Deputatı vəsf edin
23-05-2021, 12:04

Adam istəsə də bu ölkədə darıxmaz. Darıxmaq lüksü yoxdu da deyə bilərik. Təsəvvür et, problemin xirtdəyə qədər, hökumətdən gözləntilərin “n” sayda. Amma sənin ölkənin Milli Məclisində təmsil edən deputat bir sabah oyanıb deyir ki, ya mənim Facebookdakı statuslarımı layk edin, ya da şələ-şülənizi götürüb dostluğumdan çıxın. Lətifə kimi! Nonsens! “Vəsf et məni, şair” havalarında bir deputatımız. Millət gözləyir ki, bu vəkil seçilən şəxs onun dərdinə əlac eləsin, uşaq pulu, artan kommunal xərclər, pandemiyanın həyatımızda yaratdığı fəsadlar....və bunun kimi yüzlərlə mövzuda səsini qaldırsın, çarələr tapsın, dişli olsun, kükrəsin parlament tribunasından. Amma sən demə həmin vaxt müəllim postlarına gələn laykların təlaşına düşübmüş. Əslində təəccüblənmədim. Çünki eyni deputat Milli Məclisə vəsiqə qazanandan sonra bir dəfə də olsun bizim təşkil etdiyimiz canlı efirlərə gəlmədi. Nəymiş? Zamanında seçkilərdə onun opponenti olmuş şəxs onunla bağlı tənqidlərini bizim efirdən səsləndiribmiş və bu da onun xoşuna gəlməyibmiş.
Çox və çox təəssüflər olsun ki, o boyda parlamenti 2019-cu ilin sonunda hay-həşirlə buraxdılar. Milyonlarla manat vəsait xərcləndi yeni parlamentin formalaşması üçün keçirilən seçkilərə. İnsanlar “hər şey yenilənir” ümidi ilə seçkilərə qatıldı. Nə kreativ ideyalar, nə kampaniyalar, nə seçici dərdləri gördük həmin ərəfədə... Nəticə? Sıfır vur sıfır, əldə var sıfır. “Mən əbəcdadımla qələt eləyib, bu seçkilərdə iştirak etmişəm” deyən namizədi xatırlayırsızmı? Onu necə peşman etmişdi şanlı MSK. Ya da ölən anasının adını seçki siyahısında görən seçicinin çıxardığı üsyan... Kimin yadından çıxıb? Adama deyirdilər, anan ölməyib. Bu da dirənmişdi ki, “qavır daşını göstəremmi? Ölüf, ölüfff”. Bu etirazdan narazı qalan MSK üzvü də çox incik şəkildə həmin etiraza cavab verirdi: “Nəə qışqırersan ə?” Hə, indi bu boyda pəstah, məzhəkə, həşir ona görə çıxarıldı ki, aşağı-yuxarı eyni tərkib, eyni keyfiyyətdə insanlar yenidən Milli Məclisdə əyləşsin. Yeni gələnlər də daha “kreativ” olsunlar, hə? Məsələn, statusa gələn laykı saysınlar. Camaaat gözləyir, bu, onun həyatını “layk”a çatdıracaq. Bu da deyir, statusumu layk elə.
Amma insaf naminə deputatımızı da qınayası deyil. Çünki ölkə rəsmən sosial şəbəkədə oturub. Orada nəfəs alır. Bir-birinə söz atandan tutmuş, siyasi bəyanat verənə qədər. Bir azdan heç mediaya gərək qalmayacaq. Sağ olsunlar, yeni məmur heyəti, PR menecerlər də insanların statuslarının altındakı layklarının, şərhlərinin sayına görə onlara qiymət verir, dəyər biçirlər. “Laykını göstər, deyim kimsən” hesabı. Heç soruşan yoxdu ki, bəlkə bu laykların yarıdan çoxu həmin adamı dolamaq üçün onun statusu altına yığışanlardır? Ya da dəli izləmək istəyənlər də çoxdur ölkədə? Hər zaman, hər yerdə problem olmaz ki... İnsanlar stres də atacaq məsələn. Amma bu, stres atdıran, güldürən, ağılsız statusları ilə kimlərinsə kefini açan hər adamı adamı ziyalı, ictimai xadim hesab etmək olmaz. Layk sayı göstərici deyil, olmamalıdı. Ona qalsa... Vallah ona qalsa, girin Tik-Toka, onun milli platformasında fenomenlərin kim olduğuna baxın. Yarıçılpaq, hər havaya oynayan, telefon nömrəsini də profilinə yerləşdirən qızlar... Başqa heç nə demək istəmirəm. Anladız siz...
Demək, ölkədə zırıltılı bir həbs olub, pafoslu bir icra başçısı həbs olunub. Söhbət Alimpaşa Məmmədovdan gedir. Yanında da bir iş adamı gedib. Demək, ölkəmizin gözəl insanları o həmin korrupsioner iş adamını nəyə görə, necə tanıdı, bilirsizmi? İki manıs xanım çıxdı İnstaqramda, Tik-Tok-da canlı yayıma. Biri o birinə söz atdı. Mən də bilmirdim, öyrəndim sayələrində. Sən demə, həmin o korrupsioner vaxtilə manıslardan birinin sevgilisi olub, sonra o birisinin. Sonuncudan uşağı da var və sair. İndi bu, ona deyir, “mənimdir”, o biri də deyir, “heç mənə lazım da deyil”. Və bu qadınların hər ikisi o korrupsionerin sayəsində illərlə şahzadə həyatı yaşayıblar. Bizim bütün nəslimizin mülkünü, var-yoxunu satsaz, onların sürdüyü maşının qiyməti etməz. Yəni, gözəl insanlar, bu ölkədə bir məmurun, onun ətrafındakı iş adamlarının korrupsioner, cinayətkar olduğunu sübut etmək üçün cild-cild cinayət işlərinə də gərək yoxdur. Eləcə sevgililərinin kim olduğunu araşdırın, altlarındakı maşına, yaşadıqları evə, sürdükləri dəbdəbəyə baxın – sübut ortadadır. Yoxsa ki, kamera yerləşdir, yayın bu istisində maskalı adamları sal küçələrə, kabinetlərə... Manısları danışdırsaz yetər. Hər şey gün kimi ortaya çıxacaq.
Nəysə, siz mənim yazdıqlarıma çox fikir verməyin. Deputatı vəsf edin. Vəsf edin deputatı... Yenə inciyəcək.
Sevinc TELMANQIZI