Ara Ayvazyanın istefası Azərbaycanın işinə yaradı - AÇIQLAMA

28-05-2021, 09:54           
Ara Ayvazyanın istefası Azərbaycanın işinə yaradı - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Ermənistan xarici işlər naziri Ara Ayvazyan vəzifəsindən istefa verib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan öz feysbuk səhifəsində yazıb. “Ermənistanın xarici işlər naziri Ara Ayvazyan istefa məktubu təqdim edib” – deyə mətbuat katibi yazıb.

KONKRET.az xatırladır ki, A.Ayvazyan hər zaman Azərbaycana münasibətdə sərt mövqeyi ilə fərqlənən və Ermənistanın baş naziri Nikol Paşinyanla toqquşan bir siyasi fiqur olub. Onun istefası hansı mətləblərdən xəbər verir? İmzalanması baş tutan yeni anlaşmaya etiraz olaraq bu addım atılıb, yoxsa…?

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu açıqlamasında bildirib ki, Emənistanın xarici işlər naziri Ara Ayvazyanın istefası gözlənilən idi.

Onun sözlərinə görə, Nikol Paşinyan müharibədən sonra onu zorən nazir təyin etmişdi:

“Çünki başqası yox idi, müharibədə ağır məğlubiyyətdən sonra Paşinyan üçün bu postda çalışmaq istəyən diplomat tapmaq çətin idi. Ermənistanın uzaq ölkələrdə səfiri işləyən Ayvazyan razılaşdı. Ancaq az sonra bəlli oldu ki, o Paşinyanla yola getmir. Misal üçün Nikol Paşinyan müharibədən sonra açıqlamalarında bir qədər diqqətli olmağa çalışarkən Ayvazyan Azərbaycan əleyhinə açıqlamalarda radikal ermənilərdən geri qalmırdı və bununla ümumi vəziyyəti gərginləşdirirdi”

E.Şahinoğlu hesab edir ki, Ara Ayvazyan böyük ehtimalla istefaya gedəcəyini özü üçün bir müddət əvvəl müəyyələnlişdirmişdi:

“Görünür o, gələcəkdə Paşinyanla birgə xatırlanmaq istəmir. Digər tərəfdən, Ayvazyanın Azərbaycandan şikayətlərinin və müxtəlif dövlətlərə yalvarışlarının da nəticəsi olmadı. Ancaq Ayvazyanın bugünkü istefa qərarını verdiyi, yəni yazdığı istefa statusunun zamanı diqqətimi çəkdi. Deməli Ara Ayvazyan axşam saat 8-də Hindistanın Ermənistandakı səfiri ilə görüşdü, yarım saat sonra Avropa İttifaqının İrəvandakı təmsilçisiylə görüşdü, bundan 20 dəqiqə sonra istefa verdiyini bəyan etdi, sanki gün ərzində işlərini yekunlaşdırıb qapını çırpdı”.

Politoloqun fikrincə, ən maraqlısı bundan sonrasıdır. Ermənistanda parlament seçkisinə cəmi 20-22 gün qalıb və bu zaman kəsiyində Paşinyana xarici işlər naziri postuna kimi təyin edəcəyi və kimin bu posta razılaşacağı maraqlıdır:

“Çünki gəmini tərk etmək istəyənlərin sayı artır”.

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli isə Musavat.com-a açıqlamasında bildirdi ki, A.Ayvazyanın istefa verməsinin əsas səbəbi son zamanlar Paşinyanın həyata keçirdiyi siyasətdən narazılığı olub. Onun sözlərinə görə, bu, əsasən də sərhəd xətlərinin müəyyən edilməsi, Azərbaycanla nəzərdə tutulmuş müqavilənin imzalanması, bütövlüklə erməni diasporu, Ermənistana yönəlik siyasəti ilə bağlı olub:

“Yəni, bu üç nöqtə üzərindən tərəflər arasında çox ciddi toqquşmalar var idi. Bu toqquşmalar Ara Ayvazyanın xüsusilə də təyinatı Qərbdə formalaşan diaspora və lobbidən olduğuna görə Paşinyan hakimiyyətinin başı üzərində domokl qılıncı idi. Axırıncı proseslərdə Paşinyanın onunla hesablaşmaması, o cümlədən Azərbaycana yönəlik bütövlükdə razılaşmaları, müqavilələri Xarici İşlər Nazirliyi və diplomatik korpusun razılığı olmadan həyata keçirməsi bir növ Ayvazyanı da incik salmışdı. Təbii ki, bu məsələlərə Ermənistan hökumətinin daxili qarşıdurması və fiaskosu kimi baxmaq lazımdır. Həm də seçki öncəsi bütövlükdə Paşinyanın həyata keçirdiyi, onun üçün Qərbdə vəzifələr nəzərdə tutulmuşdu. Artıq onu icra eləmir. Onun mövqeyində ciddi sapmalar var”

Ə.Əlibəyli isə hesab edir ki, Paşinyanla eyni taleyi bölüşməmək, həmin məsuliyyətləri paylaşmamaq, eyni zamanda Azərbaycanla demorkasiya prosesində sənədlərə, razılaşmalara imza atmamaq, bu məsuliyyəti bölüşməmək üçün onun istefa verəcəyi əvvəlcədən məlum idi: “Həmin adam Ermənistan hakimiyyətində ən ciddi fiqur hesab olunur. Ən qatı antiazərbaycan mövqeyinə malikdir. Üstəgəl də adamın ərəb dünyası, Latın Amerikasında yaşayan erməni təşkilatları ilə çox geniş əlaqəsi var. Nəhayət bütövlükdə dünya erməniləri arasında narkoticarətə nəzarət edən bir qurumun dəstəklədiyi şəxs kimi Ermənistan hakimiyyətində təmsil olunan ciddi fiqurlardan biri idi. Bir növ Azərbaycan əleyhinə Avropada, Amerikada, dünyanın bir çox ölkələrində həyata keçirilən kampaniyaların arxasında da məhz həmin şəxs dayanırdı”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.