Prezidenti tanımadığını bəyan etdiyinə görə Naxçıvanda xidməti maşınla mükafatlandırılan polis mayoru kimdir?

17-01-2022, 19:41           
Prezidenti tanımadığını bəyan etdiyinə görə Naxçıvanda xidməti maşınla mükafatlandırılan polis mayoru kimdir?
Naxçıvan MR DİN-də baş verən özbaşınalıqları işıqlandırdıqca, təbii olaraq bəzi qurum və şəxslərin təzyiq və təhdidlərinə məruz qalırıq. Əslində bütün bunlara normal yanaşır və danışmağa sözü olmayanların hay-küyü kimi qiymətləndiririk.

Fəqət bizə ünvanlanan bir təhdid mahiyyət etibarilə digərlərindən fərqlənirdi. Asəm Kazımov adlı bir şəxsin Baş redaktorumuz Heydər Oğuzun facebook paylaşımı altında yazdığı rəydə təkcə təhdid mesajları yox idi, həm də faktiki olaraq bizim bu günədək irəli sürdüyümüz iddiaları da təsdiqləyirdi. Bundan əlavə, Asəm Kazımov adlı bu şəxs açıq şəkildə bildirirdi ki, Naxçıvanda Azərbaycan siyasi iradəsinin hökmü keçmir, Muxtar Respublika Şimali Koreya sayağı qaydalarla idarə olunur. Asəm Kazımovun bu fikirlərinə ölkəmizin suverenliyinə və dövlət rəmzlərinə qarşı həqarət elementləri gördüyümüzdən onun kimliyini müəyyənləşdirmişdik. Araşdırmamız nəticəsində məlum olmuşdur ki, Asəm Kazımov Naxçıvan MR DİN-nin xüsusi səlahiyyətli şöbəsinin yüksək vəzifəli əməkdaşıdır. Ölkə rəhbərliyinin iradəsini heçə sayan bu şəxsin özbaşınalığını dövlətimizə qarşı təhdid kimi dəyərləndirdiyimizdən aldığımız mesajı ictimailəşdirərək ölkə başçısına açıq məktub göndərmişdik.


Naxçıvan "Gestapo"su bizi təhdid etməklə qalmamış, təşkil etdiyi troll dəstəsinin şikayətləri ilə Heydər Oğuzun facebook səhifəsini 2 gün bağlatmağa da nail olmuşdu.

Gözləyirdik ki, Muxtar Respublika rəhbərliyi ən azı bu faktın ictimailəşməsindən sonra öz fəaliyyətinə çəki-düzən verəcək, təkcə ölkəmizin deyil, həm də Naxçıvandakı rejimin adına ləkə gətirən həmin şəxsi cəzalandıracaq. Di gəl ki, daha sonra aldığımız məlumatlar bizi əməlli-başlı heyrətləndirdi. Məlumata görə, Asəm Kazımov nəinki cəzalandırılmamış, əksinə xidmət maşınla mükafatlandırılmışdı. Doğrusu, Şimali Koreya tipli rejimlərdə bizim kimi sadə vətəndaşların, jurnalistlərin, ictimai xadimlərin qarışqa qədər dəyəri olmadığından bəlkə bu mükafatlandırmanı normal qəbul edə bilərdik. Dərd burasındadır ki, həmin mesajda yalnız bizə yox, həm də ölkə başçısı Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın da bostanına daş atılmışdı. Odur ki, Asəm Kazımovun bu cəsarətinin, Muxtar Respublika rəhbərliyinin isə ona misli görünməmiş məhəbbətinin hardan qaynaqlandığını araşdırmağa qərar verdik.


Ovqat.com-un mənbələrinin topladığı məlumatları olduğu kimi diqqətinizə çatdırırıq. Qeyd edək ki, əldə etdiyimiz məlumatlar Asəm Kazımovun hədələrini və trolluğunu işıqlandırdıqdan sonra Ovqat.com saytının redaksiyasına Naxçıvan DİN-də çalışan əməkdaşlar tərəfindən göndərilib. Axın-axın gələn bu məktublara diqqət yetirəndə aydın olur ki, sən demə Asəm Kazımov təkcə trolluq etmirmiş, o həm də polis əməkdaşlarına qan uddururmuş.

Məktubların birinrə bildirir ki, Asəm Kazımov 10 ildən artıqdır Naxçıvan DİN-in xüsusi əhəmiyyətli şöbəsində çalışır. Çalışdığı illər ərzində çox insanın çörəyinə bais olub. Ümumiyyətlə, kiminsə çörəyinə bais olmaq yaxşı hal deyil. Amma baiskarlıq var, baiskarlıq var. Adəm Kazımovun baiskarlığı bütün cəhətləri ilə digər həmcinslərindən fərqlənir. Necə? Gəlin, bu sualın cavabını bizə ünvanlanan şikayət məktublarından birinin sətir aralarında axtaraq.

