Sərhəddəki təxribatın arxasında duran güc:Üçüncü müharibə başlayır? - GƏLİŞMƏ

28-05-2021, 13:49           
Sərhəddəki təxribatın arxasında duran güc:Üçüncü müharibə başlayır? - GƏLİŞMƏ
Sərhəddəki təxribatın arxasında duran güc:Üçüncü müharibə başlayır?
Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində 6 nəfərdən ibarət erməni kəşfiyyat-diversiya qrupunun saxlanılmasından sonra Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərgin olaraq qalır.

Siyasi müşahidəçilər Ermənistanda iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkilərinə qədər sərhəddə hərbi qarşıdurmanın artacağını istisna etmirlər. Ermənistanda seçkilər yaxınlaşdıqca, müxtəlif siyasi qüvvələr yaranmış vəziyyətdən öz maraqalarına uyğun istifadə etməyə çalışır. İyunun 7-də Ermənistanda deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyası başlanacaq. Bu baxımdan, qeyd edilən tarixdən sonra Azərbaycanla sərhəddə gərginlik daha da arta bilər.

Ona görə də mövcud situasiyada Azərbaycanın atacağı addımlarla bağlı müzakirələr gündəmə gəlib. Bir sıra ekspertlər sərhəddə toqquşmaların davam etməsi fonunda Azərbaycanın genişmiqyasılı anti-terror əməliyyatlarına başlamasını mümkün sayır. Artıq bu əməliyyatların iki ölkənin sərhədində baş verməsi Azərbaycan və Ermənistan arasında üçüncü müharibəyə gətirib çıxara bilər.

Politoloqların rəyinə görə, əgər Birinci və İkinci Qarabağ müharibələrində döyüşlər Azərbaycan ərazisində gedibsə, bu dəfə Ermənistana keçə bilər. Bu isə iki dövlət arasında daha böyük və yeni müharibənin başlanmasına gətirib çıxara bilər. Ermənistan ordusunun 44 günlük Vətən müharibəsi zamanı tamamilə sıradan çıxdığını nəzərə alsaq, hadisələrin sözügedən istiqamətdə inkişafı Azərbaycan silahlı qüvvələrinin Zəngəzuru nəzarətə götürməsi ilə nəticələnə bilər. Ermənistanın məğlubiyyəti rəsmi İrəvanı sərhədlərin demarkasiyası məsələsində növbəti təslimçi sənədə imza atmağa vadar etmiş olar. Bu, Dağlıq Qarabağın ermənilər yaşayan və Rusiya sülhməramlılarının məsuliyyət zonasına daxil olan ərazilərdə Azərbaycanın suverenliyini təmin etmək üçün də düşmən tərəfə ciddi təsir imkanları yarada bilər. Digər ehtimallara görə, Azərbaycan Ermənistan tərəfin təxribatlarına uymayaraq maksimum təmkin nümayiş etdirməyə çalışacaq. Çünki indiki halda Ermənistanda müxtəlif siyasi qüvvələr Azərbaycanı yenidən münaqişəyə cəlb etməklə regionda marağı olan ölkələrlə, ilk növbədə isə

Rusiya ilə münasibətlərinə zərbə vurmaq istəyir.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycan beynəlxalq hüquqla tanınmış suveren ərazisində antiterror əməliyyatları apara bilər.

Lakin politoloq hesab edir ki, İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış vəziyyəti, böyük güclərin bundan narahat və narazı olduğunu, Ermənistanın seçkilər ərəfəsində olduğunu nəzərə aldıqda, hər bir tərəf baş verən təxribatlardan öz məqsədləri üçün istifadə etmək istəyir. Ona görə də Azərbaycan özünün milli və təhlükəsizlik maraqlarına uyğun addımlar atmalıdır: “Azərbaycan indiki halda öz müttəfiqləri və tərəfdaşları ilə, ilk növbədə isə qardaş Türkiyə ilə məsləhətləşmələr aparmalıdır. Hazırda dünyada və Ermənistanda elə qüvvələr var ki, Azərbaycanı bir tərəfdən Rusiya ilə, digər tərəfdən beynəlxalq birliklə və sanksilayalarla üzbəüz qoymaq istəyir. Bu baxımdan, Azərbaycan ehtiyatlı mövqe tutmalıdır. Azərbaycan təxribatlara getməməlidir. Biz nəzərə almalıyıq ki, Azərbaycan ordusunun Zəngəzura daxil olması ölkəmizin KTMT və Rusiya ilə qarşıdurmaya getməsi deməkdir.

