Əvvəl sülhməramlıların tənqidi, sonra Kiyev səfəri…

18-01-2022, 08:35           
Əvvəl sülhməramlıların tənqidi, sonra Kiyev səfəri…
İlham Əliyev Rusiya-Qərb münasibətlərinin kəskinləşdiyi günlərdə niyə Ukraynaya getdi?

Prezident İlham Əliyevin Ukraynaya son işgüzar səfəri imzalanan sənədlərdən daha çox seçilən zamana görə diqqət mərkəzində oldu. Hazırda Rusiya ilə müharibə vəziyyətində olan bu ölkə Qərbin ciddi dəstəyinə malikdir. ABŞ, Avropa İttifaqı, NATO ilə Rusiya arasında danışıqlar nəticəsiz başa çatdı. Bu danışıqlar Moskvanın Qərbdən tələb etdiyi təhlükəsizlik qarantiyalarına həsr olunmuşdu və postsovet məkanında yeni münasibətlər sisteminin razılaşdırılmasını əks etdirirdi. Rusiyanın tələbinə görə, Orta Asiya və Cənubi Qafqaz ölkələri, habelə Ukrayna və Moldova NATO-ya inteqrasiya edə bilməz, Şərqi Avropadan hərbi blokun hücum və müdafiə silahları çıxarılmalıdır və s.

Qərb Kremlin bütün tələblərini rədd etdi və Ukrayna, Gürcüstanın NATO-ya daxil olmasına “yaşıl işıq” yandırdı. Rusiyaya açıq şəkildə bildirildi ki, suveren ölkələr üzrə heç bir tələb qəbul edilməyəcək və əgər Ukraynaya hücum edilərsə, Putin hakimiyyəti bunun bədəlini çox ağır ödəyəcək…

İlham Əliyev Ukraynaya Qərb-Rusiya münasibətlərinin hədsiz gərgin olduğu dövrdə getdi. Bu səfər prezident V.Zelenskinin dəvəti əsasında gerçəkləşdirilib və şübhəsiz, əvvəldən planlaşdırılıb. Hər zaman ehtiyatlı xarici siyasət yürüdən, xüsusən Rusiyanın regiondakı maraqlarını nəzərə alan Azərbaycan hakimiyyəti bu dəfə bir qədər riskli addım ataraq, səfərin daha uyğun zamana təxirə salınmasını istəmədi. İ.Əliyev Kiyevə yola düşməzdən bir gün əvvəl isə yerli telekanallara müsahibəsində Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyətini tənqid etmişdi və bu iki amili bir araya gətirəndə rəsmi Bakının müəyyən ardıcıllıqla hərəkət etdiyi aydın olur.

Buna qədər isə bir qədər fərqli mənzərə hakim idi. Ukrayna Azərbaycanın ərazi bütövlüyünə açıq şəkildə dəstək ifadə etsə də rəsmi Bakı Krım probleminə görə ehtiyatlı mövqe tuturdu. Beynəlxalq təşkilatların, aparıcı Qərb ölkələrinin təşəbbüsünə qoşulmurdu, BMT çərçivəsində keçirilən tədbirlərdə, səsvermədə ya iştirak etmir, ya da bitərəf qalırdı. Avqust ayında Kiyevdə təşkil edilən “Krım platforması”na qatılmamaqla Azərbaycan Moskvanın mövqeyini nəzərə aldığını nümayiş etdirmişdi.

Azərbaycan Ukrayna ilə yaxşı iqtisadi, siyasi əlaqələrə malikdir. Hər iki ölkə Rusiyadan qaynaqlanan münaqişədən əziyyət çəkir. Müəyyən zaman kəsiyində ehtiyatlı yanaşma sərgilənsə də bir-birinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir. 14 yanvarda prezidentlərin birgə bəyanatında bu məqam xüsusi ilə vurğulanması diqqət çəkib. “Ölkələrimiz hər zaman bir-birinin müstəqilliyini, ərazi bütövlüyünü, suverenliyini dəstəkləyib və bu dəstək bu gün imzaladığımız Birgə Bəyannamədə də öz əksini tapır”,-İ.Əliyev Kiyevdə bildirib.

Vladimir Zelenskinin bəyanatında isə qeyd olunur ki, suverenlik və ərazi bütövlüyü məsələlərində bir-birlərinə həm dəstək verəcək, həm də beynəlxalq səviyyədə müəyyən edilmiş sərhədlərin qorunması üçün çalışacaqlar. “O cümlədən biz təhlükəsizlik məsələləri – Xəzər və Qara dəniz hövzələrində təhlükəsizlik məsələləri ilə məşğul olacağıq, terrorçuluğa qarşı birgə mübarizə aparacağıq”,-Zelenski vurğulayıb.

