"İkinci soyuq müharibəni necə uda bilərik?" – “Nyu-York Tayms”

12-04-2021, 17:07           
"İkinci soyuq müharibəni necə uda bilərik?"
Redaksiya ABŞ-ın “Nyu-York Tayms” qəzetində dərc edilmiş “İkinci soyuq müharibəni necə uda bilərik?” başlıqlı yazını ingiliscədən çevirərək təqdim edir. Yazının müəllifi Bret Stivensdir.
Birinci soyuq müharibə zamanı ABŞ-ın və onun müttəfiqlərinin SSRİ əleyhinə gizli bir silahı vardı. Bu nə Mərkəzi Kəşfiyyat İdarəsi, nə Müdafiə Nazirliyinin perspektiv tədqiqatlar şöbəsinin layihəsi, nə də Los-Alamos silah laboratoriyasının düzəltdiyi silah idi. Bu silahın adı kommunizm idi.
Kommunizm ideyası Qərbə belə yardım etmiş oldu. Bu ideya Rusiya imperiyasını populyar, ancaq işlək olmayan iqtisadi bir sistemlə yüklədi və Rusiyaya azad bazarda rəqibləri ilə yarışmağa imkan vermədi.
“Onlar özlərini elə aparırlar ki, guya bizə maaş verirlər, biz isə özümüzü elə göstəririk ki, guya işləyirik”. Bu nümunəvi rus zarafatı on minlərlə nüvə başlığı olan rejimin özünü niyə tükətdiyinə tutarlı bir izahdır.
İndi biz ikinci soyuq müharibəyə qədəm qoymuşuq. Bu dəfə Çinlə qarşı-qarşıya dayanmışıq.
Mart ayında Ankoridc şəhərində keçirilən ABŞ-Çin sammiti tərəflərin təkcə siyasi ziddiyyətlərini deyil, həm də fərqli dəyərlərini üzə çıxardı.
ABŞ-ın dövlət katibi Entoni Blinken açıq şəkildə Çini qlobal sabitliyi təmin edən qaydaları pozmaqda günahlandırdı.
Blinkeni cavabsız qoymayan çinli həmkarı Yan Çzeçi isə bildirdi ki, ABŞ öz demokratiyasını bütün dünyaya aşılamağı dayandırmalıdır.
Sammitdən bir neçə gün sonra Çin və İran arasında 400 milyard dollar həcmində 25 illik strateji pakt imzalandı. Sənəd tərəflərin birgə silah istehsalını və kəşfiyyat məlumatlarının mübadiləsini nəzərdə tutur.
Nizamlanma proseslərinə qaydalara uyğun riayət etməyin tərəfdarı olan ABŞ üçün belə pakt xəbərdarlıq mesajı anlamına gəlir.
Bundan mürəkkəb savaş jesti təsəvvür etmək çətindir.
Bəlkə də bütün işlər qaydasına düşəcək. Ancaq Bayden administrasiyasının barışdırıcı davranışının Çini ruhlandırmaqdan savayı bir işə yarayacağnı düşünmək sadəlöhvlük olardı.
Tramp və Obamanın administrasiyaları haqda çox fikirlər səslənsə də, onlar Çini təxribata sürükləmək yolunu tutmamışdılar.
Nə Tramp, nə Obama Çini Honkonqda demokratiyanı məhv etməyə və ya Sinçzyan uyğurlarına qarşı sərt davranmağa, Cənubi Çin dənizində beynəlxalq hüquqları pozmağa və ya beynəlxalq sanksiyaları pozmaqda Şimali Koreyaya yardım etməyə, qonşularını qorxutmaq üçün hərbi gücdən yararlanmağa və ya ABŞ-a qarşı kiber müharibə və sənaye casusluğu kampaniyaları aparmağa sövq etməmişdi.
Ona görə də yaxşıca götür-qoy edib ağıllı qərarlar qəbul etmək lazımdır. Bizim növbəti gizli silahımız nə olmalıdır?
Yəqin bu silah iqtisadi sanksiyalar, yaxud hərbi dəniz qüvvələrinin güc nümayişi olmayacaq. Ən güclü silah məhz Çinin daxili zəifliyidir. Rejim bu zəiflikdən qurtula bilmir, çünki bu, onun qanındadır.
