“Heç bir halda arxayınlaşmaq, qələbə eyforiyasına qapılmaq olmaz” - GƏLİŞMƏ

29-04-2021, 09:16           
“Heç bir halda arxayınlaşmaq, qələbə eyforiyasına qapılmaq olmaz” - GƏLİŞMƏ
ABŞ prezidenti Co Baydenin 1915-ci il hadisələrini “soyqırım” olaraq tanıması Vaşinqtonun ermənipərəst siyasətinə qarşı etirazları artırıb. Türkiyə dövləti qəti şəkildə Ağ Ev sahibinin iddialarını rədd edir və bununla bağlı davamlı şəkildə açıqlamalar gəlməkdədir.

“Aprelin 24-də ABŞ prezidenti Co Bayden coğrafiyamızda bir əsr öncə yaşanan faciəli hadisələrlə əlaqədar əsassız, haqsız, həqiqətlərə uymayan ifadələrə yol verib. Heç bir tarixi və hüquqi əsası olmayan bu ifadələr millətimizin hər bir fərdi kimi bizi də təəssüfləndirdi”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bunu Nazirlər Kabinetinin növbəti iclasından sonra açıqlamasında bildirib. R.T.Ərdoğan deyib ki, Co Baydenin radikal erməni dairələrinin təzyiqi ilə belə bir ifadəyə yol verdiyini düşünür: “Bu vəziyyət iki ölkə arasındakı narazılığı aradan qaldırmayacaq. Türkiyə olaraq, tarixdə olan faciələrin müqayisə olunmasını humanist hesab etmirik, amma əgər belə bir yarış keçirəcəklərsə, biz alnıaçıq, üzüağ çıxacağımıza əminik. Çünki heç bir yerdə ermənilərə aid toplu məzara rast gələ bilməzsiniz, amma türklərə aid çox sayda toplu məzarlar var. ABŞ və Avropa başda olmaqla, bizə soyqırımı ittihamı yönəldənlərin hər birinin tarixində bu utancverici qətliamlar yer alıb”.

Ərdoğan deyib ki, erməni terror şəbəkələrini dəstəkləyən qüvvələr öz tarixlərindəki rüsvayçılığı ört-basdır etmək cəhdlərindədirlər: “Biz yenə də əvvəlki fikrimizdəyik. Tarixdəki hadisələrin araşdırılması və həqiqətlərin ortaya çıxarılması tarixçilərə həvalə edilməlidir, siyasətçilərə yox”. Türkiyə prezidenti əlavə edib ki, ABŞ prezidentinin yanlış addımdan geri dönməsinə ümid edir.

“Türkiyə olaraq hər kəsin təhlükəsizliyi üçün çalışmaq, dünyanın sülh və sabitlik içərisində yaşaması üçün mübarizəyə davam etməkdə qətiyyətliyik. Bölgəmizdəki və dünyadakı münaqişələrin həlli üçün təşəbbüs göstərməkdən də çəkinmirik”.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Türkmənistan Məclisi tərəfindən “Beynəlxalq təhlükəsizlik və sülhü gücləndirməkdə parlamentarilərin rolu” mövzusunda keçirilən tədbirdə onlayn çıxışı zamanı deyib. “Türkiyə Ermənistanın gərək Azərbaycana qarşı, gərək də regional olaraq bir təhdid, risk yaradan, məsuliyyətsiz davranan bir dövlət olduğu qənaətindədir. Ermənistanın işğalçı olduğu beynəlxalq hüquq və beynəlxalq təşkilatların təsbit etdiyi bir həqiqətdir. Türkiyənin Azərbaycanın yanında yer alması, dost və qardaşlıqdan savayı, Azərbaycanın haqlı olması ilə bağlıdır”, - deyə M. Şentop vurğulayıb.

