Türkiyənin İrəvan böhranında "əli" - Sarkisyanın qəfil gedişi ilə bağlı ŞOK məlumatlar

26-01-2022, 09:45           
Türkiyənin İrəvan böhranında "əli" - Sarkisyanın qəfil gedişi ilə bağlı ŞOK məlumatlar
Ermənistan prezidenti Armen Sarkisyanın istefası haqda ən müxtəlif fərziyyələr irəli sürüənlər bir məsələdə ortaq qənaətə gəlirlər. Bu da ondan ibarətdir ki, Sarkisyanın istefası ilə Ermənistanda 2020-ci ilin payızından başlayan, bu ölkənin müharibədə sarsıdıcı məğlubiyyətindən sonra dərinləşən siyasi böhran yeni mərhələyə daxil olur.

Ermənistanın Londondakı səfiri olmuş Armen Sarkisyan siyasi dairələrdə “Qərbə yaxın fiqur” hesab edilirdi və onunla baş nazir Nikol Paşinyan arasında ziddiyyətlərin mövcud olduğu çoxdan bəlli idi. Təsadüfi deyil ki, kapitulyasiyadan sonra baş nazirin istefa verməli olduğu barədə bəyanatlara prezident də dəstək vermişdi. Nikol Paşinyan deyib ki, Sarkisyanın istefasından 3 saat yarım əvvəl xəbər tutub. Bu fakt onların münasibətinin durumundan xəbər verir. Bu arada məlum olub ki, prokurorluq Armen Sarkisyanın Ermənistan prezidenti seçilməzdən əvvəl xarici vətəndaşlığı ilə bağlı mətbuatın dərc etdiyi materialları Milli Təhlükəsizlik Xidmətinə verib. Baş prokurorun müşaviri Qor Abramyan deyib ki, hələ 2021-ci ilin aprelində Sarkisyanın ikili vətəndaşlığı ilə bağlı şübhələr nəzərə alınaraq sənədlərin saxtalaşdırılması maddəsi ilə cinayət işi başlanmışdı. N.Paşinyan Qarabağ klanının liderləri olan Robert Köçəryan, Serj Sarkisyanı, həmçinin keçmiş müdafiə nazirləri Seyran Ohanyan, David Tonoyan və digərlərini məhkəmələrdə süründürür. Deməli, qara günlər Armeni də gözləyir...

Armen Sarkisyanın istefa bəyanatından onun prezident kimi heç bir real səlahiyyətlərə malik olmadığı halda dövlətin taleyinə görə məsuliyyət yükünü daşımasından narazı qaldığı görünür. Amma istefanın əsl səbəbi həm də Paşinyanın qərarlarına təsir edə bilməməsidir. Bu qərarlar sırasında isə önə çıxan İrəvan-Ankara münasibətləridir. Erməni ekspertləri də hesab edir ki, Armen Sarkisyan “Türkiyə ilə təhlükəli ittifaqın iştirakçısı olmaq istəmədiyi üçün” istefa verib. Sirr deyil ki, Sarkisyan hələ səfir işlədiyi müddətdə də xaricdəki erməni lobbisi ilə sıx əlaqələri olub. Prezident olduqdan sonra isə lobbi ilə əlaqələr prezident kimi onun azsaylı səlahiyyətlərinə daxil idi. Erməni lobbisi isə Paşinyanın bir çox qərarları ilə razılaşmır ki, onların sırasında Ankara ilə artan təmaslardır. Erməni lobbisinin az qala 100 illik antitürk və anti-Türkiyə təbliğatı bu təmaslarla ciddi zərbə alır. Sarkisyan isə istefasında dolayısı ilə etiraf edib ki, bunların qarşısını almaqda gücsüzdür. Sarkisyanın qərarı göstərir ki, onunla baş nazir arasında ziddiyyətlər münaqişəyə çevrilib. İstisna deyil ki, Sarkisyan üçün sonuncu damla İrəvanın Ankara ilə barışıq prosesinə başlaması olub. Belə vəziyyətdə Sarkisyan hesab edib ki, daha ölkənin indiki rəhbərliyi ilə onun yolları bir ola bilməz. Görünən odur ki, Ermənistanda hökm sürən siyasi böhran dərinləşərək yeni mərhələyə daxil olur. Və taktiki baxımdan Paşinyan Sərkisyanın istefasından uda və mövqelərini möhkəmləndirə, prezident postuna öz adamını yerləşdirə (parlamentdəki qüvvələr nisbəti buna imkan verir-red.) bilər. Amma uzunmüddətli perspektivdə bu istefa Paşinyana nə dərəcədə faydalı olacaq, bunu gözləmək lazımdır.

