Görəsən, onları saxlayanda “necəsən” soruşurlar..?

18-01-2022, 08:28           
Görəsən, onları saxlayanda “necəsən” soruşurlar..?
İctimai yerlərdə aşkarlanan koronavirus xəstələrini qınamaq olmur

"İctimai yerdə koronavirus xəstəsi aşkarlanıb". Az qala hər gün belə xəbərə rast gəlirik. İndi aşkarlananlar bu qədərdirsə, gözdən yayınanları təsəvvür etmək istəmirəm. Onlar aramızda dolaşırlar, xəbərimiz yoxdur.

İnsanları anlamaq olur. Çətindir. Bəzən bir evin çörəkgətirəni, ailənin iş-gücünü həll edəni yoluxur. Bəzən də köməksiz, özündən başqa kimsəsi olmayan adam.

Həmin adamları tənqid etmək istəyərdim, amma olmur. Çünki Sabir demiş:

“Neyləməli, göz görür, əqlim kəsir,

Mən Günəşi göydə dana bilmirəm!”

İnsanlar TƏBİB, Səhiyyə Nazirliyindən nəinki dərman, heç bircə dəfə "Necəsiniz?" sualını da almırlar. Dərman paketi adı altında göndərilən vitaminlər koronavirusa yoluxana qədər immuniteti gücləndirməyə kömək edə bilər, yoluxduqdan sonra onlar yetərli olmur. Yoluxmuş insana konkret həkim müayinəsi və resept yazılmalı, onun əsasında müalicə təyin edilməlidir.

Məgər aidiyyəti qurumlar bunu bilmir? Yoxsa orada fəaliyyət gösətərən həkimlərlə xəstənin pulunu alıb müalicəsini yazan həkimlərin tibbi baxışları ayrıdır?

Bir nəfər vətəndaş şikayəti var idi. Bildirirdi ki, test nəticəsi pozitiv çıxdıqdan sonra ona göndərilməli olan dərman paketinin içərisində antiviral dərman yoxdur. Qeydiyyatda olduğu poliklinika ilə əlaqə saxladıq. Dedilər ki, COVID-19 xəstələri üçün nəzərdə tutulmuş dərman paketləri iki cürdür: biri nisbətən yüngül keçirən, digəri isə xəstəliyi ağır keçirənlər üçün nəzərdə tutulub.

Antiviral dərman da həkim müayinəsindən sonra xəstəliyi ağır keçirdiyinə dair diaqnoz qoyulan xəstələrə təyin edilir. Yəni xəstəxana və Səhiyyə Nazirliyi də əlbir olub dedilər ki, həmin adam xəstəliyi yüngül keçirdiyinə görə ona antiviral dərman olmayan digər paket verilməlidir.

Daha elə bir adam tapılmaz ki, hansısa tanışı, qohumu koronavirusa yoluxmamış olsun. Buna görə də hər kəsin koronavirus müalicəsində nə qədər pul xərcləndiyindən xəbəri var. Təkcə həkim müayinəsi ən yaxşı halda, tanışlıqla 100-150 manatadır.

Haşiyə: Həmin həkimləri bu qiymətə görə qınamaq da olmur. Nəticədə həyatlarını təhlükəyə atırlar.

Dərmanların qiyməti isə tələbatdan asılı olaraq dəyişir. Tələbat artdıqca qiymət də artır. Bir insanın müalicəsi üçün ortalama 350-400 manat pul lazım olur. Nəzərə alsaq ki, bir nəfər yoluxursa, ailədəki digər üzvləri də yoluxdurur, deməli, bu xərc 2, 3, bəzən 4-5 dəfə də artmış olur.

Allah heç kəsə əzizinin xəstəliklə əlləşən vəziyyətini göstərməsin! Bu halda olan insandan canını istəsən, onu da verər. Bir az buna, bir az da “Bura Azərbaycandır, filan şeyi istəməyinin onsuz da mənası yoxdur” fikrinə görə əlində pulu olan-olmayan da naçar vəziyyətdə qiymət davası edə bilmir. Narazılıqlar böyüyüb bir az çoxalanda mətbuat yazmağa başlayır, onda da işbazlar deyirlər ki, heç belə şey yoxdur.

O yoxdur, bu yoxdur, amma cərimələmək, təbii ki, var. Cərimələmək adı gələndə hər variantla tanış olduq, oluruq. 20 metrlik yeraltı keçiddə gizlində dayanıb anidən vətəndaşı cərimələyə bilirlər, amma koronavirus xəstəsinin qapısını döyüb, nəyəsə ehtiyacı olub-olmadığını soruşa bilmirlər. Buna görə də insanlarda polisə, “maska tax” tələbinə qarşı aqressiya var.

Və əvvəldə qeyd etdiyim kimi, ictimai yerlərdə aşkarlanan koronavirus xəstələrini qınaya bilmirəm, bilmirik. Bu, o demək deyil ki, onlara haqq qazandırıram. Sadəcə mövcud vəziyyəti nəzərə alanda çoxunu çox şeyə görə nəinki tənqid etmək, heç qınamaq da olmur.

Müəllif: Aləmdə Nəsib












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.