"Torpaq sahəsi fantastik qiymətə olduğu üçün heç kim bina tikmək istəmir" - PROBLEM

17-01-2022, 11:24           
"Torpaq sahəsi fantastik qiymətə olduğu üçün heç kim bina tikmək istəmir" - PROBLEM
“Bağ evləri, həyət evləri və torpaq sahələrinin satışı mart ayının sonlarından başlayıb avqust ayının sonlarına qədər davam edir. Sentyabr ayından mart ayına qədər isə bu sahədə bazar çökür. Çünki soyuq aylarda tikinti işləri aparmaq olmur. Həm də bağ evlərini isti aylarda - yaz-yay aylarında alıb köçürlər. Bu aylarda tələbat çox olduğuna görə qiymət də artır. Ancaq soyuq aylarda bağ evləri və torpaq sahələrinin qiymətlərində enmələr müşahidə edilir”. Teref.az xəbər verir ki, bu barədə bizimyolinfo-ya əmlak məsələləri üzər ekspert Elnur Fərzəliyev danışıb. O, qeyd edib ki, bina evlərində mənzillərin qiyməti isə artmaqda davam edəcək. Bunun müxtəlif səbəbləri var. Birincisi, Bakıda yeni binaların inşa edilməsi üçün müvafiq torpaq sahələrinin olmamasıdır. Qalan torpaq sahələrinin qiyməti isə çox bahadır. Fantastik qiymətə olduğu üçün bu torpaq sahələrini heç kim alıb bina inşa etmək istəmir.

E. Fərzəiyev vurğulayıb ki, mənzillərin qiymətlərinin düşməsi və qiymətdə artımın dayanması üçün hələ ki, elə bir əsas yoxdur. “Satış saytlarına nəzər salanda da, qiymətlərin artdığını görürük. Ucuzlaşma ancaq böyük obyektlərin qiymətində özünü göstərir. Belə ki, qiyməti milyonlarla ölçülən şadlıq saraylarının qiymətində ucuzlaşma müşahidə edilir. Şadlıq sarayları böhrandan öncə çox baha idi. Qapanma dövründə toyların keçirilməsinə icazə verilmədi, indi isə, 150 nəfərlə toylara icazə verilir. Buna görə də şadlıq sarayları işlətmək indi sərf etmir. Əvvəllər şadlıq sarayı kimi istifadə edilən binalar indi profillərini dəyişib xəstəxana və s. kimi fəaliyyət göstərirlər”,- deyə ekspert əlavə edib.

Kirayə bazarına gəldikdə isə burada qiymətlər stabil olaraq qalır. Kirayə bazarında aktivlik avqustun axırlarında sentyabrın əvvəllərinə qədər müşahidə edilir. Bu dövrdə tələbələrin Bakıya gəlməsi ilə bazar aktivləşir. “Hal-hazırda kirayə bazarında ciddi hərəkət yoxdur. Köhnə binalarda qiymətlər stabildir. Yeni binalarda isə qiymətlər bahadır. Böhrana qədər bu evlərdə əcnəbi işçilər, tələbələr qalırdı. Sonra bu evlər boşaldı və hazırda yeni binalarda kirayə mənzillərin çoxu boşdur. Bahalı evlərin çoxu profilini dəyişib və ofis kimi fəaliyyət göstərir. Çünki mənzil sahibləri evlərini ucuz kirayə vermək istəmirlər. Amma ofis kimi kirayə verəndə daha çox vəsait əldə etmək mümkün olur”,- deyə E. Fərzəliyev bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.