“Mikraskop” altındakı GƏNCLİK... . ..və ya siyasət “əjdahalarının” məsum qurbanları...
24-05-2021, 17:41

Ölkədə baş verən ciddi olaylar içində dövlətə qarşı qara piar olacaq mövzular var. Məsələn, Tovuz işi, Tərtər işi, Gəncə işi və sair. Bu işlərdən qazananlar da bəllidir. Siyasi dəllallar qazanır. Kənar güclər qazanır. Hətta ölkəni iqtisadi presinqə məruz qoymaq imkanları da yaranır nəhəng dünya şirkətlərinin.
Sual yaranır, təkcə skandal və müəmma dolu işlərdirmi dövlətə qarışı istifadə vasitəsinə çevrilən? Yox! Zamanla Elmar Hüseynovun qətli, hətta Neft Akademiyasında terror kimi can bahasına başa gələn faciələr də kimlərinsə əlində qara piar üçün vasitə olub. Bunu çox soyuqqanlılıqla, rəhm duyğusu olmadan ediblər. Yəni fərdiləşdiriblər insan faciələrini. Çünki belə olanda asanlıqla qarışıqlıq yarada bilirlər. Azərbaycan son belə faciəni Türkiyədə gənc aktivist Bayram Məmmədovun ölümü ilə yaşamaqdadır.
Xatırladım ki, bu ölümü bəziləri özünəqəsd, bəziləri təsadüf nəticəsində faciə, bəziləri sui-qəsd, bəziləri qətl adlandırdı. Hər nədir dəqiq demək olmur. Amma məsələnin müammalı tərəfinin olduğu dəqiq istisna deyil. Bunun üçün təbii ki, qısa zamana ehtiyac var idi. Müşahidə etmək lazım idi ki, kim bir gəncin faciəsindən özü üçün necə bəhrələnəcək. Ölümü təsadüf hesab etməyən yaxın çevrə mərhuma ehtiramla susdu. Bu gerçək sayğı göstərisi idi. Bəzi müxaliflər və radikallar ölümdə Azərbaycanın siyasi rəhbərliyini günahlandırdı. O siyasi rəhbərlik ki, mərhum Prezident Heydər Əliyevin Bakı şəhəri mərkəzindəki abidəsini təhqirə görə həbs olunan aktivist Bayramı, əfv edib, həbsdən azadlığa buraxdırmışdı. Hətta ölkədən çıxmaq üçün Bayramın siyasi mühacir sratusu almaq üçün uğraşması da gərəkməmişdi. O, sadəcə istədiyi ölkəyə, Türkiyəyə təhsil almağa getdi. Oradan da təhsilini Avropada davam etdirmək idi hədəfi. Hər halda yaxınları belə deyir. Ancaq o, hədəfinə ulaşa bilmədi. Türkiyədə müəmmalı şəkildə həyatını itirdi.
Ondan sonra üç siyasi cinahdan səs gəldi.
Biri Azərbaycandakı radikallar.

İkincisi, Türkiyədəki radikal devrimçilər. Hansı ki, uzun müddət Türkiyə ərazisində hər hansı fəaliyyətləri müşahidə olunmurdu.
Üçüncüsü, NEXTA Teleqram kanalın Bakıdakı törəməsi, Mikraskop media quruluşu. Sonuncu bir neçə gün əvvəl mərhum gənc aktivistin Türkiyədəki vəkilini tapıb (hələ vəkilin aid olduğu çevrələr də ayrıca yazı mövzusudur) onunla müsahibə hazırlayıb.
Maraqlı olanı bu ki, Avropadakı söyüş blogerləri, Azeri Fredom, Osmanqızı TV-və sairlər məsələyə münasibətdə loyaldır, susurlar. Danışan sadəcə Türkiyədə devrimçilər, Azərbaycanda bir neçə radikal (devrimçilərin Bakıda dirilməyə çalışan “dostları” da deyə bilərik) bir də NEXTA-nın media törəmələridir. Uzun danışmağa lüzum yoxdur. Sadalananlardan mənzərə aydındır. Bir gəncin faciəsindən necə, niyə və kimlərin bəhrələndiyi çox net şəkildə ortadadır. Bəlkə araşdırılsa ölümün hamıya bəlli olmayan tərəfləri barədə daha dəqiq məlumatları da var.
***

