hazırda jurnalistlərin fəaliyyət göstərmələri üçün ən təhlükəsiz dönəmdir. Çünki jurnalistlərin müdafiəsində dövlət başçısı şəxsən iştirak edir. ANS və Mirşahin ətrafındakı söhbətlər bunu sübut etdi. Jurnalistin işi həqiqəti ortaya qoymaq, məlumatları obyektiv işıqlandırmaq, cəmiyyəti narahat edən problemlərdən danışmaqdır. Bunlar dövlətə ziyan deyil, əksinə, xeyirdir. Biz bu işlə bağlı dövlətə böyük kömək etdik. Dövlətin qarşısına bir korrupsiya işi qoyduq. Bizim işimiz yazmaq, onların işi isə tədbir görməkdir”.musavat.com/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.