İrəvan “səmimiyyətlə” Ankara ilə münasibətləri normallaşdırmaq, diplomatik əlaqələr qurmaq və sərhədləri açmaq istəyir". TASS xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransında deyib. Ermənistan hökumətinin başçısı bəyan edib ki, əvvəllər bu mümkün olmayıb və İrəvan həmin təcrübədən istifadə etməlidir. “Bu il diplomatik münasibətlərin qurulması mümkündürmü? Bilmirəm, hər şey bizdən asılı deyil. Amma hesab edirəm ki, biz belə bir nəticə əldə etsək, kifayət qədər məntiqli olardı: həm diplomatik münasibətlərin qurulması, həm də sərhədlərin açılması”. Onun sözlərinə görə, Ermənistan Ankara ilə danışıqların dinamikasını saxlamaqla Türkiyə tərəfinin Antalyada keçiriləcək diplomatik forumda iştirak etmək dəvətini qəbul edə bilər. “Artıq bizim Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması üzrə xüsusi nümayəndələrin görüşü olub. Və bu dinamika davam edərsə, o zaman Ermənistanın Antalyada keçiriləcək diplomatik forumda iştirak etmə ehtimalı yüksəkdir. Söhbəti davam etdirmək fürsətini əldən versək, məntiqsiz olardı. Qeyd edək ki, beynəlxalq ictimaiyyət münasibətlərin həlli prosesini dəstəkləyir, o cümlədən Rusiya, Aİ, ABŞ və region dövlətləri”, - Paşinyan bildirib. Bir sıra müşahidəçilər bu kimi yanaşmaları əsas götürərək hesab edirlər ki, Paşinyan Azərbaycan və Türkiyə ilə əlaqələr qurmasına maneçilik törədən sonuncu fiquru da ortadan götürmüş oldu. Amma Nikolun bir sıra destruktiv yanaşmaları, elə bir gün əvvəl Araik Arutyunyanla İrəvanda görüşü onun “ipinin üstünə odun yığmağı” mümkünsüz edir".

Teref.az yazır ki, deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a mövzumuzla bağlı maraqlı fikirlər söylədi: “Hesab edirəm ki, Sarkisyanın istefası Paşinyanın mövqeyini daha da gücləndirəcək, onun qarşısına qoyduğu məqsədlərə çatmaq üçün yeni imkanlar yaradacaq. Paşinyanın son bəyanatları bu baxımdan xüsusi əhəmiyyət daşıyır. O, Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması üçün bir sıra addımları atmaqda israrlıdır. Fikrimcə, Paşinyan yaranmış imkanlardan maksimum istifadə edərək, hər iki ölkə ilə münasibətləri nizama salmaq üçün real addımlar atacaq”.

Ancaq N.Paşinyanın bir sıra reveransları da diqqətdən yayınmır. Azərbaycanla sülhə hazır, Türkiyə ilə münasibətləri bərpa etməyə maraqlı olduğunu deyən N.Paşinyan ardınca yenə də köhnə “hava”ları səsləndirir, “Dağlıq Qarabağ”dan danışır, həmsədrlərdən bəhs edir. Bu da sülhü pozmağa yönəlik cəhdlərdir. C.Məmmədov isə hesab edir ki, o, mərhələli şəkildə xalqı bu prosesə hazırlayır: “Paşinyan yaxşı anlayır ki, Ermənistanın hazırda münasibətləri normallaşdırması üçün ilk dəfə belə real şansa yaranıb və bu şansdan maksimum istifadə etməlidir. Hesab edirəm Ermənistanın hazırkı siyasətçiləri arasında nisbətən praqmatik olanı Paşinyandır”. Deputat Ermənistanın baş nazirinin Qarabağ separatçısı Araik Arutyunyanla görüşməsindən də narahat deyil: “Bunu siyasi manevr hesab edirəm. Revanşist qüvvələrin təzyiqlərindən sığortalanmaq üçün bu addımlar önəmlidir. Bu, həm də elə bir mənaya gəlmir ki, Paşinyan və ya Ermənistan Qarabağdan tamamilə imtina edir. Söhbət hazırkı durumdan Ermənistanı çıxarmaqdan gedir”.

