Bakıdakı şam ağacları kütləvi şəkildə məhv olur - Cənab Muxtar Babayevin NƏZƏRİNƏ!

7-01-2022, 11:28           
Bakıdakı şam ağacları kütləvi şəkildə məhv olur -
Paytaxtda şam ağacları kütləvi şəkildə qurumağa başlayıb. Bakının Mərdəkan və Şüvəlan qəsəbələrində bu hal daha çox müşahidə olunur. DİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı Bakupost.az -a AMEA-nın Dendrologiya İnstitutunun Bitki Ekologiya laboratoriyasının müdiri, professor Hüseynağa Əsədov bildirib ki, Şüvəlanda olan şam ağaclarının 70%-i, Mərdəkanda isə 154 şam ağacı quruyub:

“Bunun bir neçə səbəbi var. Birinci səbəb küçələrdə, yolun kənarlarında əkilən ağaclara, bitkilərə suyun verilməməsidir. Buna misal olaraq Şüvəlan parkında yol boyu əkilmiş şam ağaclarının hamısına su vermək unudulub. Əvvəllər şəhərdə bitkiləri suvarma mədəniyyəti vardı, amma bu indi yaddan çıxıb. İkinci səbəb paytaxtda nəqliyyat vasitələrinin artması ilə zəhərli qazların atmosferdə çoxalmasıdır. Üçüncü səbəb isə zəhərli qazlardan kükürd qazı, azot oksidləri yüksək qatılıqda olduğuna görə şam ağaclarının iynələrində quruma gedir. Çünki onlar enliyarpaqlılardan daha çox tənəffüs edir, yəni daha çox zəhərli maddə qəbul edir. Bu üç amil həlledici faktordur”.

Professor qeyd edib ki, digər səbəb isə bitkilər arasında xəstəliklərin çoxalmasıdır:
“Şamlarda traxeyalarda qatran yollar tutulan zaman parazitlər orada yurd salmağa başlayır və ağaclar başlayır qurumağa. Qatran yollar tutulduğu üçün parazitlərin əlindən ağacın gövdəsi nəfəs ala bilmir və bilavasitə quruyurlar. Ona görə də əkin mədəniyyəti də formalaşmalıdır. Şam ağacları bir yerdə, digərləri isə başqa bir yerdə əkilməlidir. Bütün bunlar edilərkən ekoloqdan məsləhət alınmalıdır. Həmçinin onu da qeyd edim ki, şam ağacları şəhər üçün deyil, şəhərdən kənarda dəstə ilə əkilməlidir. Amma görürük ki, Mərdəkanda yol boyu şam ağacları ilə bərabər zeytun ağacları əkiblər. Bu ağaclar fərqlidir və bir-birinə əks təsir göstərirlər. Ağacların quruması, xəstəliklərə düçar olması, əlbəttə ki, təbiətdə oksigenin miqdarını azaldır. Əslində oksigenin miqdarı 21 olmalıdır, amma indi 17.2 kimi göstərilir. Mərdəkanda yollar boyu 154 iri şam ağacları, eyni zamanda Şüvəlan parkında da şam ağaclarının 70%-i quruyub. Hansılar ki, tam qurumayıb onlarda təmir-bərpa işləri gedir. Həmçinin sanitar təmizlənmə aparılmalıdır. Həmişəyaşıl bitkilərin aşağı tərəfini kəsməzlər. Çoxları aşağı ətrafını kəsir, yuxarı ətrafda qalan yarpaqların da gücü çatmır ki, boy atsın. Bu problemlərdən şam ağaclarını, ümumilikdə isə bitkiləri qurumaq üçün onları suvarmaq, ara-sıra dibini şumlamaq lazımdır. Çünki ağacların kök sistemi nəfəs almalıdır. Amma bizdə isə buna imkan vermirlər. Abşeronun bir tərəfi qumsal, digər tərəfi qayalıqdır. Heç olmasa orada olan bitkilərə ara-sıra mineral gübrələr, azot, fosfor, kalium verilməlidir. Lakin bunlar verilmir və heç kimin yadına belə düşmür. Həmin yerdə olan ağacların gücü çatmır boy atmağa və başlayır qurumağa. Bütün bitkilər əkilmə qaydası var, yəni hansı bitki hansı şəraitdə əkilməlidir. Torpaq iqlim şəraitindən asılı olaraq bitkiləri seçmək lazımdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.