BAKIDA MƏSCİDİN YENİDƏN QURULMASI VƏ TEHRANIN REAKSİYASI… - Din yalnız mənəviyyat məsələsi deyil…
13-01-2022, 08:00

Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yenidən qurulan “Xanım Fatimeyi Zəhra” məscidi dindarların istifadəsinə verildi və ölkə başçısı İlham Əliyev ilə Birinci vitse-prezident Mehriban Əliyeva məscidi ziyarət etdilər. İrandan bu məsələyə münasibət gecikmədi və Ayətullah Məkarim Şirazi Azərbaycan xalqını təbrik etdi və ölkə rəhbərliyinə təşəkkürünü bildirdi.
"Bu münasibətlə Azərbaycan şiələrini və xüsusən də o bölgənin din alimlərini təbrik edir, məscidin yenidən qurulmasında, başa çatdırılmasında və açılışında əməyi olan Azərbaycanın hörmətli rəhbərliyinə təşəkkür etməyi lazım bilirik”, - deyə din xadiminin ünvanladığı təşəkkür mesajında bildirilir.
Məlumdur ki, dini müstəvi yalnız mənəviyyat məsələsi deyil, həm də siyasi maraqların ifadə olunduğu arealdır. Əlbəttə, müsbət addımlara pozitiv münasibət bəslənməlidir. Azərbaycan rəhbərliyinin bu addımına da dini müstəvidən siyasi maraqlara yönələn addım kimi yanaşıla bilər.
Bildiyimiz kimi, İran Rusiya ilə hərbi əməkdaşlıq haqda 20 illik saziş imazalamaq niyyətində olduğunu hələ 2021-ci ilin oktyabrında bəyan etmişdi. Rəsmi Tehran bununla nüvə silahına malik olmasına qarşı gözlənilən təhdidlərin qarşısını almaq və təhlükəsizliyini təmin etmək niyyətindədir. Amma İran-Rusiya işbirlyinin bizə nələrə başa gəldiyini, gələcəkdə nələr vəd edə biləcəyi sirr deyil. Üstəlik, İran-Ermənistan əlaqəsinin də bizim üçün nələrə səbəb olduğunu da bilirik. İranın Türkiyə-Azərbaycan tandemindən narahatçılıq keçirdiyi məlumdur. Türkiyənin Şuşa şəhərində konsulluq niyyətinin qarşısında, İran Azərbaycanın tarixi torpağı olan Ermənistanın Qafan şəhərində konsulluq açacağını açıqladı.
Dövlət başçısının "məscid jesti" isə İrana onun maraqlarının zərbə altına qalmayacağı mesajı verməklə, rəsmi Tehranı neytrallaşdırmaq məqsədi daşıyır. Çünki qarşıda Zəngəzur dəhlizinin açılması, tamamlanması, işə düşməsi məsələsi var. Bu addım həm Tehranın İrəvanı bizə qarşı "qurdalamaması", həm də İran-Çin, İran-Rusiya əməkdaşlığının əleyhimizə yönəlməməsi üçün atıldı və yaxşı gedişdir.