Bir çox siyasət adamları, həmçinin prosesləri obyektiv təhlil edən ekspertlər hesab edirlər ki, ABŞ liderinin ən böyük zərəri məhz Ermənistana dəyəcək. Çünki hazırda regionun 6 ölkəsinin, o cümlədən Ermənistanın əməkdaşlığı məsələsi müzakirə mövzusudur. Azərbaycan dövləti Zəngəzur dəhlizinin və kommunikasiyaların açılmasından Ermənistanın da bəhrələnə biləcəyini dəfələrlə bəyan edib, hətta Ermənistan rəhbərliyi də eyni arqumentləri bölüşür. Ancaq Co Baydenin mövqeyi nifaqı dərinləşdirməyə daha çox xidmət edir. Faktiki olaraq erməni revanşistləri üçün Baydenin yanlışlığı əl-qol açmaq üçün stimul olub. Bəs, əksini araşdırsaq, Baydenin “erməni soyqırımı” deməsi Ermənistanı dirçəldəcəkmi? Bu, həm də bir mesaj idimi ki, bölgədə dava bitməyib, türklər erməniləri məğlub etməyib, savaş davam edəcək, “artsax” ideyası ölməyib? Biz dünyanın supergücünün rəhbərinin mövqeyini məhz bu cür qəbul etməli və gələcək planları, münasibətləri buna uyğun qurmalıyıq, yoxsa əksinə? Bu yerdə Rusiyanın mövqeyi də vacib istiqamətdir. Maraqlıdır, bölgəni özünün təsir zonası olaraq görən və ABŞ-ın regiona girişinə əngəl olan Rusiyaya sərf edirmi Baydenin “soyqırım” deməsi?

Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, Baydenin “soyqırım” ifadəsini işlətməsinin Ermənistanı dirçəltməsindən hansısa söhbət gedə bilməz: “Əksinə, ordusu dağıdılmış, iqtisadiyyatı çökmüş bu ölkə daha ağır duruma düşəcək”. Savaşın bitib-bitməməsinə gəldikdə isə C.Məmmədov hesab edir ki, artıq Azərbaycan bölgədə yeni reallıq yaradıb və yenidən Ermənistanda revanşist qrupların başlarını qaldırmasına heç bir halda imkan verməyəcək: “Bunu Ermənistan və havadarları yaxşı anlamalıdır”. Gələcək planlara gəldikdə, millət vəkilinin fikrincə, postkonflikt dövrünə hazır olmalı, ordumuzu daha da gücləndirməli, birlik və həmrəyliyimizi qorumalıyıq: “Eyni zamanda ”Dəmir yumruq" hər an hazır olmalıdır". C.Məmmədov bildirdi ki, hazırda ABŞ-la Rusiyanın da münasibətləri yaxşı deyil: “Amerika Rusiyaya təzyiqləri artırıb və Rusiyanı təkləməyə çalışır. Eyni siyasət Türkiyəyə qarşı da həyata keçirilir. Belə olan halda Rusiya-Türkiyə əməkdaşlığı daha da güclənə bilər. Münasibətlərin pozulması müəyyən mənada Rusiyaya da sərf edə bilər”. Ərdoğanın Baydendən bəyanatı geri götürmək tələbinə gəldikdə, deputatın fikrincə, bu, Amerikanın dövlət siyasətidir və tezliklə onun geri götürülməsi mümkünsüz görünür.

“ABŞ prezidenti Co Bayden ”erməni soyqırımı" ifadəsini işlətməklə dünya ermənilərinin yalan dəyirmanına su tökmüş oldu. ABŞ rəhbəri bununla böyük tarixi səhvə yol verdi".

Bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib. Q.Paşayeva xatırladıb ki, 40 il bundan əvvəl ABŞ-ın 40-cı prezidenti Ronald Reyqan o vaxt “erməni soyqırımı” ilə bağlı araşdırma aparılmasına tapşırıq vermişdi. Araşdırılma aparıldıqdan sonra ortalığa çıxan mənzərəni prezidentin məsləhətçisi Bryus Feysn belə şərh edirdi: “Araşdırmalar göstərdi ki, ermənilərin ”soyqırımı" ilə bağlı söylədikləri əsassızdır. “Erməni soyqırımı” haqqında nağıllar erməni tarixçilərinin özlərinin təxəyyülü və uydurmasıdır. Birinci Dünya müharibəsi illərində Türkiyə erməniləri vətənlərini satdılar və Osmanlı imperiyasının düşməninə sığındılar. Erməni hərbi hissələri Qafqaz cəbhəsində rus ordusu ilə çiyin-çiyinə vuruşurdu. Onlar türk və gürcü kəndlərini talan edir, yandırır, dinc sakinləri öldürürdülər. Nəticədə təxminən 2 milyona yaxın insan həyatını itirdi. Hər şeyə rəğmən, Türkiyə tərəfi bizə arxivlərindən istifadəyə icazə verdi, amma ermənilər arxivlərini göstərməkdən qəti şəkildə imtina etdilər. Mənim fikrimcə, əgər bu arxivləri açmağı bacarsaq, həqiqət üzə çıxacaq. O zaman ermənilər bütün dünya, o cümlədən türklər qarşısında tarixi yalanlarına görə üzr istəməli olacaq".

Deputat diqqətə çatdırıb ki, Ronald Reyqan o zaman işlətdiyi “erməni soyqırımı” ifadəsi ilə necə böyük yanlışlığa yol verdiyini anlamışdı. 40 il keçəndən sonra Bayden növbəti yanlışlığa yol verdi. Dövlət başçısı vəzifəsini daşıyan bir şəxs sələfinin imtina etdiyi yanlışlığı hansı tarixi zərurətlə təkrar edir? Bu, olmamış bir “soyqırımı” olayının üzərindən 106 il keçəndən sonra böyük bir dövlətin kiçik Ermənistan üçün yalana, riyakarlığa ortaq olması anlamına gəlir.

Komitə sədri bildirib ki, Ermənistan saxta və uğursuz dövlətdir, bu ölkənin siyasi-hərbi rəhbərliyi həmişə eyni vaxtda “iki stulda oturmağa” çalışıb. Bütün ideologiyalar Ermənistanın rəhbərliyi üçün öz erməniliklərini yeritmək, xəstə təxəyyüllərini maddi müstəvi üzərində reallaşdırmaq üçün vasitə olub. “ABŞ prezidenti qondarma ”erməni soyqırımı" yalanı ilə onilliklər boyu dünya birliyini riyakarlığına və təxribatlarına ortaq etməyə çalışan bir ölkəyə dəstək göstərməməli və özünü dünyada sülhün, demokratiyanın avanqardı hesab edən ölkənin başçısı kimi belə səhvi etməməli idi. ABŞ ədalət axtarırsa, NATO-nun üzvü olan Türkiyəni 106 il öncə olmamış “soyqırımı”nda günahlandırmaq əvəzinə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü Ermənistanın 29 il bundan əvvəl törətdiyi Xocalı soyqırımını tanısın». Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu deyən deputat AZƏRTAC-a açıqlamasında bildirib: “Necə ki, Türkiyə həmişə bizə dəstək olub, biz də qardaş ölkənin yanında olduğumuzu göstərmişik. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək Baydenin bəyanatının regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu bildirib. Dövlətimizin başçısı Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu vurğulayıb».