Şəkil şərtidir və Asəm Kazımova xidməti üçün hədiyyə edilən xidməti maşının dövlət qeydiyyat nişanını əks etdirir

İlk öncə, Asəm Kazımovun xidməti keçmişinə nəzərə salaq.

Məlumata görə, onun bu strukturda fəaliyyəti Fazil Əhmədovun dövründən başlayır. Bildirilir ki, Əhməd Əhmədov Naxçıvan Daxili İşlər naziri vəzifəyə təyin olunduqdan qısa müddət sonra öz qardaşı Fazil Əhmədovu adının çəkilməsi dövləti cinayət sayılan həmin xüsusi səlahiyyətli şöbəyə rəis təyin edir. Asəm Kazımov həmin dövrdə bu şöbədə işə götürülür. Fazil Əhmədovun heç də normal olmayan bir sıra xüsusiyyətləri bu gün belə Naxçıvan əhlinin yaddaşından silinməyib. Bəs Asəm Kazımovu Fazil Əhmədova nə bağlayan nə idi ki, müəyyən müddətdən sonra onun ən yaxın adamına çevrildi? Hətta o qədər yaxın idi ki, Asəm Kazımov onun “xüsusi qasidi” ünvanı qazanmışdı (Məktublarda konkret ittihamlar irəli sürülsə də, biz bəzi mənəvi dəyərləri nəzərə alıb eyhamlarla kifayətlənirik).

Fazil Əhmədov vaxtsız ölümündən (eyni səbəblərdən niyə öldüyünü açıqlamırıq – Ovqat.com) sonra onun yerinə Məmməd Hüseynov təyin olunur. Məmməd Hüseynov ilk əvvəl Asəm Kazımova nifrət etsə də sonradan onun fəaliyyətini yüksək qiymətləndirməyə başlayır. Sual oluna bilər: Asəm Kazımov nifrəti sevgiyə necə çevirir? Əlbəttə ki, ilk növbədə pul ilə. Bəs Asəm Kazımov pulu hardan alırdı? Cavab: polis əməkdaşlarından və vətəndaşlardan.

Asəm Kazımovun polis əməkdaşlarını necə “tasa” otuzdurmasını barədə informasiya qaynağımızın məlumatı:

“Birnci fakt, Naxçıvanda sutkalık xidmətə çıxan polis əməkdaşlarına xidmətdən sonra qanunən 2 sutka istirahət verilməli olduğu halda, onun 1 sutkası kəsilir. Həmçinin sutkalıq xidmətdə olan polis əməkdaşına qanunən verilməli olan 3-4 saatlıq istirahət vaxtı da kəsilir”.

Haşiyə

İddialara inansaq, bu hal hazırda da davam edir. Görünür, Muxtar Respublika rəhbərliyi hələ də Asəm Kazımovun əsas qazanc mənbəyini qurutmaq niyyətində deyil.


“1 gün xidmətdə olan polis əməkdaşı, təbii ki, günün sonlarına doğru yorulur. Çünki bu, insan orqaznizmidir. Asəm Kazımov isə səhər üzü, sübh çağı saat 4-5 radələrində gedib xidmətdə olan polis əməkdaşlrını güdürdü. Vay həmin polis əməkdaşının halına ki, ayaq üstə durduğu yerdə mürgüləyərdi. Həmin an Asəm Kazımov polis əməkdaşının foto-şəkilini və videosunu çəkib qaçırdı Məmməd Hüseynovun yanına. Səhər açılanda isə Asəm Kazımov zəng edib, həmin polis əməkdaşını xüsusi səlahiyyətli şöbəyə çağırırdı. Və orada polis əməkdaşına deyilirdi: Ya 3000 manat pul verəcəksən, ya da bu görüntüləri Əhməd Əhmədova göndərib səni xidmətdən xaric edəcəyik. Tələb olunan pulu verənlər, Mollanın sözü olmasın, tütəyi çalırdı. Pulu verə bilməyən isə xidmətdən xaric olunurdu. Əlavə olaraq, xidməti formada mağazaya girmək, əlində klok (torba) gəzdirmək, küçədə su içmək, smartfon telefon işlətmək, kafeyə-restorana getmək və s. kimi hərəkətlərə icazə verilmirdi. Bu qadağalara riayət etməyən polis əməkdaşları ya Asəm Kazımova 3000-5000 aralığında rüşvət verməli, tələb olunan rüşvəti verməsə xidmətdən uzaqlaşdırlmalı idi. Bir sözlə, Asəm Kazımov yaxşı qazansın deyə, Naxçıvanda polislər üçün “Gestapo” rejimi yaradılıb və indi də eyni qaydalar qüvvədədir.

