Hökumət inflyasiyanı necə dayandıracaq? - Deputat və iqtisadçı problemə fərqli yanaşır
19-01-2022, 17:31

Hansı antiinflyasiya tədbirlərinin tətbiqi mümkündür?
Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkədə ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Qeyd olunub ki, orta illik inflyasiya 6,7%, o cümlədən ərzaq inflyasiyası 8,1%, qeyri-ərzaq inflyasiyası 5,1% təşkil edib. İnflyasiyanın illik səviyyəsi 12% olub. İnflyasiyanın formalaşmasında ərzaq məhsullarının payı yüksək olub. Ümumi inflyasiyanın təqribən 60%-i ərzaq inflyasiyasının payına düşür. Diqqətə çatdırılıb ki, çevik və kompleks anti-inflyasiya proqramı qısamüddətli dövrdə inflyasiyanın amillərini nəzarətdə saxlamağa imkan verə bilər. Aidiyyəti dövlət qurumlarına qısa müddət ərzində “Antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” Tədbirlər Planı barədə təkliflərini Hökumətə təqdim etmələri tapşırılıb.
Bu gün illik inflyasiyanın yüksək olduğu deyilirsə, ötən dövrdə inflyasiyanı yaradan səbəbləri aradan qaldırmaq mümkün deyildi? Eləcə də hazırda antiinflyasiya tədbirlərində hansı təkliflər öz əksini tapa bilər? DİA.AZ-ın məlumatına görə, millət vəkili Azər Badamov Cebhe.info-ya bildirib ki, illik inflyasiya 12 faiz olub və bu, insanların sosial vəziyyətinə təsirsiz ötüşmür:
“Nazirlər Kabineti bu inflyasiyanın daha da şişməməsi, böyüməməsi və süni qiymət artımının baş verməməsi üçün müşavirə çağırdı, müvafiq dövlət orqanlarına öz tapşırıqlarını verdi. Qeyd edildi ki, antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında tədbirlər planı hazırlayıb hökumətə təqdim edilsin. Yəni bu, müvafiq qurumların qarşısında konkret tədbirlər görülməsi üçün müəyyən planın hazırlanmasını özündə ehtiva edir. Bu, həm bazarlarda monitorinqlərin aparılması, süni qiymt artımı baş verərsə, onun qarşısının alınması istiqamətində tədbirlərin görülməsi, əhalinin sosial müdafiəsini gücləndirəcək davamlı addımların atılması üçün tədbirlərin hazırlanması istiqamətində işlər ola bilər. Eləcə də hansı məhsulların idxalında daha çox qiymət artımı baş verirsə, onları müəyyənləşdirib idxalının gömrükdə də tənzimlənməsi mümkündür. Görüləcək işlər, hazırlanacaq tədbirlər planı tərtib olunduqdan sonra ictimaiyyətə açıqlanacaq”.
Millət vəkilinin sözlərinə görə, bütün ölkələrdə inflyasiya baş verir:
“Elə bir ölkə yoxdur ki, daha sabit iqtisadiyyat olsun, qlobal bazarların təsirləri olmasın. Hətta Avropanın inkişaf etmiş ölkələrində də bu qiymət artımları çox sürətlə davam edir. Qonşu ölkələrin valyutalarına baxanda görürük ki, milli valyutaları sürətlə qiymətdən düşür. Azərbaycan öz manatının sabitliyini qoruyub saxlayır ki, bu da inflyasiyanın qarşısının alınmasına xidmət edən amildir. Biz hansısa bir ölkənin iqtisadiyyatının sabitləşdirilməsi modelin götürməməliyik, özümüz yeni bir model ortaya qoymalıyıq. Baş verən proseslərin vətəndaşların sosial rifahının yaxşılaşmasına təsirlərini minimuma endirəcək addımlar atmalıyıq”.
İqtisadçı-ekspert Fuad İbrahimov isə bildirbi ki, ötən il yalnız Azərbaycanda deyil, dünya iqtisadiyyatında “inflyasiya ili” kimi yadda qalacaq:
“Çünki dünya ölkələri inflyasiyadan əziyyət çəkdi. Bunun da səbəbi pandemiya idi. Pandemiya ilə mübarizədə hökumətlər tərəfindən təsdiq edilən manitar siyasət nəticəsində belə bir problem yaranmışdı. O cümlədən Azərbaycanda da belə bir problem var və bunun qarşısını almaq çətin bir proses idi. Çünki pandemiya ilə mübarizə qaydalarının özü bəlli deyildi. Eyni zamanda, gələcəkdə bunun qarşısının alınması ilə bağlı hansı tədbirlərin görülməsi və hansı antiinflyasiya proqramının olmasına gəldikdə isə bunun ən geniş yayılan və rahat üsulu iqtisadiyyatda sağlam rəqabətin yayılması, inhisarçılığın tamamilə sıfıra endirilməsidir. Eləcə də sağlam şəkildə iqtisadiyyatın inkişafına təkan verə biləcək amillərdən istifadə etməkdir. Belə olduğu təqdirdə qiymətlər tədricən səngiyərək normal dəhlizə daxil olacaq”.
Digər ölkələrdə tətbiq edilən antiinflyasiya tədbirlərinin ölkəmizdə tətbiqinə gəldikdə isə ekspert deyib ki, bu mümükündür, ancaq bir çox dəyərlər uyğun gəlməlidir:
“Məsələn, biz Danimarka modelini tətbiq edə bilmərik. Çünki bizim yaşam tərzimiz, təfəkkürümüz, mentalitetimiz seçilir. Spesifik alətləri istifadə etmək üçün gərək özümüzü də o qanuna uyğunlaşdıraq. Məsələn, vətəndaş gəlib adi növbədə dayana bilmirsə, onun üçün hər zaman tıxac olacaq. Bu nöqteyi-nəzərdən biz özümüzə uyğun alətlərdən istifadə etməliyik. Ümumilikdə isə sağlam rəqabət mühiti inflyasiyanı kökündən vuran alətdir”.