Milonov Qarabağda "rus icması" planının aparıcı fiqurudur - NƏ ETMƏLİ?

8-01-2022, 10:35           
Milonov Qarabağda "rus icması" planının aparıcı fiqurudur - NƏ ETMƏLİ?
Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov Azərbaycan ərazilərinə növbəti dəfə qanunsuz səfər edib. Hakim “Vahid Rusiya” partiyasının üzvü Yeni il günlərində Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edərək, orada bir sıra görüşlər keçirib. Onun bu addımı Azərbaycan rəhbərliyinin kəskin etirazına səbəb olub. Prezident İlham Əliyev “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedevə məktub göndərərək, onun rəhbərlik etdiyi partiya üzvünün Azərbaycan ərazilərinə qeyri-qanuni səfər etməsinə qəti etirazını bildirib. Qeyd edək ki, Milonov bundan əvvəl də Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı dəfələrlə hörmətsizlik nümayiş etdirib.

TEREF.AZ-ın məlumatına görə, siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə açıqlamasında vurğulayıb ki, bu etiraz rəsmi Bakının Moskvaya ərazi bütövlüyü və suverenliyi məsələsində güzəşt olmayacağını ən yüksək səviyyədə çatdırmasıdır. Analitik vurğulayıb ki, Milonov Qarabağda “rus icması” planının aparıcı fiqurudur və bu planın indi aktivləşdirilməsi səbəbsiz deyil:

“Azərbaycan-Ermənistan sərhədinin müəyyən edilməsi ilə İrəvanın oyundankənar vəziyyətə düşəcəyi məlumdur. Bu, Qarabağdakı separatçı-terrorçuların bizim daxili məsələmiz olduğu faktını daha da gücləndirəcək. Paşinyanın “Qarabağın statusu” ilə bağlı son açıqlaması da İrəvanın separatçı-terrorçuları rusların qucağına itələdiyini deməyə əsas verir. Ermənistanın oyundan çıxması Qarabağda güc balansını Azərbaycanın xeyrinə dəyişəcək. Bu, rus sülhməramlılarının bölgədə nəzərdə tutulan vaxtdan daha çox qalması perspektivini də zəiflədir”.

Ekspert bildirib ki, Rusiya Ermənistanın oyundan çıxması prosesinin getdiyi vaxtda “rus icması” kartını da işə salır:

“Bu, Moskvanın bölgədə mövcudluğunu davam etdirmək “arqumentini” gücləndirmək və əlavə rıçaqlar qazanmaq planıdır. Rəsmi Bakı bu plana qarşı ən yüksək səviyyədə mövqe ortaya qoydu. Dövlət başçısı İlham Əliyev bununla Rusiyaya açıq mesaj verdi ki, “rus icması” planından xəbərdarıq, ərazi bütövlüyü və suverenliyimiz məsələsində güzəşt olmayacaq. Rəsmi Bakının ən yüksək səviyyədə etirazı Qazaxıstan hadisələri fonunda da xüsusi diqqət çəkir”.

Politoloq Məhəmməd Əsədullazadə də “Şərq”ə bəyan edib ki, Prezident İlham Əliyevin Medvedevə göndərdiyi etiraz məktubu Kremlə ciddi mesajdır:

“Rusiya etnik ermənilərin yaşadığı kiçik bir ərazidə qondarma "rus icmasi" yaradıb. Burada Rusiyanın elm və mədəniyyət xadimlərinin abidələrini ucaldıb. Baş verənlər təbii ki, rəsmi Bakını narahat etməyə bilməzdi. Rusiya dumasının bir neçə üzvü Xankəndi yolunu "su yolu" ediblər. Burada "rus icması" təsis etməklə Azərbaycanın suverenliyinə bir təhdid yaradırlar. Prezidentin etiraz məktubunu Moskvaya xəbərdarlıq kimi qiymətləndirmək olar. Rusiya Qarabağda sülhməramlı qüvvələrinin məsuliyyət zonasında "ruslaşdırma" siyasəti aparmağa cəhd edir. Bunun qarşısının alınması üçün prezidentin məktubu Kremlin Qarabağda "hoqqalarına" son verilməsi üçün Bakının hərəkətə keçəcəyinin mesajıdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.