Siyasi şərhçi Elçin Mirzəbəyli də ilginc fikirlər söylədi: “Armen Sarkisyanla bağlı ən maraqlı məqamlardan biri, onun Qazaxıstanda müxtəlif vəzifələrdə çalışmış, o cümlədən nazir, baş nazir, dövlət katibi, Prezident Administrasiyasının rəhbəri olmuş, Qazaxıstanda baş verən olayların episentri Almata şəhərinin hakimi Bakıtjan Saqintayevlə münasibətləridir. Məhz bu münasibətlər sayəsində Qazaxıstanda transmilli ”Inalca Eurasia" şirkətinin törəmə müəssisəsi “Inalca Eurasia Kazakhstan” açılıb, bu ölkəyə ət və ət məhsullarının istehsalı üçün 100 milyon avro investisiya yatırılıb. Qeyd edim ki, Armen Sarkisyan “İnalca Eurasia”nın direktorlar şurasının sədri olanda Bakıtjan Saqintayev Qazaxıstanın baş naziri olub. Görüş də Qazaxıstanda keçirilib. Armen Sarkisyanın biznes imperiyası Qazaxıstanla yanaşı, Avstriya, İtaliya, Böyük Britaniya, Rusiya və digər ölkələri əhatə edir. Şəbəkəyə birbaşa rəhbərliyi sabiq prezidentin oğlu Ayk Sarkisyan həyata keçirir. Armen Sarkisyanla bağlı sadaladığım və vaxt aparacağı üçün sadalamadığım çoxsaylı faktları nəzərə alaraq, Ermənistan prezidentinin istefasının onun biznes maraqları və qismən Qazaxıstanla bağlı olduğunu düşünürəm".

Politoloq İlyas Hüseynov isə hesab edir ki, Ermənistanda prezidentin istefası şok effektini yaşadıb: “Ermənistanda və onun kənarında bu istefanı hələ müxtəlif formada izah edirlər. Nəzərə almaq lazımdır ki, onun təyinatı Serj Sarkisyanın vaxtında həyata keçirilmişdi. Çox məhdud səlahiyyətləri olsa da Sərkisyan erməni lobbisi ilə yaxın əlaqələri daha da yaxınlaşdırmaq üçün məsul idi. Eyni zamanda onun Vatikan, ABŞ və Böyük Britaniyanın rəsmi və işgüzar dairələri ilə yaxşı münasibətləri formalaşmışdı. Xüsusilə ərəb dünyası ilə olan əlaqələri onu prezident postunda daha da məşhurlaşdırdı. 2018-ci ildə hakimiyyətə gələn Nikol Paşinyan da onun bu əlaqələrini bildiyinə görə ilk siyasi islahatlar kampaniyasında Armen Sarkisyana toxunmaq istəməyərək, onunla sövdələşməyə getdi. Generalların qiyamı zamanı yaşanan ziddiyyətlərdən sonra da ona dəyməməsi isə Armen Sarkisyanın xalq arasında yaranan nüfuzu ilə bağlıdır. Danılmaz bir həqiqət vardır ki, Ermənistanın 44 günlük müharibədə məruz qaldığı sarsıdıcı məğlubiyyətdən sonra dərinləşən siyasi böhran yeni fazaya daxil oldu”. İ.Hüseynov xatırlatdı ki, ötən ilin yayında keçirilmiş növbədənkənar parlament seçkiləri də siyasi böhranı aradan qaldırmadı: “Eyni zamanda son dövrlər Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılır. Artıq xüsusi nümayəndələrin ilk görüşü Moskvada baş tutub. Türkiyə ilə münasibətlərin qurulması xaricdə fəaliyyət göstərən erməni lobbisi üçün böyük zərbədir. Bu xüsusda ASALA-nın da təhdid dolu çağırışları ilə Türkiyəyə qarşı nə qədər sualtı daşların olduğunu üzə çıxardı. Armen Sarkisyanın erməni lobbisi arasında güclü siyasi və iqtisadi dayaqları olduğunu nəzərə alaraq Türkiyə ilə münasibətlərin normallaşdırılması sürəcində yer almaması ilə bağlı irəli sürülən iddiaları doğru hesab edirəm. Ən çətini İrəvanın Ankara ilə barışıq prosesinə başlamaq idi. Artıq proseslər geriyədönməz xarakter alıb. İrəvan-Ankara münasibətlərinə qarşı çıxan çoxsaylı qüvvələr həm də düşmənçiliyi təşviq etməklə milyardlarla dollar qazanırlar. Armen Sarkisyanın da yer aldığı bu ittifaqın çıxardığı qərarın nəticəsi kimi prezidentin istefasını hesab edə bilərik”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.