Bakı-İrəvan münasibətləri və Qarabağ: bu il nələr ola bilər? – TƏHLİL

5-01-2022, 11:53           
Bakı-İrəvan münasibətləri və Qarabağ: bu il nələr ola bilər? – TƏHLİL
2022-ci ildə Bakı-İrəvan xəttində, regionda və Qarabağda nələr ola bilər? Ötən ilin prosesləri bu sual ətrafında müəyyən gözləntiləri də önə çıxarır.

Birinci: Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiya və demarkasiya üzrə ikitərəfli komissiyanın yaradılması üzrə razılaşmanın praktiki mərhələyə keçəcəyi ehtimalı böyükdür;

– ABŞ-Rusiya qarşıdurması fonunda Moskva siyasi mübarizənin əsas cəbhələrindən olan Cənubi Qafqazda özünün vasitəçiliyi ilə əldə olunan razılaşmanın praktiki mərhələyə keçidinə tələsir: prosesin tamamlanması zaman ala bilər, lakin ruslar üçün əsas məsələ delimitasiya müqaviləsinin imzalanması, ikitərəfli komissiyanın yaradılması və fəaliyyətə başlamasıdır; bu, sərhəd üzərindən üçüncü tərəflərin bölgəyə müdaxiləsinin qarşısını alacaq;
– Ankara ilə münasibətləri normallaşdırmaq istəyən İrəvan Bakının gündəliyində cari məsələ olan sərhəd razılaşmasının icrasına razı görünür: Paşinyanın ötən ilin son müsahibəsində sərhəd razılaşmasının Ermənistanın əleyhinə olmadığına dair açıqlaması da bu fikri gücləndirir;
– Bakı, Ankara və Moskvanın bölgədə fikir ayrılığının olmadığı yeganə razılaşma sərhədlə bağlıdır;
– Delimitasiya müqaviləsinin növbəti aylarda imzalanması, demarkasiya prosesinin də hava şəraitinin əlverişli olduğu dövrdə – yaz aylarında başlana biləcəyi gözləniləndir;

İkinci: kommunikasiyanın açılması üzrə praktiki addımlar;

Brüsseldə “qarşılıqlı gömrük və sərhəd nəzarəti” məntiqi ilə əldə olunan razılaşma mövcud anlaşmalara – 10 noyabr və 11 yanvar – yenidən baxmağı zəruri edir. Moskva da hazırda kommunikasiya üzrə vahid sənədlər paketinin yenidən işləndiyini açıqladı və bu, kommunikasiyanın açılması prosesinin bir qədər zaman alacağını deməyə əsas verir: mümkündür ki, nəqliyyat infrastrukturunun inşasını həyata keçirmək üçün kommunikasiyanın “dəhliz”, yaxud “yol” məntiqi üzrə açılması ilə bağlı son razılaşma sonraya saxlanılsın;

Sərhəd və kommunikasiya cari ilin ən aktual məsələsi olacaq. Əliyev də 2021-ci ilin yekun çıxışında rəsmi Bakının Soçi və Brüssel razılaşmalarının 2022-ci ildə reallaşmasını gözlədiyinin mesajını verdi.

Üçüncü: 3+3 formatında əməkdaşlıq dərinləşə bilər:

– Türkiyə və Rusiya Qərb-Rusiya qarşıdurması fonunda bölgədə əməkdaşlığın dərinləşməsinə çalışacaq;
– ABŞ-la nüvə danışıqları üzrə dil tapa bilməyən İran bu formatda aktivliyini artıra bilər;
– Bakı 3+3 formatını “problemlərin həlli platforması” kimi Minsk qrupu formatına qarşı istifadə edilməsini aktuallaşdıra bilər;

Dördüncü: Bakı və Ankara Laçın dəhlizinə nəzarət məsələsi istiqamətində işləyəcək;

Beşinci: Azərbaycan Qarabağdakı ermənilərlə bağlı dövlət proqramını bu il açıqlaya bilər;

– Sərhədin müəyyən edilməsi erməni qoşunların Azərbaycan sərhədləri daxilindən çıxarılması (10 noyabr razılaşmasının 4-cü bəndi) zərurətini aktuallaşdırır: Moskva da Soçi razılaşması ilə yanaşı, müharibədən sonrakı danışıqların baza prinsipini təşkil edən 10 noyabr bəyanatının heç bir irəliləyiş olmayan bəndinin icrasına vasitəçiliyinin effektivliyi baxımından razı ola bilər;
– Paşinyanın “Qarabağın statusu” ilə bağlı son açıqlaması, separatçılarla İrəvan arasındakı çatlar da Ermənistanın “oyundan çıxacağı” perspektivini gücləndirir;
– Və bu perspektivlər fonunda Bakı erməni əhali üzərində təbliğatı artıra bilər: birgəyaşayışla bağlı dövlət proqramının açıqlanması bu addımlardan biridir;

Asif Nərimanlı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru