"Hazırkı sülhməramlı missiyanın varlığı beynəlxalq hüquqa və milli qanunvericiliyimizə uyğun deyil" - ETİRAZ

8-03-2021, 17:18           
"Hazırkı sülhməramlı missiyanın varlığı beynəlxalq hüquqa və milli qanunvericiliyimizə uyğun deyil" - ETİRAZ
“Azərbaycan bütün əraziləri üzərində suverenliyini mümkün qədər tez vaxtda təmin etməlidir. Bu olmadığı təqdirdə Ermənistan və onu provokasiyaya çəkmək istəyən güclər 10 noyabr 2020-ci il tarixli razılaşmanı, bizim 1994-cü il atəşkəsini gördüyümüz kimi görməyə başlayacaq”.

Bu barədə "Sherg.az"a Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib.

Ekspert bildirib ki, Azərbaycan sərhədlərindən istənilən istiqamətdəki keçidlər Azərbaycanın razılığı və nəzarəti altında olmalıdır:

“Bu, bölgənin gələcəyi və sülhün daimiliyi baxımından zəruridir. Sülhməramlı missiya ATƏT-in Budapeşt sammitinin qərarlarına əsasən çoxmillətli olmalıydı. Hazırkı durumda sülhməramlı missiyanın varlığı sadəcə bu qərara yox, ümumiyyətlə beynəlxalq hüquqa və milli qanunvericiliyimizə uyğun deyil. Amma qəbul edirik ki, müəyyən bir reallıq fonunda baş verib. Bölgədə Azərbaycan, Türkiyə və Rusiya da daxil olmaqla geniş əməkdaşlıq imkanları var, bu səbəbdən müəyyən məsələlərə göz yumulur. Amma bizim göstərdiyimiz xoş niyyəti digər tərəflər də göstərməlidir”.

Analitik vurğulayıb ki, Türkiyənin sülhməramlılarının Azərbaycan ərazilərinə gəlməsini bir xarici dövlətlə, o cümlədən Ermənistan, yaxud Rusiya ilə razılaşdırmağa ehtiyac yoxdur:

“Qarabağ Azərbaycanın mübahisəsiz suveren ərazisidir. Ermənistan, ya da Rusiya sadəcə Azərbaycan-Ermənistan sərhədində hansısa başqa dövlətin hərbçilərinin yerləşməsi məsələsində söz sahibi ola bilər. Türk ordusunun bu bölgədə sülhməramlı olmaq üçün ən az Rusiya ordusu qədər mənəvi və ondan daha çox hüquqi əsasları var”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.