Yenilikçilər və keçid dövrü adamları... Iki nəsli niyə düşmən edirlər?..

18-05-2021, 18:19           
Yenilikçilər və keçid dövrü adamları...
Azərbaycanda iki nəsil yetişib. Keçid dövrü adamları və yenilikçilər.
Biri milli şüurdur, o biri dünyaya qapı...
Biri keçmiş və bu gündür, o biri gələcək...
Biri ölkənin milli mübarizə dönəmini yaşayıb, biri ancaq kitablardan oxuyub, videolardan görüb, ağızdan eşidib...
Biri hadisələrin qızğın dönəmində uşaqlıq, yeniyetməlik, gəncliyini itirib, biri həmin vaxt xoşbəxt körpə idi və ya hələ doğulmamışdı...
Biri beynəlxalq və tarixi münasibətlərin mahiyyətini bilir, biri beynəlxalq dillərdə danışa bilir...
Biri mübarizdir, o biri ehtiyatlı...
Biri hər kəsi tanıyır, o biri fəaliyyət yerindən asılı olmayaraq əksəriyyəti tanımır, hər kəsə ierarxiya pəncərəsindən baxır...
Biri milli genetikanı bilir, o biri bunu əhəmiyyətli saymır...
Biri ölkədə on adama bir kitab düşən dönəmdə yetişmiş kadrdır, biri IT əsrinin adamı...
Biri hesab edir ki, milli dəyərlər önəmlidir, o biri deyir dünya adamı olmaq lazımdır...
Biri muğamı tarix sayır, o biri bal rəqslərinə önəm verir...
Biri tarixi ənənələri analiz edə bilir, o biri bu analizi aktual saymır...
Biri öz dilinə önəm verir, o biri öz dilində danışmamağa...
Bu müqayisəni çox uzatmaq olar. Amma hər iki nəslin ortaq məqsədlərini unudarıq. Bu iki nəsil Azərbaycan üçün bildiyi qədər və bildiyi yöntəmlərlə mübarizə aparır. Bəli, xeyirli məqsəddir. Amma həm də zərərlidir. Çünki dağınıq mənzərə yaradır. Hətta bu iki nəslin bir biri ilə savaş durumunda olduğu mənzərəsi yaranıb və ya yaradılıb da demək olar. Sizi bilmirəm mən bu durumu düşünülmüş sayıram. Çünki bu iki nəsil əl-ələ tutsa MÖHTƏŞƏM AZƏRBAYCAN yarana bilər. Bunu arzulayanlar içdə də, dışda da o qədər çox deyil. Ona görə xarici dillər, yeni formatlar, effektiv olmur Təxminən bir qartal gəlib dağın zirvəsinə, amma bir qanadını qırıblar, yaxşı uça bilməsin deyə. Diqqət etsək ancaq birinci şəxslər dəyişir dövlət qurumlarında. Onlar sistemi dəyişə və ya idarə edə bilmir. Fərdi keyfiyyət göstəricisi deyil bu, sistemin qüsurudur. Ən yaxşı halda çətinlik çəkirlər. Amma yenə də effektiv nəticələr olmur. Çünki sistemdəki əksəriyyət köhnə formatı qoruyur və yeniləyə açıq deyil. Məsələn, belə yenilikçilərdən səhiyyə sistemində ikisi artıq məhbəs həyatı yaşamaqdadır bu üzdən. Sistem onları "uddu". Gərəkən nədir? Azərbaycanın necə qurulduğunu dövrü yaşamış və bu gün yaşlarının ən məhsuldar dönəmində olan nəsildən, mübarizənin bütün formatlarına psixoloji, mənəvi və xarakter hazırlığı olanlardan yararlanmalıdır dövlət. Bir sözlə yenilikçilərin gələcəyə yolunu açmaq üçün bu gündən, milli və yetişmiş kadrlardan, keçid dövrü kadrlarından istifadə edilməlidir. Ən vacibi heç bir qohumluq, dostluq əlaqəsi keçərli olmamalıdır. Əgər bu yol tutulsa nə baş verəcək? Yenilikçi nəsil milliləşəcək, öz dövləti və millətinin bütün uğurlu, uğursuz keyfiyyətlərinin üzərində iş aparacaq. Ən vacibi öz dilində danışmağın bir siyasətçi üçün ən vacib üstünlük olduğunu anlayacaq. Hətta ədəbiyyatını biləcək. Beləcə kütləyə ruhən kəndçi kimi yanaşılmayacaq.
Indilik görünənsə bu ki, kimlərsə məhz son yazılanlar baş verməsin deyə yenilikçi və milli şüurlu iki nəslin yanaşı durmasına imkan vermir. Çünki onların qarşı-qarşı gəlməsi daha sərfəlidir.
Niyə yazıldı bu yazı? Bir vətəndaş, yazar təklifidir. Aidiyyatı şəxslər bəlkə bu barədə düşünər ümidi ilə yazılıb.
Hətta sizə bir ip ucu da verə bilərəm. Qarabağa təşkil olunan səfərlərdə, hərənin öz dəstəsinin olduğu çox aydın görünür.
Və yenə də unudulub ki, axı illərdir gedən bu dəstələşmələr ölkəni indiki duruma gətirib. Yetməzmi?!.
Jalə Mütəllimova
18.05.2021.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.