Üç uyğun variant mövcuddur.
Birinci variant – millətçilikdir. Artıq neçə müddətdir ki, Çin liderləri ortodoksal marksizmdən imtina edərək millətçilik yolunu tutublar.
Millətçilik Çin rejiminin legitimliyinin iki dirəyindən birinə çevrilib. Onun legitimliyinin ikinci dirəyi inkişaf edən həyat səviyyəsidir.
Çində millətçilik artıq bu ölkənin bütün sahələrinə nüfuz edən, geniş aqressivləşməyə təsir göstərən başlıca amildir. Millətçilik bu ölkənin öz qonşularına qarşı irəli sürdüyü dəniz və ərazi iddialarında, inkişafda olan kütləvi silahlanmada, Tayvana qarşı artan təhdidlərdə, hətta yiyələnmək istədiyi ölkələrdəki qonaqpərvərlikdən sui-istifadə etmə vərdişində özünü göstərir.
Millətçi mövqeyini getdikcə möhkəmləndirən Çin öz qonşuları ilə də problemlər yaşayır. Yaponiya Çinin gücünü nəzərə alaraq hərbi potensialını genişləndirir. Avstraliya yavaş-yavaş da olsa Çinin təsir dairəsindən uzaqlaşmağa çalışır. Vyetnam isə ABŞ-a yaxınlaşmaqda davam edir.
Vaşinqtonun millətçiliyi təblığ edib bundan öz xeyrinə faydalanmasına ehtiyac yoxdur. ABŞ sadəcə sakitlik nümayiş etdirib səbirlə gözləmli və Tramp administarsiyasının dağıtdığı Trans-Sakit Okean Əməkdaşlığı layihəsinə geri dönməlidir.
İkinci variant – şəxsiyyətə pərəstiş siyasətidir. Si Cinpin Çinin avtoritar sistemini elə formalaşdırıb ki, Mao Tsedundan üzü bəri heç bir lider buna bu qədər nail ola bilməyib.
Belə idarəçilik ilk baxışdan koronavirus kimi bir böhran qarşısında Qərbin nizamsız rəhbərliyi ilə müqayisədə hətta qibtə doğura bilər.
Bununla belə Si Cinpin oturuşmuş hakimiyyətin anadangəlmə zəifliyini aşa bilməz.
Hakimiyyət tək şəxsin əlində cəmləşibsə, bütövlükdə rejim onun səhv qərarlarından hər an zərər çəkə bilər. Avtoritar lider nə qədər məğlubedilməz obraz yaratmağa çalışsa da, o, gözlənilməz situasiyalardan sığortalanmayıb.
Si Cinpin öz gedişləri ilə əslində ideoloji bazanı sarsıdır, siyasi narazılıqları alovlandırır. Çin lideri bir gün mövcud rejimi məhv edə biləcək tənqidçilər və düşmənlər yetirir.
Özlərini liberal adlandıranlar istisna olmaqla, Çinin bütün liderləri mənəvi və dini cərəyanları həmişə sərt formada boğmağa çalışıblar.
Çünki bütün dinlər – istər falunqun, istər islam, istərsə də buddizm və ya xristianlıq siyasi nəzarətdən kənar mənəviyyat aşılayır. Bu mənəviyyat hakimiyyətə tabe olmamağa çağırır. Məhz bu səbəbdən Qərb müdrik davranaraq dini azadlıqlar prinsipini qəbul etdi.
Bayden Si Cinpinlə görüşərkən hər fürsətdə bütün bunları ona xatırlatmalıdır. Bunu etmək üçün yetərincə səbəblər var və Ağ ev Dalay Lama ilə bərabər Çindəki bütün dini liderləri ABŞ-a dəvət edə də bilər.
Eyni zamanda bunlar Pekini zərərsizləşdirmək üçün böyük alyans qurmağın, ona qarşı iqtisadi təzyiqlərə və güclü hərbi əhəmiyyatlara əl atmağın lazımsızlığı anlamına gəlmir.
Ancaq ikinci soyuq müharibəni dinc yolla necə başa vura biləcəyimizi düşünəndə Çin rejiminin özünü məhv etməsi versiyası üzərində də işləməyimiz gərəkdir.Novator.az/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.