Azərbaycan gənclərı daha emosional və çılğındır. Bir az şərqli, bir az da yaş və təcrübə azlığının göstəricisidir bu. Məhz bu üzdən indi siyasi proseslərə qatılanların çıxışlarına, hətta sosial şəbəkə statuslarına diqqət edilsə, populizm, kimisə aşağılamaqdan o tərəfə gedilmir. Bu mənada anlamaq çətindir, bəlkə də Bayram Məmmədov işıqlı gənclərindən biri ola bilərdi məmləkətin. Bəlkə də yaşının emosionallıq və çılğınlıq dönəmi geridə qalırdı zamanla. Bəlkə də düşdüyü siyasi mühitin mahiyyətini anlamağa başlamışdı və bu onu qane etmirdi. Bəlkə də onun Azərbaycan dövlətinə yox, siyasi komandaya etirazı var idi. Bunların heç biri bəlli deyil. Hamısı onunla məzara getdi. Bəlli olan bu ki, bir gəncin ölümü üzərindən ciddi manipulyasiya cəhtləri var. Və belə ölümlər bəzi dairələr üçün sadəcə vasitədir. Hərəkət etmək üçün səbəbdir.
Odur ki, sözüm gənclərədir. Azərbaycanın gələcəyi olan gənclərə. Bu gün kimlərinsə milli dəyərlərdən, milli kökdən qoparmaq istədikləri gənclərə. Siyasət siz bildiyiniz qədər asan çözülən, sadəcə haqq-ədalət deyib bağırmaq, mitinq-mitinq, piket-piket oynamaq deyil. Siyasət elmdir, fəlsəfədir, oyun və təhlükəli tryuklarla zəngin, idarəçilik mexanizmlərinə yiyələnmək, hisslər və emosiyalarla deyil, soyuqqanlılıq və ağılla “oynamaqdır”. Bu prosesdə tərəf olmaq, mövqeli olmaq, əqidəli olmaq, şəxsiyyət olmaq, prinsipial olmaq mühim şərtdir. Bu üstünlüklərsiz nə siyasətdə olarsan, nə də siyasətçi. Cəmi bir şey ola bilərsən, əldə alət, vəssalam. O da lazımı yerə qədər.

Yeri gəlmişkən, Mikraskopun Bayram Məmmədovun vəkili ilə müsahibəsindən az sonra, bu media quruluşunun mənəvi anasının, NEXTA teleqramın gənc rəhbəri də necə deyərlər “xərclənib”, yəni həbs edilib. NEXTAnın baş ofisi Varşavada yerləşir. Kanal Belarus əsilli gənc Roman Protaseviç tərəfindən idarə olunurdu. NEXTA ötən ilin avqustunda Belarusda keçirilən prezident seçkilərindən sonrakı məlum etiraz aksiyalarının əsas informasiya dayağı və deməli, Protaseviç onun görünən “rəhbəri”, idarəçisi idi. Onu da qeyd edək ki, Belarus hadisələrindən dolayı bu gənc haqqında Rusiya və Belarusda rəsmi axtarış elan edilmişdi. Ötən ilin sentyabrında isə səbəbi bəlli olmadan Protaseviçin kanaldakı fəaliyyətinə xitam verilib. Onun içərisində olduğu “Ryanair” hava yolları şirkətinə məxsus təyyarə Afinadan Vilnüsə uçuşu zamanı, Minskdə hava limanına enib. R.Protaseviç saxlanılıb. “Dojd TV” xəbər verir ki, hava limanının mətbuat xidmətinin məlumatına görə, təyyərə məcburi eniş edib. “Təyyarədə bomba olması barədə məlumat verildi və eniş reallaşdı. Amma bomba xəbəri təsdiqlənmədi”. Təyyarə enəndən dərhal sonra isə sərnişinlər gənc aktivist-jurnalist Protaseviçin həbsinə şahid olub. Deməm o ki, istifadə edildiyi sahəyə baxmayaraq. Yəni xəbər şəbəkələri üzrə yetənəkli mütəxəssis olmasına rəğmən, o, həm də gənc idi. Tutuduğu postdan uzaqlaşdırıldı və hələlik həbsdədir.
Demək ki, bəlli mərkəzlər üçün bu qəbil kadrların lazımlılıq dərəcəsi var. Özünüzü qoruyun. Qoruyun ki, sizdən kimsə öz məqsədi üçün yararlanmasın gənclər. Çünki siz dünyanın hər yerində mütləq GƏLƏCƏKSİNİZ!..
Jalə Mütəllimova
24.05. 2021
Teref.az