Ədalət Partiyasının sədr müavini, politoloq Elxan Şükürlü “Yeni Müsavat”a bildirdi ki, katolik inancının daşıyıcısı olan və xristianlığın bu qanadının dünya hökmranı olmasını istəyən Baydenin prezident seçiləcəyi təqdirdə, ermənilərə aşkar dəstək verəcəyi və hətta “erməni soyqırımı”nı tanıyacağı gözlənilən idi: “Təəssüf ki, bizdə bir çox siyasilər bu inanc məsələsinə çox diqqət yetirmirlər, ancaq bu, çox önəmli detaldır. Unutmayaq ki, ABŞ-ın yeni prezidenti özünü həm də dünya xristianlarının əsas himayədarı sayır və onun 24 aprel çıxışında İstanbulu köhnə adıyla - Konstantinopol kimi səsləndirməsi də buna hesablanmış aşkar mesaj idi”. E.Şükürlünün fikrincə, bu böyük yalanın - “erməni soyqırımı”nın ABŞ tərəfindən tanınması o deməkdir ki, rəsmi Vaşinqton xristian Ermənistanı müsəlman torpqlarında bir qala kimi bundan sonra da açıq müdafiə edəcək, onun sıxışdırılmasına imkan verməyəcək: “Bu tanıma isə ilk növbədə, 20 iyunda seçki keçirməyə hazırlaşan Ermənistandakı qərbyönümlü qüvvələrə, o cümlədən yenidən baş nazir olmaq istəyən Nikol Paşinyana çox böyük dəstək olacaq. Çünki ABŞ 20 iyundakı seçkilərə çox böyük önəm verir. Seçkilərdə Paşinyanın və qərbyönümlülərin uduzması ABŞ-ın 2018-ci ildən bəri xeyli möhkəmləndiyi Ermənistandan sıxışdırılıb atılması demək olacaq və bölgə yenidən ”rus planı" üzrə dizayn ediləcək. Nəzərə alsaq ki, Paşinyan Ermənistanın məğlubiyyətini həm də Rusiyanın üzərinə yıxır. Rusiya da onu cəzalandıraraq, yeni parlamentin və yeni baş nazirin öz adamlarından olmasına çalışır, deməli, qarşıdakı iki ayda Ermənistanda ABŞ-Rusiya savaşı daha da dərinləşəcək və bu, Qarabağda da hansısa hərbi hərəkətliliklə müşayiət oluna bilər. O da mümkündür ki, Ukrayna ətrafındakı gərginlik zamanı olduğu kimi, burada da pərdə arxasında Putin və Bayden arasında hansısa uzlaşma olsun, konkret razılaşmalar əldə edilsin".

Politoloq qeyd etdi ki, hər halda, NATO-nun iyunda keçiriləcək zirvə toplantısınadək bir çox məsələlər aydınlaşacaq: “Xüsusən də Baydenlə Ərdoğanın planlaşdırılan görüşünün nə ilə bitəcəyi bizim üçün çox önəmlidir, çünki Azərbaycan Türkiyə ilə bir hərəkət edir. 44 gün ərzində biz Rusiya, Türkiyə və Azərbaycan rəhbərliyi arasında bir rabitəli fəaliyyəti müşahidə etmişdik. Bu əməkdaşlığın bundan sonra hansı həddədək inkişaf etdiriləcəyi və iyunun 18-də İranda keçiriləcək seçkilərin də bu əməkdaşlığa nə kimi töhfə verəcəyi qarşıdakı iki ay ərzində yaşanacaq hadisələrdən xeyli dərəcədə asılı olacaq. Ancaq bunu bilməliyik ki, Azərbaycanı qarşıda çox gərgin bir dövr gözləyir. Ökənin ABŞ-Rusiya qarşıdurmasına da, uzlaşmasına da hazır strategiyası, aydın hərəkət planları olmalıdır”. E.Şükürlü bildirdi ki, 44 gün ərzində qazandıqlarımızı itirməmək və onu diplomatik masaya da daşımaq istəyiriksə, ilk növbədə, ölkənin içərisində milli və siyasi həmrəyliyi mütləq və mütləq gücləndirməliyik: “Siyasi partiyalar, hakimiyyət iddası olan liderlər xüsusilə sayıq davranmalı və kənar güclərin içdə nifaq salıb ölkəni xarici güclərin qarşısında zəif düşürməsinə yol verməməlidirlər. Ona nail olmalıyıq ki, sabah bütün xristian dünyası ermənilərin arxasında durub Qarabağda onlara hansısa status tələb edəndə, ortaya qətiyyətli mövqe qoymaq əzmimiz və qüdrətimiz olsun. Heç bir halda arxayınlaşmaq, qələbə eyforiyasına qapılmaq olmaz”.

Kifayət qədər ciddi və əsaslı arqumentlərdir. Hər halda, tezliklə ermənilər də peşman olacaqlar, ən azı “dalan Ermənistanda” yaşamağa məcbur olanlar. Təbii ki, söhbət Qarabağ və “soyqırım” mövzusu ilə manipulyasiya edən erməni diasporundan getmir, onlar alverlə məşğuldurlar və Baydeni də öz alış-verişlərinə alət etdilər...
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.