Eyni zamanda, BMT Təhlükəslik Şurasının üzvü olan və Ermənistana himayədarlıq edən ölkələr bundan istifadə edib Azərbaycana sanksiya tətbiq edə bilər. Ona görə də Azərbaycan lik növbədə Rusiya sülhməramlılarının məsluliyyət zonasına aid olan və erməni silahlı birləşmələrinin fəaliyyət göstərdiyi ərazilərə nəzarəti bərpa etməlidir. İkincisi, dövlət sərhədlərinin toxunulmazlığı təmin olunmalıdır. Bunlar baş vermədən Azərbaycan milli maraqlarımıza zidd olan hərbi avantüralara gedə bilməz”.

Qeyd edək ki, Ermənistanın Müdafiə naziri Vaqarşak Harutunyan mayın 27-də təcili Moskvaya səfər edib. Rəsmi İrəvan öz muttəfiqlərini Azərbaycanın guya Ermənistana hərbi müdaxilə etdiyinə inandırmağa çalışır.

Müdafiə nazirinin məqsədi də Rusiyadan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından hərbi yardım istəməkdən ibarətdir. Sülhəddin Əkbərin sözlərinə görə, Azərbaycan İkinci Qarabağ müharibəsində olduğu kimi təmkinli davranış nümayiş etdirərsə, Rusiya və KTMT Ermənistanın çağırışlarına reaksiya verməyəcək: “Azərbaycan İkinci Qarabağ savaşında yürütdüyü hərbi, siyasi-diplomatik xətti davam etdirməlidir. O, düzgün xətt idi”.

Ekspert bildirib ki, Azərbaycan bu qarşıdurma prosesində üstünlüyü ələ almaq üçün Türkiyə ilə hərbi müttəfiqlik qurmalıdır: “Hərbi əməliyyatlar başa çatsa da, bu, strateji müharibədir. Siyasi, diplomatik, hərbi, informasiya, iqtisadi, kəşfiyyat müstəvilərində savaş davam edir. Bu savaşlarda da Türkiyə Azərbaycana lazım olan dəstəyi verir. Bu strateji dəstək davam edəcək. Amma Azərbaycan Türkiyə ilə bu strateji münasibətlərini rəsmiləşdirməlidir. İki ölkə arasında hərbi ittifaq sazişi imzalanmalıdır ki, Türkiyə istənilən vaxt prosesində prosesə müdaxilə edə bilsin. Hərbi-strateji müttəfiqlik haqqında saziş imzalanarsa, Azərbaycanla Türkiyə təhlükəsizlik, müdafiə və kəşfiyyat sahələrində birgə hərəkət edəcək. O zaman Azərbaycana qarşı təxribat niyyətinə düşənlər qarşılarında həm də Türkiyəni və ona bağlı olan gücləri görəcəklər”.

Sülhəddin Əkbərin sözlərinə görə, Ermənistanın ajiotaj yaratmaq cəhdinə baxmayaraq, hazırda sərhəddə münaqişə yoxdur. Sadəcə olaraq, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı bəzi mübahisəli məsələlər var: “Əslində, bu gərginliyin iki səbəbi var. Birinci siyasi səbəbdir və Ermənistandakı seçki kampaniyası ilə bağlıdır. Paşinyanın hakimiyyətdə qalmasını istəməyən qüvvələr bu təxribatı törədir. Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyasını və demarkasiyasını istəməyən qüvvələr var. Həmin qüvvələr Ermənistanla yanaşı, ABŞ və Fransa başda olmaqla yanaşı, xaricdə də mövcuddur. Eyni zamanda, Rusiyanın vasitəçilik etməsinə baxmayaraq, Ermənistandakı əlaltı qüvvələri vəziyyətin gərginləşməsində maraqlııdır. Onlar Azərbaycan daxilində də fəaliyyət göstərirlər. Azərbaycandakı “5-ci kalon” hələ tamamilə sıradan çıxmayıb. Paşinyan Ermənistan ordusuna nəzarət edə bilmir. Paşinyana qarşı hərbi qiyam qaldıran generallar, zabitlərin bir çoxu hələ də vəzifəsində qalır. Ermənistan ordusu yenə də Rusiya Baş Hərbi Kəşfiyyat İdarəsinin nəzarətindədir”.

Politoloq əlavə edib ki, Ermənistanda seçkilərə qədər sərhəddə gərginlik və tərəflər arasındakı psixoloji savaş artan xətt üzrə davam edəcək. Azərbaycan isə çox peşəkar davranmalı, başqalarının planlarına alət olmadan öz milli maraqlarına uyğun hərəkət etməlidir:“Ancaq biz Ermənistanda seki günü və onun səhəri hansı hadisələr baş verəcəyini bilmirik. Müxalifət və onların arxasında duran xarici dairələr seçkinin nəticələri ilə barışacaqmı? Onlar dinc mübarizəyə üstünlük verəcək, yoxsa qeyri-dinc üsullara əl atacaq. Bunları proqnozlaşdırmaq çətindir. Azərbaycan bu prosesi yaxından izləməli, Türkiyə ilə başda olmaqla tərəfdaşları ilə məsləhətləşməli və hər bir varianta hazır olmalıdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.