Məktəb kitabxanaları haqqında “nekroloq”
25-05-2021, 00:06

Şagirdləri elmə və gələcəyə daşımalı olan məkanları toz basıb – kitabsız və insansız
Filosof Frensis Bekon “Kitablar zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir” deyib. Biz isə tez-tez mütaliə edənlərin sayındakı azlıqdan şikayətçi oluruq. Amma oxumaq üçün də gərək kitablara əlin çatsın. Bunun üçün kitabxana sayı kifayət etməli, kitab çeşidi zəngin olmalıdır. Real mənzərə isə onu deyir ki, ölkəmizdə heç də hər kəsin əli kitaba çatmır. Belə ki, ya kitabxana tapa bilmirsən, ya da kitab.
Mövzunu AYNA-ya şərh edən təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, xüsusilə bölgələrdə, ucqar kəndlərdə yerləşən kitabxanaların vəziyyəti qənaətbəxş deyil: “Kitabxanalara demək olar ki, ümumən az insan üz tutur, əvvəlki dövrlərlə müqayisədə kitabxanalara gedənlərin sayı indi qat-qat azdır, əvvəlki qələbəlik yoxdur. Eyni zamanda kitabxanaların texniki imkanları müasir standartlara cavab vermir, müasir ədəbiyyat kitabxanalara gəlmir”.
Həmsöhbətimiz deyib ki, artıq elektron resurslar dövrü olduğundan insanlar internet vasitəsi ilə daha çox informasiya əldə edə bilir və bu da kitaba olan marağın azalmasına gətirib çıxarır: “Həmçinin kütləvi informasiya vasitələrinin güclənməsi kitabxanalara marağı azaldır. Araşdırma aparanda görürük ki, bir çox kitabxanalar formal sənəd üzərində var, oraya illərdir ki, insanlar gəlmir”.
“Bu sahədə digər çatışmazlıq odur ki, kitabxanalarda işləyənlərin əksəriyyəti ixtisaslı kadr deyil. Eyni zamanda məktəblərin kitabxanalarında da vəziyyət qənaətbəxş deyil. Bütün dünyada məktəb kitabxanaları müxtəlif formada olsa da, bir məqsədə qulluq edir: “təhsil və təlim hamı üçündür”. Buna görə də məktəb kitabxanalarının mütəxəssisləri hər kəsə və hamıya eyni yanaşma prinsipindən çıxış edirlər. Hər bir məktəb kitabxanası məktəbin daxilində fəal dərs proqramını həyata keçirən dərs və təhsil mərkəzi kimi fəaliyyət göstərməlidir”, - deyə Əsədov bildirib.
Ekspert söyləyib ki, məktəb kitabxanalarının əksəriyyəti yeni təhsil standartlarına cavab vermir: “Normativ hüquqi aktlara görə, kitabxanaların məqsədi təhsilalanların informasiyalaşdırılmış təhsili, cəmiyyətin gələcək üzvlərinin məsuliyyətli və fəal, etik prinsiplərə uyğun tərbiyəsidir. Məktəb kitabxanası aid olduğu təhsil ictimaiyyətinin tələblərinə cavabdehdir və bu cəmiyyətin hər bir üzvünə xidmət etməkdir. Amma mövcud vəziyyət bunun tam əksini deyir”.
“Məktəb kitabxanalarının problemlərini təhlil edərkən məlum olur ki, onların əksəriyyəti yeni təhsil standartlarına, məktəb proqramlarının və pedaqoji kollektivin tələblərinə cavab vermək iqtidarında deyil. Əksər məktəblərdə, xüsusilə regionlarda kitabxana avadanlığı (stol, stul, şkaf, kitabxana rəfləri və s.) çatışmır. Məktəb kitabxanalarının sahəsi çox kiçikdir, fondun və oxu zalının təşkili üçün yer çatışmır. Məktəb kitabxanaları oxucu formulyarı və kataloq kartoçkaları ilə təmin olunmur. Kitabxana fondunu əks etdirən məlumat-biblioqrafiya aparatı yoxdur. Kitabxanalarda kütləvi tədbirlərin təşkili üçün vəsait ayrılmır və şərait yaradılmır”, - deyə müsahibimiz vurğulayıb.
Əlavə edib ki, məktəb kitabxanalarının fondlarında oxucuların təlim-tədris prosesində tələbatını ödəmək üçün ənənəvi və rəqəmsal informasiya resursları da yox dərəcəsindədir: “Məktəb kitabxanalarında olan kitabların elektron resurslara köçürülməməsi və onlayn istifadəsinin təmin edilməməsi səbəbindən oxucular tərəfindən az istifadə edilir. Kitabxanaların beynəlxalq əlaqələr sahəsindəki fəaliyyəti müasir tələblərə cavab vermir, müəllim və şagirdlərin tələblərini ödəmir. Ölkədə pedaqoji statuslu toplu elektron kataloqun, elektron kitabxananın yaradılmaması, təlim-tədris prosesinə xidmət edən lokal kitabxana şəbəkələrinin olmaması təhsil məkanına layiqli kitabxana-informasiya xidməti göstərməyə imkan vermir”.
