Qarabağa 1 milyon turist necə gedəcək?- “Əvvəlcə köçkünlər qayıdacaq, sonra...”
6-01-2022, 16:17

Dövlət Turizm Agentliyi “Zəfər marşrutları” konsepsiyası çərçivəsində layihələr həyata keçirməyi planlaşdırır.
Bunu Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev bildirib. “Hazırda biz digər dövlət qurumları ilə birlikdə azad edilmiş ərazilərdə turizmin bərpası və inkişaf etdirilməsi, bölgənin yeni tu-rizm destinasiyasına çevrilməsi planları üzərində işləyirik. Qarabağın milli və təhlükəsiz turizm zonası kimi tanıdılmasına nail olmaq üçün uzunmüddətli strategiyanın hazırlanması və mərhələli şəkildə icrası zəruridir:
“Bütövlükdə Qarabağ regionu, xüsusilə də Şuşa, Hadrut, Füzuli, Suqovuşan, Şərqi Zəngəzur bölgələri turizmin müxtəlif növlərinin - eko, sağlamlıq, mədəni, təbiət, dağ və qış turizminin inkişafı üzrə zəngin resurslara, geniş imkanlara malikdir. Bu mənada Ağdamı qeyd etməyə xüsusi ehtiyac var. Urbisidə məruz qalmış bu şəhərin tamamilə yenidən qurulması, işgüzar turizm mərkəzinə çevrilməsi planı var. Alban məbədləri, Qarabağ xanlığının irsi, İpək yolu kimi mədəni turizm məhsulları buranın zəngin mədəni turizm potensialından xəbər verir. Məhz bu qeyd olunan resurslara əsasən müvafiq turizm məhsullarının və “Zəfər marşrutları” konsepsiyası çərçivəsində layihələrin hazırlanması nəzərdə tutulur. İşğaldan azad edilmiş ərazilərə 2025-ci ilə qədər 1 milyona yaxın yerli və xarici turistin səfər edəcəyi planlaşdırılır”, - deyə o, qeyd edib.
Hazırda Qarabağda ərazinin təhlükəsizliyi və bərpa işləri gedir. İşğal və müharibə nəticəsində dağıdılmış, məhv olmuş tarixi yerlərin abadlaşdırılması, öz yurd-yuvalarından köçkün düşmüş insanların qayıtması üçün işlər görülür.
Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Qarabağın turizm sektorunun inkişaf etdirilməsi üçün görüləcək işlərdən danışarkən bildirib ki, Qarabağ bölgəsinin çox zəngin turizm potensialı var. Ona görə indidən turizm marşrutları işlənib hazırlanmalıdır ki, artıq həyat bu bölgəyə qayıdandan sonra vaxt itirmədən turizm sektoru da inkişaf etsin.
Qarabağda deyiləcək müddətə 1 milyona yaxın turisti qəbul edəcək infrastruktur yaradılması mümkün olacaqmı?
Cebhe.info-ya açıqlamasında Dövlət Turizm Agetliyinin sədrinin müşaviri Kənan Quluzadə bildirib ki, göstərilən rəqəmlərə çatmaq mümkündür:
“Qarabağda turizmin inkişafı ilkin 3 şərtdən asılıdır. İlk növbədə təhlükəsizliyin təmin edilməsi dayanır. Əsas məsələ minaların təmizlənməsi işidir ki, Azərbaycan bunu aparır. İkinci məsələ infrastrukturun qurulmasıdır ki, yüksək templə işlər görülür. Artıq hava limanı tikilib, yollar salınır, şəhərlərin tikintisi, bərpası ilə bağlı və s. aktiv işlər aparılır. Üçüncü məsələ isə əhalinin geriyə dönüşüdür. Bu ilk 3 şərtdən sonra orada turizmin inkişafı daha çox mümkündür. Hazırda Dövlət Turizm Agentliyi olaraq, müxtəlif məhsulların yaradılması, marşurutların qurulması, kadr potensialının hazırlanması üzərində işlər aparırıq. O cümlədən, Qarabağın işğaldan azad edilmiş ərazilərin, həm də Şərqi Zəngəzur və s. turizm potensialını həm daxildə, həm xaricdə təbliğatının aparılması ilə məşğuluq”.
Müşavir bildirib ki, hazırda çox xarici bazarlarda bu təbliğat aparılır:
“Biz gözləyir və ümid edirik ki, göstərdiyimiz rəqəmlər mümkün olacaq. Artıq xarici qonaqlar da, diaspor nümayəndələrimiz də, Azərbaycan vətəndaşları da işğaldan azad olunmuş ərazilərə turistik olmasa da, xüsusi səfərlər edirlər. Düşünürük ki, şərtlər təmin ediləndən sonra sərbəst səfərlər də təşkil etmək, göstərdiyimiz rəqəmə çatmaq mümkün olacaq. Bu il turist səfərləri ilə bağlı ümidlərimiz çoxdur”.