Çörək bəzi yerlərdə bahalaşıb, amma köhnə qiymətlə işləyənlər də var

4-01-2022, 21:01           
Çörək bəzi yerlərdə bahalaşıb, amma köhnə qiymətlə işləyənlər də var
Azərbaycanın iri un və çörək istehsalçıları Assosiasiyası un və un məmulatlarının gözlənilən bahalaşması ilə bağlı müraciət yayıb. Müraciətdə deyilir ki, baş verən qlobal neqativ proseslər, qeyri-müəyyənliklər, istehsala və təchizat zəncirlərinə təzyiqlər, həmçinin COVID-19 pandemiyası səbəbindən dünyada ərzaq məhsulların qiyməti kəskin artıb. Bu proseslər ərzaqlıq buğdanın qiymətinə də təsirsiz ötüşməyib.

“Azərbaycana ərzaqlıq buğdanın idxalının əsasən Rusiyadan həyata keçirildiyi üçün bu ölkənin bazarında baş verən qiymət artımı bu məhsulun ölkəmizə daha yüksək qiymətlərlə tədarükü ilə nəticələnir. Əlavə olaraq, Rusiyada 2021-ci ilin fevral ayından etibarən yüksək ixrac rüsumunun tətbiqi də qiymətlərin artmasına ciddi təsir göstərir. 2021-ci ilin dekabr ayında Rusiyada ərzaqlıq buğdanın 1 tonunun orta aylıq ixrac qiyməti 2019-cu ilin analoji dövrü ilə müqayisədə 58,7%, 2020-ci ilin dekabr ayı ilə müqayisədə isə 33,1% yüksək olub”, - müraciətdə deyilir.



Un və çörək istehsalçıları qeyd edirlər ki, qlobal qiymət artımlarının Azərbaycan bazarına neqativ təsirlərinin azaldılması məqsədilə dövlət tərəfindən il ərzində un idxalçılarına və istehsalçılarına böyük dəstək göstərilib. Belə ki, ölkədə ərzaqlıq buğda ehtiyatlarının lazımı səviyyəyə çatdırılması məqsədilə 2020-ci ildən başlayaraq tədarükçülərə subsidiyalı kreditlər ayrılır. Əlavə olaraq, 2021-ci ilin fevral ayından başlayaraq un istehsalçılarına subsidiyalar ödənilib, ərzaqlıq buğdanın idxalı və satışı, həmçinin unun və çörəyin satışı ƏDV-dən azad olunub. Biz sahibkarlara göstərilən dəstək tədbirlərinin nəticəsidir ki, qlobal qiymət dəyişiklikləri Azərbaycan bazarına ciddi təsir etməyib, 50 kq-lıq bir kisə unun topdan satış qiymətini 26 manat səviyyəsində saxlamağa imkan verib.



Mövcud subsidiya mexanizminin 2021-ci ilin dekabr ayının sonunadək qüvvədə olmasını nəzərə alaraq, hazırda buğda idxalının və un istehsalçılarının fəaliyyətinin davam etdirilməsi, ölkəmizin bu strateji ərzaq məhsulu ilə etibarlı təminatı, eləcə də qıtlığın yaranması təhlükəsinin qarşısının alınması məqsədilə unun qiymətinin ərzaqlıq buğdanın cari qiyməti ilə uyğunlaşdırılması zərurəti yaranıb.

“Hesablamalarımıza görə, uyğunlaşmanın nəticəsi olaraq, 50 kq-lıq bir kisə unun topdan satış qiyməti 36 manatadək arta bilər və bu səbəbdən ənənəvi (dairəvi “zavod” çörəyi) çörəyin qiymətinin də maksimum 10-15 qəpik artması ehtimal olunur.

Vətəndaşlarımızın qida təchizatında önəmli rolumuzu dərk edərək, bildiririk ki, unun qiymətinin ərzaqlıq buğdanın cari qiyməti ilə uyğunlaşdırılacağı halda, çörək və un məmulatlarının qiymətinin 2022-ci ilin taxılın biçin-tədarük dövrünədək qeyd etdiyimiz səviyyədən yuxarı qalxmaması üçün bütün səylərimizi səfərbər edəcəyik. Qida təchizatı zəncirinin bütün iştirakçılarını bizimlə həmrəy olmağa çağırırıq", - müraciətdə deyilir.



Qeyd edək ki, artıq neçə gündür sosial şəbəkə istifadəçiləri ölkənin bu və ya digər yerlərində unun kisəsinin 37-38 manata (markasından asılı olaraq), çörəyin isə 50-70 qəpiyə (çeşidindən asılı olaraq) satıldığı haqda xəbərlər yayırlar. Əməkdaşlarımız da Bakının müxtəlif səmtlərində satış şəbəkələrinə və dükanlara baş çəkib, çörəyin, unun və un məmulatlarının qiymətlərinin artmasının şahidi olub. Hərçənd bəzi istehsalçılar ehtiyat undan istifadə etdikləri üçün hələ köhnə qiymətlərlə işləyirlər. O cümlədən iri ticarət mərkəzlərində zavod istehsalı çörəklərin qiyməti artırılmayıb. Bununla belə, sexlərdə bişirilən "xırt-xırt" adlandırılan çörək 40 qəpikdən 50 qəpiyə, təndir çörəyinin qiyməti isə 50 qəpikdən 60 qəpiyə yüksəlib. Satıcılar bildiriblər ki, zavodlar hələlik köhnə qiymətə aldıqları undan istifadə edirlər. Buna görə də maksimum 2 günə zavod çörəklərinin bahalaşacağı gözlənilir.

Unun kiloqramı isə 20 qəpik artaraq 70 qəpikdən 90 qəpiyədək bahalaşıb. “Araz” marketin satıcılarından biri deyib ki, onlara qiymətlərlə bağlı danışmaq qadağandır. Lakin dünəndən ehtiyat üçün un alınmasının şahidi olmayıb. Satış əvvəlki tempdə davam edir.

Digər mağazada satıcı isə deyib ki, un məmulatlarının qiyməti artıb. Məsələn, simit, bulka, şirin çörək, qoğal kimi çox satılan məmulatların qiymətində də 10-15 qəpik artım var. Iri ticarət mərkəzlərində bişirilib satılan təndir çörəyi isə 20 qəpiyədək bahalaşıb.

Metronun "Həzi Aslanov" stansiyasının yaxınlığındakı “Grandmarket”də də zavod çörəyinin qiyməti dəyişməyib. Lakin marketin yaxınlığındakı məhəllə marketdə alıcılar bildiriblər ki, doğranmış, o cümlədən baton çörəklərinin qiymətində artım müşahidə edirlər. Baxmayaraq ki, satıcılar çörəklərdə bahalaşma olmadığını deyiblər.

"Azəri", “Nömrə 1”, “Çörəkçi” müəssisələri hələlik qiymət artımına getməyib. Doğranmış 500 qramlıq çörəklərin unun növünə görə 75-90 qəpik arasında dəyişir.

Yol kənarlarındakı təndirlərdə isə çörək bu gün səhərdən 10 qəpiyədək bahalaşıb. Suraxanı rayonu Zığ qəsəbəsindəki təndirdə çörək bişirib satanlar deyirlər ki, dünən 1 kisə unu 38 manata alıb. Unun 1 kisəsində 10 manata qədər artım var. Ona görə də çörəyi əvvəlki qiymətə satmaq sərfəli deyil. Bununla belə, müştərilərini itirməmək üçün hələlik qiyməti artıra bilmirlər.

Ü.Xudiyeva

virtualaz.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.