Azyaşlıların dinə yönləndirilməsi və ya dərsdə "imam" mövzusu - Məqsəd nədir...

17-01-2022, 20:00           
Azyaşlıların dinə yönləndirilməsi və ya dərsdə "imam" mövzusu -
Bir müddət əvvəl sosial şəbəkələrdə 8-9 yaşlı bir uşağın sinif otağında çəkilmiş dini mahnı klipi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Uşaqların az yaşlarında dinə yönləndirilməsi, düşüncələrinə xarici təsirlərin olması, onların manipulyasiya edilməsi və s. gündəmə gəlmişdi. Dünən də fərqli bir video çıxdı qarşıma. Bir müəllimə sinif otağında imamların adı yerinə şəhidlərin adını deyirdi. Və uşaqlar da onun dediklərini təkrar edirdi.
Gələcəyə sağlam düşüncəli, özü hərəkətlərinə, davranışlarına cavabdeh ola bilən gənclər yetişdirə bilmək üçün uşaqları azad fikirli böyütməliyik. Yəni uşaq hər şeyi bilib görməli, ancaq seçimlərinə özü qərar verməlidir. Bu istər dini, istərsə də qeyri məsələlərdə eyni olmalıdır. Uşağa doğru və yanlışlarınız diktə edilməməli, uşaq sizin doğrularınızla yaşamamalıdır. Uşaqlar sizin doğru və yalnışlarınıza baxaraq özləri üçün doğru olanı seçməlidir. Amma sizin etdikləriniz uşağın beynini yumaqdır, sözün əsl mənasında. Uşaq istər dini, istər hərbi və istərsə də digər mövzuları zamanla görüb, araşdırıb, öyrənib, sonra özünə uyğun olanını seçəcək. Uşağın fərqli dini baxışı ola bilər. Uşaq hərbi məsələlərə fərqli yanaşa bilər.

Bu məsələnin bir tərəfi. Digər tərəfi isə bu sinif müəlliməsinin davranışları ilə bağlıdır. Bilirsiniz ki, 2020-ci il İkinci Qarabağ müharibəsində 3000-dən çox şəhid vermişik və onlardan sadəcə olaraq bir neçəsini seçib imam adlandırmaq, digər şəhidlərimizə qarşı hörmətsizlik və ayrıseçkilikdir.

Ümumiyyətlə son zamanlar müəllimlər və təhsil verən şəxs hesab etdiklərimiz nəyi necə edəcəklərini də unudublar. Sosial şəbəkələr onların da psixikasına zərər verib.

Məsələn, İsmayıllıda bağçada işləyən tərbiyəçinin uşağı döyməkdən çəkinməyərək özünü və bağçanı tanıtmaq məqsədilə video çəkib paylaşması və yaxud da digər müəllimənin şəhidlər haqqında hazırladığı videonu çəkib paylaşması da sadəcə, özünü reklam etməklə bağlıdır. Yəni hər iki müəllimi nümayiş etdirdikləri vəziyyət deyil, özlərinin reklam olunması maraqlandırır. Əks halda, hər iki müəllim işini müəyyən çərçivədə görərdi. Onların psixikasından da qlobal böhranın təsirləri yan keçməyib. Görünür, canlı insanla necə davranacaqlarını unudublar.

Hər nə olursa olsun, psixikanızda olan problemləri uşaqlara yansıtmamalısınız. Əgər işinizdə, həyatınızda xoşbəxt deyilsinizsə, yol axtarrırsınızsa, bunu uşaqların üzərindən etməyin. Bu davranış onların da psixikasına mənfi təsir edir və travma yaradır. Və gələcək üçün xəstə ruhlu insanların yetişməsinə səbəb olur. Digər tərəfdən buna haqqınız da yoxdur, sizin işiniz təhsil verməkdir, xarakterlər, xüsusiyyətlər, davranış qaydaları, həyata baxış uşaqda sizə və digərlərinə baxaraq formalaşmalıdır, diktə ilə deyil.

Uşağa dini diktə edib müsəlman, xristian və ya hansısa başqa inancın nümayəndəsi etmək də düzgün deyil, uşağa hərbi diktə edib düşüncələrini alt-üst etmək də. Uşaq yetkinləşdikcə mənsub olduğu dinə də münasibətini özü formalaşdıracaq. Ümumiyyətlə, siz axı niyə öz işinizlə məşğul olmursunuz?..
İlahin, Bizimyol.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.