“Hesab edirəm ki, həm kitabxanalarımızın vəziyyətinin yaxşılaşdırılmasına, həm də elektronlaşmasına ehtiyac var. Odur ki, ölkə Prezidentinin bu istiqamətdəki son fərmanını dəstəkləyir, təqdir edir və bildirmək istəyirəm ki, bu, mütləq öz müsbət nəticəsini, səmərəsini verəcək, insanlar yenidən kitabxanalara qayıdacaq”, - deyə Əsədov fikrini yekunlaşdırıb.
Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, təhsil eksperti Nadir İsrafilov AYNA-ya açıqlamasında deyib ki, kitabxanalar öz fəaliyyətində bir sıra qanun, qərar, sərəncam, nizamnamə və əsasnaməni rəhbər tutur: “Belə bir müdrik deyim var: “Kitab bir nəslin o biri nəslə qoyub getdiyi mənəvi vəsiyyətdir. Kitabı sevin, çünki o sizə insanları sevməyi öyrədəcək və fikirlərinizi aydınlaşdırmaqda köməkçi olacaq”. Mərhum Prezidentimiz Heydər Əliyev isə deyirdi ki, “kitabxana xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir”. Onu da qeyd etmək yerinə düşər ki, “Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli 3072 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planınına əsasən hazırlanıb və tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində yerləşən bütün ümumi təhsil müəssisələrinin kitabxanalarının fəaliyyətini tənzimləyirdi. Yəni həmin Əsasnaməyə əsasən, ümumi təhsil müəssisənin kitabxanası tədris və tərbiyə prosesinin informasiya təminatını həyata keçirən, biliyi, elmi, mədəniyyəti yeni metodlarla təbliğ edən, çap məhsullarını və elektron resursları toplayıb mühafizə edən, onların müəllim və şagird kontingenti tərəfindən sistemli istifadəsini təşkil edən sosial institutdur”.
“Kitabxana öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Kitabxana işi haqqında” və “Təhsil haqqında” qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrlərini, kollegiya qərarlarını, struktur bölməsi olduğu ümumi təhsil müəssisəsinin nizamnaməsini və bu Nümunəvi Əsasnaməni rəhbər tutur. Dərsliklər, dərs vəsaitləri; tədris-metodik ədəbiyyat; elmi-pedaqoji ədəbiyyat; bədii ədəbiyyat; universal məzmunlu kitablar (ensiklopediyalar, məlumat kitabları, soraq kitabçaları, biblioqrafik nəşrlər; dövri nəşrlər; müəllim üçün metodik vəsaitlər; elektron resurslar; digərləri kitabxananın fonduna daxildir”, - deyə həmsöhbətimiz bildirib.
Ekspertin sözlərinə görə, Azərbaycan Respublikasının Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində kitabxana işinin elmi-metodik təminatı onların elmi-metodik əlaqələndirmə mərkəzi statusuna malik olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin Respublika Elmi Pedaqoji Kitabxanası tərəfindən həyata keçirilir: “O qədər də keçmiş olmayan bir müddətdə virtual məkana inteqrasiya ilə əlaqədar kitaba olan maraq azaldı. Ayrı-ayrı məkanlarda kitab mağazaları, köşklər bağlanaraq, digər sosial və məişət obyektləri ilə əvəzləndi. Dünyanın əksər ölkələrini əhatə edən situasiya ölkəmizdən də yan keçmədi və təbii ki, kitabxanalara, o cümlədən, məktəb kitabxanalarına da təsirsiz ötüşmədi”.
“Sevindirici haldır ki, son onillikdə kitaba, kitabxanaya olan münasibət nəzərəçarpacaq dərəcədə dəyişib, kitabxana fondunun zənginləşməsi istiqamətində müsbət tendensiya müşahidə olunur. Artıq kitabxanalara bir növ təlim-tədrisi yüksək səviyyədə aparmaq vasitələrindən biri kimi baxılır. Bir çox ali məktəblərdə elektron kitabxanalar yaradılıb. Kitabxana informasiya mərkəzi aparıcı struktur bölmələrindən biri olub, təlim-tərbiyə və elmi tədqiqat prosesini tədris, elmi, metodiki ədəbiyyatla və informasiya materialları ilə təmin edən və bilikləri təbliğ edən mənəvi və intellektual əlaqələrin yayılması mərkəzinə çevrilib”, - deyə İsrafilov vurğulayıb.
Mütəxəssis onu da qeyd edib ki, kitabxanalarla bağlı həllini gözləyən məsələlər də qalmaqdadır: “Bir çox orta ümumtəhsil məktəblərində məktəb kitabxanaları uşaqların mütaliəsinə, onların tədris-tərbiyə prosesinin, sinifdənkənar işlərinin təşkilinə, ümumi dünyagörüşünün formalaşmasına xidmət edən mədəni-maarif müəssisəsinə çevrilməkdədir. Əlbəttə, bu istiqamətdə öz həllini gözləyən məsələlər də qalmaqdadır. Əsas odur ki, məsələ gündəm olaraq qalsın”.
Müəllif: Aləmdə Nəsib