Asəm Kazımovun əsas “silah”larından biri də əxlaqsız qadınlardır. O, həmin qadınları öyrədib polis əməkdaşları ilə tanış olmaları üçün şərait yaradır, daha sonra asayiş keşikçilərini şantaj edərək pul alırdı.

Naxçıvan "Gestapo"su iş başında


Əhməd Əhmədovdan vəzifəsindən azad olunub, yerinə Fazil Ələkbərov təyin olunandan sonra bu kimi hallara son qoyuldu. Fazil Ələkbərovun ən nifrət etdiyi məsələlərdən biri də, polis əməkdaşının cibinə girilməsi idi. Fazil Ələkbərov 2017-ci ilin noyabr ayında Mustafa Mustafayevi xüsusi səlahiyyətli şöbəyə rəis təyin etdi. Bundan sonra həmin şöbə polis əməkdaşlarından pul yığımını dayandırdı. Asəm Kazımov bu dəfə vətəndaşların qanını sormağa başladı.

Hətta vəziyyət o həddə çatmışdı ki, Asəm Kazımov öyrətdiyi bir qadının üzə dirənməsi nəticəsində Naxçıvan MR Ali Məclisinin deputatlarından birini (adı və Muxtar Respublikada tutduğu yüksək vəzifəsi konkret göstərilsə də, biz kiminsə barəsində əsaslı və ya əsassız şübhələr yaratmamaq üçün ictimailəşdirməyi uyğun görmədik) güya “əxlaqsız” hərəkətlər etdiyinə görə saxlamışdı. Düşünün, Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsində və Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında qanunun 12-ci maddəsində deputatın toxunulmazlığı bəyan olunur. Asəm Kazımov isə hətta hər iki Konstitusiyanın bu maddələrini belə heçə saymış, deputat mandatı daşıyan şəxsin özəl həyatına müdaxilə etmişdi.

Hazırda Naxçıvan DİN-in bəhsi keçən xüsusi səlahiyyətli şöbəsinə Tofiq Qarayev adlı biri rəis təyin edilib. Asəm Kazımov Tofiq Qarayevi inandırıb ki, yenidən polislərdən pul yığmaq lazımdır. Naxçıvan Daxili işlər naziri əvəzi Rəşad İsmayılovun və Tofiq Qarayevin göstərişi ilə, Asəm Kazımov və digər əməkdaşlar hər gün axşamlar Naxçıvandakı kafe və restoranların qarşısında post qurub polis əməkdaşlarını güdürlər. Polislər üçün qurulan “tor” isə çox geniş sahəni əhatə edir. Məsələn, hər hansı bir polis əməkdaşı iş vaxtından sonra, ailəsi, dostu-tanışı ilə və ya özü tək restorana gedib yemək yeyə bilməz. Və yaxud, Rəşad İsmayılovun məntiqsiz göstərişi ilə polis əməkdaşlarının vətəndaşlarla ünsiyyəti qadağan edilib. Fərz edək ki, bir vətəndaş, yaxınlaşıb polis əməkdaşından adi bir ünvan soruşsa, bu zaman onların fotoşəkili çəkilir və Rəşad İsmayılova göndərilir. Ondan sonra R.İsmayılov həmin polisi çağırıb ona qarşı kobudluq edir”.

Rəşad İsmayılovun polisə yad kadr olduğunu vurğulayan mənbəmiz bildirir: “Ulu Öndərimiz Heydər Əliyev deyirdi ki, Polis Azərbaycan xalqına xidmət edir. Rəşad müəllimin bu qaydaları isə onsuz da bataqlıqda çabalayan Naxçıvan DİN-i daha da dərinə batırır. Bu da Asəm kimilərin işinə yarayır”.


Adının açıqlanması qanunən qadağan olunan xüsusi səlahiyyətli şöbəyə rəhbərlik edən Tofiq Qarayevin hazırda da polis əməkdaşlırına qan uddurduğunu bildirən mənbəmiz iddiasına inansaq, Şərur rayonunda “uçoskovu” işlədiyi vaxt və indi də nə işlə məşğul olduğu ilə bağlı kifayət qədər faktlar var. Sadəcə həmin faktları açıqlayaraq kiminsə şəxsi həyatına müdaxilə etmək istəmədiyimiz üçün susmağa üstünlük veririk.

Məktubda o da vurğulanlır ki, Cəlil Rüstəmov və Rəşad İsmayılov Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovu aldatmaqla məşğuldur: “Cənab Vasif Talıbova Tofiq Qarayev “ən mükəmməl işçi” kimi təqdim olunub. Amma cənab Vasif Talıbov bilmir ki, Tofiq Qarayev mütəmadi olaraq “qara əməllərlə”, Asəm Kazımov isə camaatın torbasını tikməklə məşğuldur”.

Redaksiyadan: Bacardığımız qədər şəxsi həyata aid olan məsələləri gizli tutmağa çalışdıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.