"Sülh sazişi olmayana qədər hər an ..."- Səxavət Məmməd yazır
13-01-2022, 08:08

Biraz Qazaxıstandan, biraz da NATO-Rusiya qarşıdurmasından kənarlaşıb, özümüzə, daha dəqiq Qarabağa baxmaq lazımdır. Xalqımızın ən çox bildiyi və ən çox sevdiyi geosiyasət həmişə var.
Teref.az xəbər verir ki, bunu araşdlrmaçı hərbi jurnalist Səxavət Məmməd yazır. Daha sonra qeyd edir ki:
Kəlbəcər istiqamətində atəşkəs pozulmuşdu. Bəzi insanlar elə düşünür ki, məsələ bitib, dayanıb. Qətiyyən elə deyil. Sülh sazişi olmayana qədər hər an atəşkəsin pozulmasına hazır olmaq lazımdır. Cəmiyyətdən daha çox da ərazidəki bölmələr bunu gözləməlidir. Qazaxıstanda baş verənlərə görə KTMT-nin ora müdaxiləsindən sonra, erməni tərəfi daha iştahlancaq. Ermənistanın istinad edəcəyi bir analogiya var. Prosesin uzanmasını onsuzda arzulayırlar, gərginliyi artıraraq KTMT-ni sərhədə dəvət edə bilərlər. Rusiyanın bu yöndə arzusu da var idi. Burda əsas iş Müdafiə nazirliyinin üzərinə düşür. Əsgərlərin təhlükəsizliyi, minimum itki üçün mümkün olacaq hər cür şəraiti qurmalıdır.
Dünyada baş verən proseslərə baxanda, açıq şəkildə qütbləşməni, tərəf seçmənin olduğunu görürük. Aşağıda yazacağıma görə ola bilsin, kimsə deyəcək ki, bəs həmişə yazırdın, ən qısa zamanda sülh sazişi bağlansın, indi nə oldu? Açığı sərhəddəki gərginlik bir növ Azərbaycanın tərəf seçməsini ləngidir. Onsuzda NATO yolu tuta bilmərik, bizi diri-diri yeyərlər. Həmin gərginliyə görə heç KTMT yönünü də tuta bilmərik, çünki Ermənistanla belə desək - davalıyıq. Qoşulmama hərəkatının özün də bir avantajdır.
ABŞ Rusiyanın təkliflərinə rədd cavabı verəndən sonra, Rusiya daha da aqressiv olacaq. Qaşınmayan yerdən də qan çıxara bilər. Azərbaycanın tək sığortası Türkiyə ilə əməkdaşlığıdır. Həm də Rusiya ilə Türkiyənin də çox ciddi layihələri var. Burda ən kritik məqam seçim qarşısında qalsa Türkiyənin Azərbaycanı nə qədər qırmızı xətti hesab edib, etməməsidir. Türkiyə bölgədə aktivliyini artırmalıdır. Açığı son vaxtlar çox passiv görünür.
Rusiya ölkədə aktivliyini artırıb. Bütün ölkənin Rusiyanın adamı kimi tanıdığı şəxslərin yenidən vəzifəyə gətiriləcəyi ilə bağlı ortaya iddialar atıblar. Gerçəklik payı nə qədərdir görəcəyik.
Teref.az