Ukrayna və Azərbaycan GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) çərçivəsində əməkdaşlıq edir və Qərbin postsovet məkanında tərəfdaş kimi gücləndirməyə çalışdığı bu təşkilatın əsas lokomotivləridir. Prezidentin işgüzar səfəri zamanı bu təşkilat daxilində xüsusən iqtisadi əlaqələrin gücləndirilməsi qərara alınıb. Yeri gəlmişkən, Ukrayna MDB-də Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır. 2016-cı ildə ölkələr arasında idxal və ixrac 331 milyon, 2019-cu ildə isə bu göstərici 807 milyon, 2020-ci ildə isə 771 milyon 500 min dollar olub. Beləliklə, rəqəmlərdən görünür ki, son 4 ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 2.3 dəfə artıb.

Prezident vurğulayıb ki, iki ölkənin ticarət dövriyyəsi pandemiyaya baxmayaraq, keçən il 20 faizdən çox artıb: “Mən ümid edirəm ki, yaxın gələcəkdə 1 milyard dollar səviyyəsinə çatacaq, bəlkə də ondan çox”.

Ukrayna prezidenti deyib ki, bu ilin birinci yarısında hökumətlərarası birgə iqtisadi komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı razılığa gəlinib. O, niyyətini də dilə gətirib:

“Aviasiya sahəsində istərdik əməkdaşlığımız genişlənsin. Bir sıra təşəbbüsləri irəli sürmüşük. Tutaq ki, nəqliyyat dəhlizlərinin GUAM çərçivəsində daha da genişləndirilməsində iştirak etməliyik. Burada Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna var, bildiyiniz kimi, bu əlaqələr genişlənməlidir. Kənd təsərrüfatı sahəsinə gəldikdə, biz əməkdaşlıq üzrə razılığa gəlmişik. Daha sonra titanın istehsalı sahəsində müzakirələr aparmışıq…”

Maraqlıdır, Azərbaycan Ukrayna uğurunda Rusiya-Qərb mübarizəsinin şiddətləndiyi dövrdə əvvəlki çəkingən mövqeyini niyə korrektə etdi? Kremlin aqressiv xarici siyasəti Bakıda bir o qədər təhlükəli hesab edilmir?

Ehtimal etmək olar ki, Azərbaycan rəhbəri ilk növbədə Rusiyanın Qarabağdakı fəaliyyətinə görə Moskvadan narazılığını ifadə edir. Təsadüfi deyil ki, İ.Əliyev Kiyevə getməzdən bir gün əvvəl sülhməramlıları açıq şəkildə tənqid edir, onları Xankəndidə zorla məskunlaşma aparmaqda, əcnəbiləri rəsmi Bakının icazəsi olmadan məsuliyyət zonasına buraxmaqda qınayır.

İkincisi, məlumdur ki, 44 günlük müharibədən sonra Azərbaycan xarici siyasətini Türkiyə ilə daha çox koordinasiya etməyə başlayıb. Son aylarda Ankara Kiyevlə münasibətlərini genişləndirir, təhlükəsizlik və iqtisadi sahələrdə yeni razılaşmalar əldə edib. Xüsusən, Moskvanın açıq etirazlarına baxmayaraq, Ukraynada “Bayraktar” pilotsuz döyüş aparatlarının istehsalına başlanması diqqət çəkir. Qeyd edək ki, fevralın 6-da Kiyevdə Zelenskinin təklifi ilə Türkiyə və Azərbaycanla diplomatik münasibətlərin 30 illiyi münasibəti ilə üç ölkə liderlərinin sammitinin keçirilməsi gözlənilir.

Üçüncüsü, Qərb-Rusiya münasibətlərinin kəskinləşdiyi dövrdə Azərbaycan rəhbərliyi Moskva ilə bir cəbhədə görünmək istəmir. İlham Əliyev Ukraynaya səfər etməklə Rusiya ilə məsafəni bir qədər genişləndirir və bu da gələcəkdə Kremlə qarşı sərt təzyiqlərin mümkün təsirlərindən uzaq durmaq niyyəti daşıya bilər. Əgər Ukraynaya qarşı müharibə gözləntiləri reallaşarsa, kollektiv Qərbin Rusiya və onun təsir dairəsində olduğu ölkələrə sərt sanksiyalar tətbiq edəcəyi şübhə doğurmur.

Əlbəttə, başqa səbəblər və versiyalar da səsləndirmək mümkündür. Bu siyasətin davam etdirilməsi həm Rusiyadan qaynaqlanan mümkün təhlükələrə daxildə cəmiyyətin müqavimət potensialının gücləndirilməsi, həm də Qərblə münasibətlərin yaxşılaşdırılması baxımından faydalıdır və milli maraqlara uyğundur.

E.Eldaroğlu












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.